Redaktor
“Təcrübəsiz gənc təkcə rahat şərait axtarmamalıdır”
Günümüzdə gənclərin aktual problemlərindən biri təcrübə toplamaq üçün müəssisə tapmamasıdır. İstənilən ixtisas üzrə universitet və digər kurslarda nəzəri biliklər əldə olunsa belə, kadrlar təcrübə üçün yer tapmırlar. Hər il bu səbəblə minlərlə kadr işsiz qalır və ya öz ixtisasından kənar işlə məşğul olmaq məcburiyyətində olur. Bəs buna səbəb nədir?
“HR Hunter” şirkətinin qurucusu və İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a bildirdi ki, bu problemin yaranmasının müxtəlif səbəbləri var: “Birincisi, iş yerləri hazır kadr istəyir. Çünki əgər təcrübəçi götürsələr, iş yerlərində bu şəxsləri öyrədəcək kadrlar lazımdır. Bəzi hallarda iş yerləri təcrübəçi götürür, ancaq onları öyrədəcək şəxslərin vaxtı az olur. Ona görə, şirkətlər təcrübəçini götürüb yetişdirməkdənsə, hazır kadra üstünlük verirlər. İkinci məsələ odur ki, şirkətlər kadr yetişdirməyi qarşısına məqsəd qoymalıdır. Ən azından şəxslər həmin yerdə iş əldə etməsələr belə, başqa yerlərdə töhfə verə bilərlər. Bu, bir bazar döngüsüdür. Hər şirkət korporativ sosial məsuliyyətini qəbul etməlidir. Təəssüf ki, onlar bundan boyun qaçırır və hazır işçi axtarırlar. Üçüncü səbəb bundan ibarətdir ki, Azərbaycanda iş yerləri və şirkətlərin sayı kifayət qədər deyil. Bu sektorlar güclü olarsa, onsuz da bu ehtiyac yarandığı üçün şirkətlər tərəfindən bu ehtiyaclar qarşılanacaq”.
İ.Mirzəzadə bildirdi ki, burada gənclərə bağlı problemlər də var: “Ən önəmlisi isə bəzən təcrübə toplamaq istəyən gənclərin buna ciddi yanaşmamasıdır. “Mən bilirəm” deyir və düşünürlər ki, rahatlıqla iş tapa bilərlər, amma iş axtarışı zamanı üzə çıxır ki, bazarın tələbləri var və onu qarşılamaq lazımdır. Yaxud “pullu” təcrübə axtarışına çıxırlar. Qeyd etdiyim kimi, şirkətlərin bəzən onları öyrədəcək kadrları belə olmur, ona görə pul verib ödəyib təcrübəçi götürmək də onlara sərf etmir. Nəticədə belə durum yaranır”.

“Karyerasının başlanğıcında olan təcrübəsiz gənc təkcə rahat şərait axtarmamalı, bəzi hallarda çətin vəziyyətdə də öyrənməyə razı olmalıdır. Bu, gənclərin gələcək karyeraları üçün çox vacibdir” – deyə İ.Mirzəzadə əlavə etdi.
Şəbnəm İbrahimxəlil