Redaktor
Osman Gündüz: İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir
"Prezidentin müvafiq fərmanının icrası ilə bağlı problemlərin davam etdiyi görünür. Güman ki, bu səbəbdən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məsələ ilə əlaqəli tədbirləri də qapalı formatda keçirməyə üstünlük verir".
Valyuta.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, İRİA bu gün texnopark rezidenti olan 100-dən çox şirkətin nümayəndələri ilə görüş keçirib, eyni zamanda “Azərbaycanda İKT sənayesi və ixrac təcrübəsi” mövzusunda panel sessiyası təşkil edib: “Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, həm görüş, həm də müzakirələr qapalı keçirilib və maraqlı tərəflər prosesə cəlb olunmayıb. Söhbət texnopark rezidentlərinin hansı prinsiplər və hansı qərarlar əsasında müəyyən edilməsindən, hansı şirkətlərin vergi güzəştlərindən yararlandığından, həmçinin Prezidentin müvafiq fərmanının qəbulundan keçən üç il ərzində hansı nəticələrin əldə olunmasından gedir”.
O.Gündüz bildirib ki, İRİA dövlət qurumu olaraq səlahiyyətlərinə aid olmayan müsabiqə və yarışların təqdimatı üçün açıq tədbirlər keçirə bildiyi halda, daha aktual və ictimai əhəmiyyət kəsb edən məsələlər qapalı müzakirə olunur: “Öncədən də məlumdur ki, məhz “texnopark rezidenti” statusu ilə bağlı ciddi problemlər mövcuddur. Bu məsələ ilə əlaqədar İRİA və Dövlət Vergi Xidməti arasında uzun müddət müzakirələr aparılıb. Hətta ötən illərdə Prezidentin 2022-ci ilin sonunda qəbul etdiyi fərmanın düzgün icra olunmaması və düzgün anlaşılmaması səbəbindən onun ləğvi və ya izahı məsələsi də gündəmə gəlmişdi”.
“Prezidentin sözügedən fərmanında hazırda İRİA-nın paylaşdığı fotolarda görünən, əsasən dövlət sifarişləri hesabına fəaliyyət göstərən iri İT şirkətlərinin vergidən azad olunması nəzərdə tutulmurdu. Fərmanın əsas mahiyyəti xaricə yönəlik fəaliyyəti olan kiçik və orta biznes subyektlərinin, startapların dəstəklənməsi idi. Əlbəttə, formalaşmış İT şirkətlərinə də qlobal bazarlara çıxış baxımından dəstək göstərilə bilər, lakin bu yanaşma Prezidentin məlum fərmanının birbaşa predmeti deyil”, - deyə O.Gündüz əlavə edib.
O.Gündüzün sözlərinə görə, indiyədək bu məsələlərə aydınlıq gətirilməyib: “Görünən odur ki, İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir. Vergidən azadolma mexanizmi düzgün tətbiq olunmur. Daha təəccüblüsü isə ondan ibarətdir ki, qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, indiyədək Ekspert Şurası formalaşdırılmayıb. Bu struktur yaradılmadan qəbul edilən qərarların isə hüquqi əsası yoxdur.
Təsəvvür edin ki, yalnız daxili bir imza ilə tenderlərdən milyonlarla manat gəlir əldə edən, hər hansı innovativ fəaliyyəti və ya xaricə yönəlik işi olmayan iri bir şirkət qəfil vergidən azad edilir. Eyni zamanda, yenicə formalaşan, ixrac yönümlü fəaliyyəti olan kiçik biznes subyekti güzəşt axtarışında çətinliklə üzləşir. Məhz bu cür yanaşmaların nəticəsidir ki, İT yönümlü ixrac sahəsində Azərbaycan region üzrə ən aşağı göstəricilərdən birinə malikdir, innovasiya və startap sahəsində qlobal reytinqlərdə mövqelər zəifdir”.
“Təəssüf doğuran haldır ki, müəyyən sahələrdə əldə olunan uğurlara baxmayaraq, İRİA texnopark siyasətindəki ciddi qüsurların aradan qaldırılmasına lazımi diqqət yetirmir. Proses qeyri-şəffaf şəkildə qurulur, qapalı müzakirələr aparılır, mövcud normalara zidd və anlaşılmaz qərarlar bir imza ilə qəbul edilir. Hesabatlılıq yoxdur və Prezidentin bu sahə ilə bağlı fərmanı düzgün icra olunmur. Ümid edilir ki, sektorda qərarverici mövqedə olan və Prezident fərmanlarının icrasına cavabdeh şəxslər baş verənlərin fərqindədir”, - deyə O.Gündüz qeyd edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Zoom”u 41 yaşında quran mühəndisin hekayəsi
19.12.2025“Fitch” 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib
19.12.2025Bankların mənfəət vergisi ödənişləri 13% artıb
19.12.2025"Microsoft" şərt qoyub: Ya süni intellektə qoşulun, ya da işdən çıxın!
19.12.2025Osman Gündüz: İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir
19.12.2025"YouTube"da qlobal nasazlıq baş verdi
19.12.2025Sabahdan Azərbaycanda ov mövsümü açılır
19.12.2025"ChatGPT"nin mobil istehlak xərcləri 3 milyard dolları ötdü
19.12.2025Saxta yükləmə çubuqları ilə kompüterləri ələ keçirirlər
19.12.2025Tikinti işlərinə ən çox vəsait ayrılan şəhər və rayonlar - SİYAHI
19.12.2025Deputat: "Özəl sektorda aqrar mütəxəssislərə 5 000 manat maaş təklif edilir"
19.12.2025"Trump Media" bu şirkətlə 6 milyard dollarlıq saziş imzalayıb
19.12.2025Eyni ailə lotereyada ikinci dəfə 1 milyon qazandı
19.12.2025Qarabağ Universitetinin yataqxanasında təmir işləri aparılacaq
19.12.2025