30 yaşdan yuxarı ən bahalı futbolçular - Salah rekorda yaxındır
Səudiyyə Ərəbistanında Məhəmməd Salaha olan maraq tükənmək bilmir. Ərəb klubları misirli ulduzu əldə etmək üçün “Liverpul”un istədiyi qiymət təklifi ilə qapını döyməlidirlər. Söhbət 200 milyon funt-sterlinq və ya daha yüksək məbləğdən gedir. Təbii ki, ərəblər üçün bu “tum pulu”dur deyə bilərik.
Yerli mətbuatda yazılanlara görə xüsusən də “Al-İttihad” Salahı əldə etmək üçün dəridən-qabıqdan çıxır. Onlar əvvəlcə 150 milyon funt-sterlinq təklif etsələr də futbolçu tərəfindən geri çevrilib. Bu səbəbdən daha yüksək - 200 milyon funt-sterlinq ödənilməsi planlaşdırır. Digər tərəfdən bu və ya daha yüksək məbləğ qarşılığında transfer həyata keçərsə, Salah üçün rekord olacaq. Belə ki, misirli ulduz 30 yaşdan yuxarı ən bahalı futbolçular siyahısında birinci yerdə qərarlaşacaq. Səudiyyəlilər də əmindirlər ki, “Liverpul” aparıcı oyunçusunu satmaq arzusunda olmamasına baxmayaraq, 200 milyon funt-sterliqndən yüksək məbləğ təklif etsələr, bu transferi həyata keçirəcəklər. Hə, rekorddan danışdıq. Bəs 30 yaşdan yuxarı ən bahalı futbolçular kimlərdir?
Valyuta.az Avropada transfer qiymətlərinə görə 30 yaşdan yuxarı olan ən bahalı futbolçuların siyahısını nəzərinizə çatdırır.
Qabriel Batistuta (31 milyon funt-sterlinq)
“Fiorentina”da doqquz mövsüm ərzində 203 qol vuran “Batiqol” ləqəbli argentinalı 1999-cu ildə “Roma”ya transfer olunur. 31 milyon funt-sterlinq o vaxtlar 30 yaşlarında bir futbolçu üçün hər hansı klubun ödəyəcəyi ən yüksək məbləğ və təxminən 20 ilə yaxın davam edəcək rekord idi.
Mats Hummels (32 milyon funt-sterlinq)
Mats Hummels formasının pik zirvəsində “Bavariya”nın “Borussiya”dan (Dortmund) hər vəchlə almaq istədiyi futbolçulardan idi. Ancaq Dortmund təmsilçisi bir neçə il sonra onu geri qaytarmağı bacardı. Hummels o zaman hələ də dünyanın ən yaxşı müdafiəçilərindən sayılırdı, ona görə də 32 milyon funt-sterlinqlik müqavilə kifayət qədər yaxşı görünürdü. Bu transfer 2019-cu ildə reallaşdı, hansı ki, klub üç il əvvəl onu pulsuz itirmişdi.
Raca Nainqqolan (32,5 milyon funt-sterlinq)
Belçikalı yarımmüdafiəçi davamlı olaraq klublara böyük pul qarşılığında keçən oyunçulardan idi. O, 2018-ci ildə “Roma”dan “İnter”ə keçdi. “San Siro”da oynadığı bir mövsümdən sonra “Kalyari”yə icarəyə verildi və 2020/21-ci illərdə “İnter”in çempionluq qazandığı anları komanda ilə birlikdə yaşaya bilmədi.
Paulinyo (34 milyon funt-sterlinq)
“Tottenhem” karyerasını necə başa vurduğunu nəzərə alsaq, Paulinyonun 2017-ci ildə “Barselona”nın heyətində təqdim edilməsini görmək əsl şok idi. Braziliyalı son üç ilini Çində boş yerə sərf etmişdi, lakin klubun həmin yay Neymar üçün aldıqları pulu ümidsiz şəkildə yenidən investisiya etməsinin bir hissəsi olaraq Paulinyo 34 milyon funt-sterlinq qarşılığında Kataloniyaya paraşütlə atıldı. O, bir il sonra yenidən Çinə qayıtdı.
