Redaktor
Başqasının adına şirkət təsis etmək hüquqi baxımdan nə dərəcədə asandır?
Bir anlıq düşünün: siz heç vaxt biznes qurmaq niyyətində olmamısınız, amma birdən adınız vergi reyestrində bir şirkətin sahibi kimi görünür. Nə müqavilə imzalamısınız, nə də fəaliyyət göstərmisiniz — amma bütün hüquqi və maliyyə məsuliyyəti artıq sizin üzərinizdədir. “Başqasının adına şirkət açmaq” mövzusu məhz bu təhlükəli boşluqdan doğur.
Başqasının adına şirkət təsis etmək hüquqi baxımdan nə dərəcədə asandır və bunun hansı sənədlər və səlahiyyətlər tələb olunur?
Vəkil Roman Qaraşov Valyuta.az-a bildirir ki, bu, təkcə qanunsuz sxem deyil, həm də minlərlə insan üçün sonradan ağır nəticələr yaradan real riskdir:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əsasən, şirkətin (xüsusən MMC-nin) təsisi yalnız təsisçinin iradəsinin ifadəsi ilə mümkündür. Prosedur texniki baxımdan sadələşdirilsə də (elektron qeydiyyat, sürətli rejim), başqasının adına şirkət təsis etmək hüquqi baxımdan “asan” hesab edilə bilməz, çünki bu, yalnız qanuni səlahiyyətləndirmə mexanizmləri ilə mümkündür. Praktikada bu mexanizmlər əsasən iki formada çıxış edir: notarial qaydada verilmiş etibarnamə (Mülki Məcəllə, maddə 362 və davamı) və ya təsisçiyə məxsus gücləndirilmiş elektron imza (ASAN İmza, SİMA İmza və s.) vasitəsilə onun adından elektron sistemdə hərəkət etmək. Dövlət Vergi Xidmətinin elektron qeydiyyat sistemində hüquqi şəxs məhz bu hüquqi əsaslar olmadan yaradıla bilməz”.
“Qanunvericiliyin tələblərinə görə, şəxsin tam xəbəri və iradəsi olmadan onun adına şirkət açılması prinsip etibarilə mümkün deyil. Lakin praktikada “xəbərsiz” kimi təqdim olunan hallar əksərən iki vəziyyətdə baş verir: birincisi, şəxs notariusda verdiyi ümumi etibarnamənin hüquqi nəticələrini dərk etmədən imzalayır; ikincisi, öz elektron imza vasitəsini üçüncü şəxsə verir. Bu halda formaca iradə mövcud hesab olunduğundan, yaranan vergi və digər hüquqi öhdəliklər ilkin olaraq həmin şəxsə yönəlir. Əgər sonradan etibarnamədən sui-istifadə, dələduzluq və ya saxtakarlıq sübuta yetirilərsə, Cinayət Məcəlləsinin müvafiq maddələri (məsələn, maddə 178 – dələduzluq, maddə 320 – sənədlərin saxtalaşdırılması) tətbiq oluna bilər. Lakin elektron imzanın qorunmasına görə məsuliyyət onun sahibinin üzərində qalır; bu, “Elektron imza və elektron sənəd haqqında” Qanundan irəli gələn əsas prinsipdir”- deyə R.Qaraşov qeyd edir.
Vəkil bildirir ki, başqasının adına şirkət təsis edilməsi üçün hüquqi baxımdan bəzi sənədlər və səlahiyyətlər zəruridir:
“Təsisçi adından hərəkət etməyə imkan verən notarial qaydada təsdiq edilmiş etibarnamə, etibarnamədə MMC yaratmaq, təsis qərarını imzalamaq, nizamnaməni təsdiqləmək və qeydiyyat orqanına müraciət etmək səlahiyyətləri açıq şəkildə göstərilməlidir; və ya təsisçiyə məxsus gücləndirilmiş elektron imza vasitəsi, onunla İnternet Vergi İdarəsində qeydiyyat ərizəsinin təsdiqi. Bundan əlavə, standart qaydada təsis qərarı, nizamnamə, hüquqi ünvan barədə məlumatlar təqdim olunur. Qanunvericilik ondan ibarətdir ki, bu səlahiyyətlər olmadan üçüncü şəxsin adına şirkət yaratması hüquqi nəticə doğurmur və belə hallar aşkar edildikdə qeydiyyatın etibarsız sayılması və məsul şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi mümkündür”.

“Son illərdə Azərbaycanda başqasının adına şirkət təsis edilməsi ilə bağlı sui-istifadələrin qarşısını almaq məqsədilə elektron qeydiyyat sistemində mühüm yeniliklər həyata keçirilir: hüquqi şəxslərin qeydiyyatında gücləndirilmiş elektron imza ilə yanaşı, biometrik eyniləşdirmə (üz tanıma) mexanizmlərinin mərhələli tətbiqi təsisçinin prosesdə real və şəxsən iştirakını təmin etməyə yönəlib. Bu yanaşma üçüncü şəxslərin elektron imzadan və etibarnamələrdən sui-istifadə riskini əhəmiyyətli dərəcədə azaldır. Xarici təcrübədə də effektiv model kimi Estoniya və Sinqapurun tətbiq etdiyi çoxpilləli rəqəmsal identifikasiya və biometrik təsdiq mexanizmləri önə çıxır. Bu baxımdan, Azərbaycan üçün ən uyğun yanaşma biometrik identifikasiya, təhlükəsiz elektron imza və benefisiar sahiblik şəffaflığını birləşdirən sistemdir ki, bu da həm vətəndaşların hüquqlarının qorunmasına, həm də hüquqi və vergi risklərinin minimuma endirilməsinə xidmət edir” - deyə vəkil vurğulayır.
Tənzilə Ağabalayeva