Redaktor
“iPhone 17” satışları rekord qırır
“Apple” şirkətinin yeni nəsil smartfon modeli olan iPhone 17-yə olan güclü tələb təkcə şirkətin gəlirlərinə deyil, həm də qlobal smartfon bazarının ümumi proqnozlarına ciddi təsir göstərib.
Valyuta.az Beynəlxalq tədqiqat təşkilatı International Data Corporation (IDC)-nin son hesabatına əsasən xəbər verir ki, 2025-ci ildə dünya üzrə smartfon göndərişlərinin artım proqnozu əvvəlki 1%-dən 1,5%-ə yüksəldilib.
Hesabatda qeyd olunur ki, “Apple” bu il 247 milyondan çox iPhone göndərişi həyata keçirəcək. Bu, 6,1%-lik illik artım deməkdir və şirkət tarixində ən yüksək göstərici olacaq. IDC-nin baş tədqiqatçısı Nabila Popal vurğulayıb ki, “iPhone 17” seriyası “inanılmaz uğur” qazanıb və xüsusilə Çindəki böyük tələb şirkətin göstəricilərini kəskin şəkildə artırıb.
Bu uğur “Apple” səhmlərinə də müsbət təsir göstərib. Belə ki, şirkətin səhmləri çərşənbə günü səhər saatlarında 289 dollara yaxınlaşaraq tarixində ən yüksək həddə çatıb. Lakin günün ikinci yarısında qiymətdə cüzi geriləmə qeydə alınıb. Ümumilikdə, “Apple” səhmləri 2025-ci ilin əvvəlindən bəri təxminən 14% dəyər qazanıb.
Xatırladaq ki, iPhone 17 təqdim edilməzdən əvvəl “Apple”ın süni intellekt sahəsində rəqiblərindən geri qalması ilə bağlı narahatlıqlar fonunda şirkətin səhmləri ilin əvvəlində mənfi zonada idi. “Möhtəşəm Yeddilik” adlandırılan texnologiya nəhəngləri arasında ilin əvvəlindən mənfi göstərici ilə gedən yeganə şirkət də məhz “Apple” idi. Lakin yeni modelin uğurlu satışları investorları yenidən şirkətə yönəldib.
Bununla belə, IDC 2026-cı il üçün proqnozunu 1,2%-dən 0,9%-ə endirib. Səbəb kimi yaddaş çiplərinin qıtlığı və məhsul dövrlərindəki dəyişikliklər göstərilir.
Tənzilə Ağabalayeva