
İş müsahibələrində necə danışmalıyıq?
İşə qəbul üçün CV-nin tərtibi qədər ondan sonrakı mərhələdə keçirilən iş müsahibələri də olduqca önəmlidir. Düşünə bilərsiniz ki, CV-də bütün məlumatlarımı, bacarıqlarımı qeyd etdikdən sonra niyə müsahibəyə çağrılıram. Müsahibənin əsas məqsədi CV-də qeyd etdiklərinizin nə qədər doğru olduğuna əmin olmaqdır. Ona görə də, iş müsahibələrində yaxşı danışıq qabiliyyəti vacibdir. Ola bilər ki, siz çox bacarıqlı, həmin müəssisənin bütün tələblərinə uyğun olasınız, amma onu nitqinizdə əks etdirə bilməsəniz, buna heç kəs əmin olmayacaq.
Bəs müsahibədə necə danışmaq lazımdır?
Nitq təlimçisi Nuranə Abıyeva Valyuta.az-a açıqlamasında bildirdi ki, sizdə bir işıq gördükləri üçün sizi müsahibəyə çağırdıqlarına görə, iş müsahibəsinə yaxşı hazırlaşmalısınız. Hazırlıq əvvəlcədən olmalıdır: “CV-də öz məlumatlarımızı yazmağımız ayrı, onu səsləndirməyimiz ayrıdır. Məsələn, yaxşı kitab yaza bilərsiniz, amma danışığınız o qədər də gözəl olmaya bilər. Hər bir iş yeri öz əməkdaşının gözəl danışığa malik olmasını istəyər. Bu tələb işi əsasən ünsiyyətdən keçən iş yerlərinə daha çox aiddir. Ona görə də, biz iş görüşməsinə gedəndə birinci evdə hazırlaşmağa başlamalıyıq. Müraciət edəcəyimiz şirkət haqqında məlumatımız olmalıdır. Mən hara gedirəm, hansı vəzifə üzrə müraciət edirəm, bu vəzifə üzrə məndən tələb olunanlar nələrdir. Təbii ki burada bədən dili, özümüzdən əminliyimiz də olmalıdır”.
N.Abıyevanın xanımın sözlərinə görə, müsahibələrdə əsas üç sual mütləq verilir: “3 suala hazır olmalıyıq. 1. Özünüzü təqdim edə bilərsiniz? 2. Nəyə görə bizimlə çalışmaq istəyirsiniz? 3. Nəyə görə biz sizinlə çalışaq?”.
Həmsöhbətimiz deyir ki, birinci sualı cavablayıb özün haqqıda məlumat verəndə iş yeri və vəzifə ön planda durmalıdır: “Yəni o iş yerinə uyğun şəkildə olaraq özüm haqqında məlumatları ötürməliyəm. Bura adım, soyadım, yaşım, təhsilim daxil ola bilər. Amma əlavə olaraq bu iş yerinə nələr qata biləcəyimi deməliyəm”.
N.Abıyeva bildirdi ki, “Nəyə görə bizimlə çalışmaq istəyirsiniz?” sualında özümüzü deyil, şirkəti ön plana atmalıyıq: “Çünki “bizimlə çalışmaq” sualı verilib. O zaman cavabınız keçmiş, indiki və gələcək zamanı əhatə etməlidir. Məsələn, “mən sizin şirkəti artıq 2-3 ildir ətrafdan eşidirəm, şirkət fəaliyyətə başladığı vaxtdan (Məsələn, 2017-ci ildə yaranıb) görürəm ki, həm tədbirləriniz, layihələriniz, həm gördüyünüz işlər sizin şirkəti Azərbaycanda tanıdıb. Hazırda iş prosesiniz, iş prinsipiniz mənim də iş prinsipimlə çox uyğundur. Niyə də biz birlikdə daha da irəli gedə bilməyək”.
“Nəyə görə sizi seçək?” sualına gəlincə, mütəxəssis deyir ki, bu zaman özünüzü ön plana çəkməlisiniz: “Burada da özünüz haqqında keçmişi, indiki vəziyyəti və şirkətə qata biləcəyiniz gələcək nüansları əks etdirməlisiniz. Məsələn, mən bir diksiya məktəbinə müəllim kimi müraciət etmişəm, burada özüm haqqında nə deyə bilərəm? “Mən məktəb vaxtından danışığımla bağlı davamlı layihələrdə, təlimlərdə iştirak edirəm, artıq 2-3 ildir ki, təlimçi olaraq fəaliyyət göstərirəm, eyni zamanda televiziya fəaliyyətim də var. Amma istəyirəm ki, təlimçi olaraq özümü daha da inkişaf etdirim. Dərs metodlarım bir az daha fərqlidir, dərs metodumda istifadə etdiklərim tələbələrimə müsbət təsir göstərir, özümdə də bunu yoxlamışam. Bu metodlarla bərabər sizin iş prinsipinizi birləşdirib, daha da irəli işlər görə bilərik deyə düşündüm. Buna görə də, sizə müraciət etdim”.
Abıyeva bildirir ki, CV-də qeyd etdiklərinizi müsahibədə əks etdirməlisiniz. Ona görə də, CV-də səhv məlumatlar verməkdən çəkinməlisiniz:
“CV-də olan nədirsə, onu təqdim etməliyik. Əgər zəifsinizsə, zəifsiniz. Ola bilər ki, nəyisə bilmirsən, amma nəyisə daha yaxşı bilirsən. Bilmədiyini ifadə etmək olar. Məsələn, “bəli, bu üsulla heç vaxt işləməmişəm, amma öz sferama aiddir. Ona görə də həm sizin peşakarlığınıza inanıb, həm də öz cəldliyimə, öyrənmə qabiliyyətimə bələd olduğuma görə, qısa müddətdə bunu öyrənib sizin üçün tətbiq edə biləcəyəm”. Baxın, belə danışmaqla, həm özümdən əminəm, həm yalanım yoxdur, həm də ki, “siz mənə addım atdıqca, mən də sizə addım atacağam” təəssüratı yaradıram. Bunu danışığa bu şəkildə əks etdirmək lazımdır”.
Mütəxəssis əlavə edir ki, bacarıqlarınızdan danışarkən həmin işə uyğun olan bacarıqlarınızı vurğulamalısınız:
“Çox qısa, konkret və ya çox uzun cavablar vermək olmaz. Məsələn, uşaq baxçasına gedən bir müəllimdən söhbət gedirsə, o, “filan kompüter oyunlarını bilirəm” demək əvəzinə, səmimilik, daha dözümlü olmağı, uşağın kaprizli anında onunla necə rəftar etmək lazım olduğunu, bu kimi yumşaq bacarıqlarını əks etdirməlidir. Bir şirkətə iş müsahibəsinə gedirsinizsə, “mən çox səmimiyəm, mən çox gülərüzəm” deməyin. Təbii ki, şirkət daxilində bunlar da önəmlidir, amma bunları birinci demək lazım deyil. İşgüzaram, vaxtında işimə gəlməyi sevirəm, kollektiv daxilində çalışmaq bacarıqlarım yüksəkdir, filan şirkətdə bu qədər çalışdım və çalışdığım müddətdə rastlaşdığım problemləri bu cür formalarda həll etdim” kimi bacarıqlarınızı ön plana çəkməlisiniz”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay