Redaktor
Tesla səhmlərində minlərlə dollar zərərə səbəb olan 4 əsas səhv
2025-ci ildə bir sıra çətinliklərə baxmayaraq, "Tesla" (TSLA) səhmlərinin qiyməti ənənəvi gözləntiləri üstələyərək müsbət dinamika nümayiş etdirib.
"Tesla"nın qarşılaşdığı əsas problemlər sırasına satış və mənfəətlərin azalması, avtonom idarəetmə texnologiyasında yaşanan çətinliklər və baş direktor İlon Maskın daha əvvəl rəhbərlik etdiyi federal büdcə ixtisarı təşəbbüsü olan "Dövlət Effektivliyi Departamenti"ndəki fəaliyyəti ilə bağlı tənqidlər daxildir. Bu maneələrə baxmayaraq, "Tesla" səhmləri geniş bazarda müşahidə olunan ümumi artımla yanaşı, son dövrlərdə ciddi yüksəliş nümayiş etdirib. Lakin bu, səhmlərə düşünmədən sərmayə qoymağın düzgün addım olduğunu göstərmir.
Aşağıda investorların minlərlə dollar itirməsinə səbəb ola biləcək dörd əsas səhv sadalanır:
Volatilliyi nəzərə almamaq
Bütün səhmlər eniş-çıxışlar yaşayır, lakin "Tesla" ilə bu hallar daha kəskin şəkildə baş verir. Kəskin enişlər zamanı səhmdən çıxan investorlar, şirkətin yenidən yüksəlməsi ilə böyük qazanc imkanlarını itiriblər.
"Əgər siz İlona etibar edirsinizsə, bu o deməkdir ki, siz daha öncə böyük uğurlara imza atmış birinə inanırsınız, amma bununla yanaşı qeyri-sabitliyə də razılıq verirsiniz. Bu, bu səhmin təbiətidir", – deyə Florida ştatında fəaliyyət göstərən treyder və "Options Oracle" bülleteninin müəllifi Edvard Korona bildirib.
Rəqabəti kiçimsəmək
"Tesla" dünyanın ən tanınmış elektrikli avtomobil şirkəti ola bilər, lakin artıq ən böyük istehsalçı deyil. Bu titul hazırda Çində yerləşən "BYD" şirkətinə aiddir. Eyni zamanda, "Tesla" "Ford" və "General Motors" kimi ənənəvi avtomobil istehsalçılarından da artan rəqabətlə üz-üzədir. Bir çox investor "Tesla"nın yalnız marka tanınması və ilk hərəkət edən şirkət olması səbəbindən rəqiblərdən üstün olacağını düşünür. Halbuki şirkət bir sıra bazarlarda bazar payını itirir və nəticədə bəzi investorlar maddi itkilərlə üzləşirlər.
"Tesla"nın əsas fəaliyyət sahəsini anlamamaq
Bu, geniş yayılmış bir səhvdir. "Tesla" hər nə qədər elektrikli avtomobilləri ilə tanınsa da, səhmlərinin dəyərinin böyük hissəsi digər fəaliyyət sahələrinə əsaslanır. Edvard Korona bildirib ki, bu, "Tesla"nı avtomobil istehsalçısı, texnologiya şirkəti, yoxsa başqa bir şey kimi görməyinizdən asılıdır. Hazırda şirkətin əsas gəlir mənbəyi elektrikli avtomobil satışlarıdır. 2025-ci ilin ikinci rübündə "Tesla"nın avtomobil satışlarından əldə etdiyi ümumi gəlir 16 milyard dollardan çox olub. Bu, əvvəlki illə müqayisədə cüzi azalmadır. Enerji istehsalı və saxlanması, eləcə də digər xidmətlər kimi sahələr isə birlikdə təxminən 5.8 milyard dollar gəlir gətirib.
Mütəxəssislərin fikrincə, "Tesla" səhmlərinin yüksək qiyməti onun gələcəkdə texnoloji şirkət kimi potensialına əsaslanır, mövcud avtomobil biznesinə yox. Səhv isə bu potensialın həddindən artıq qiymətləndirilməsi ilə yaranır. Əgər şirkət texnoloji gözləntiləri doğrultmasa, səhmlərin dəyəri kəskin azala və bu da böyük maliyyə itkisinə səbəb ola bilər.
İnvestor münasibətini düzgün qiymətləndirməmək
Əgər siz "Tesla"ya sırf biznes göstəricilərinə əsasən sərmayə yatırmısınızsa, bu nöqtədə səhmi satmaq fikrinə gələ bilərsiniz. Lakin bu qərar sizi gələcək qiymət artımından məhrum edə bilər. "Seeking Alpha" nəşrinin yaxın tarixli məqaləsində qeyd olunur ki, bir səhmin dəyəri “məntiqli” bazar qiymətindən uzaqlaşdıqda onun həmin qiymətə qayıdacağını düşünmək investorlar üçün təhlükəli yanılmadır.
“Məhz bu, kritik bir səhvdir. Çünki səhmlərin qiyməti heç vaxt yalnız əsas biznes göstəricilərinin soyuqqanlı və balanslı qiymətləndirilməsinə əsaslanaraq formalaşmır,” – deyə məqalədə bildirilib.
Tənzilə Ağabalayeva