Xalidu Kolibali (34 milyon funt-sterlinq)
Nainqqolan kimi, Kolibali də Avropanın ən böyük klublarından bəziləri ilə çoxillik müqavilə bağlamışdı. Nəhayət, “Çelsi” onu 2022-ci ildə 34 milyon funt-sterlinqə “Napoli”dən aldı. Baxmayaraq ki, tezliklə bu transfer fəlakət hesab olundu. Seneqallı müdafiəçi “Stamford Bric”də əsas heyətə düşə bilmədi, digər tərəfdən “Napoli” onsuz 30 ildən sonra ilk dəfə A Seriyası çempionluğunu qazandı. Kolubali, bu yay Səudiyyə Ərəbistanının Pro Liqa təmsilçisi "Al-Hilal"a keçib - özü də cəmi 23 milyon avroya.
Leonardo Bonuççi (36 milyon funt-sterlinq)
Karyerasının “İnter”də başlamasına və daha sonra ən yaxşı illərinin böyük hissəsini “Yuventus”da keçirməsinə baxmayaraq, Bonuççi 2017-ci ilin yayında, Turin təmsilçisinin baş məşqçisi Maksimiliano Alleqri ilə mübahisə etdi. Nəticədə, “Milan”a transfer olundu və “Rossonyeri”nin kapitanı seçildi. Lakin burada cəmi bir mövsüm oynadıqdan sonra Mattia Kaldara ilə mübadilə müqaviləsi əsasında “Yuventus”a qayıtdı. 36 yaşlı müdafiəçi yay transfer pəncərəsində azad agent kimi “Yunion Berlin”ə getdi və bu onun ölkəsindən kənarda oynayacağı ilk klubdur.
Robert Levandovski (43 milyon funt-sterlinq)
Ən yaxşı illərini verdiyi klubu tərk etməyə məcbur olan başqa bir futbolçu, 2022-ci ildə “Barselona”ya qoşulmaq üçün “Bavariya”dan dramatik şəkildə ayrılan Robert Levandovski idi. Polşalı hücumçu “Allianz Arenada”kı həyatından məyus olmuşdu və "Bavariya" rəhbərliyi meydana çıxdığı 375 oyunda klub üçün 344 qol vuran adamı saxlamağa ümidləri qalmamışdı. Bu səbəbdən 34 yaşlı futbolçu üçün 43 milyon funt-sterlinqlik müqaviləyə könülsüz də olsa razılaşdılar.
Miralem Pyaniç - 56 milyon funt-sterlinq
2020-ci ildə 30 yaşlı Pyaniç üçün 56 milyon funt-sterlinq ödəmək “Barselona”nın Neymardan sonrakı çılğınlığı idi. "Yuventus"un yarımmüdafiəçisi Paulinyo kimi, bir il sonra əvvəlcə “Beşiktaş”a icarəyə verildi, ardından BƏƏ klubu “Şarja” ilə daimi müqavilə bağladı.
Kriştiano Ronaldo - 100 milyon funt-sterlinq
"Yuventus" 2018-ci ildə 33 yaşı olan futbolçunu Turinə gətirməklə İtaliyada transfer rekordunu qıraraq onun “Real”dakı doqquzillik karyerasına son qoyur. Portuqaliyalı superulduz klub üçün çoxlu qol vurdu və bir neçə kubok qazandı. Lakin orada keçirdiyi vaxt, komandada olması taktiki cəhətdən effektivliyi zəiflətməsi ilə bağlı söz-söhbətlər vardı. Bəziləri Ronaldonun üç mövsüm ərzində "Yuventus"un nəzərəçarpacaq dərəcədə və davamlı olaraq daxili tənəzzülünə səbəb olduğu fikrini irəli sürürdü.
Harri Keyn - 100 milyon funt-sterlinq
“Bavariya” bu yay “Tottenhem”in keçmiş hücumçusunu 30-cu doğum günündən az müddət sonra kluba gətirdi və müqavilə imzaladı. İngiltərə millisinin kapitanı “Allianz Arena”dakı karyerasına uğurlu başladı ilk üç matçda üç qol vurdu. O cümlədən “Auqsburq”la ev oyununda dubla imza atdı.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay