Redaktor
Süni intellektlə çəkilən reklamlar artıq bazara təsir edir
Reklam istehsalı uzun illər ərzində əsasən ənənəvi texniki imkanlar əsasında həyata keçirilirdi. Son dövrlərdə isə bir çox şirkət və qurumlar reklam çəkilişlərində süni intellekt texnologiyalarından geniş istifadə etməyə başlayıb.
Bu zaman belə bir sual yaranır ki, sözügedən yanaşmanın reklam bazarına təsiri nədir və bu texnologiyalar reklam şirkətləri üçün hansı üstünlüklər yaradır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan "BERC&Partners" şirkətinin Dizayn şöbəsinin rəhbəri Ramin Zaidov bildirib ki, son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı reklam bazarında ciddi struktur dəyişikliklərinə səbəb olub:
"Ənənəvi reklam istehsalında avadanlıqların qurulması, məkanın icarəsi, çəkiliş heyətinin cəlb edilməsi və uzunmüddətli post-produksiya mərhələləri həm yüksək maliyyə xərcləri, həm də vaxt itkisi yaradırdı. Süni intellektə əsaslanan həllər isə bu xərclərin və vaxt tələbinin əhəmiyyətli hissəsini aradan qaldırır. Süni intellekt vasitəsilə reklam çarxlarının hazırlanma müddəti xeyli qısalır, istehsal xərcləri azalır və yaradıcı test imkanları genişlənir. Brendlər eyni konseptin müxtəlif versiyalarını qısa müddətdə sınaqdan keçirə, fərqli auditoriyalar üçün lokallaşdırılmış məzmun istehsal edə bilirlər. Bu isə xüsusilə rəqəmsal platformalarda daha çevik və ölçülə bilən reklam strategiyalarının qurulmasına şərait yaradır. Reklam şirkətləri üçün əsas üstünlüklərdən biri də operativlikdir. İdeyanın formalaşmasından reklam materialının yayımlanmasına qədər olan proses artıq günlərlə deyil, bəzi hallarda saatlarla ölçülür. Bu, bazar trendlərinə və auditoriya davranışındakı dəyişikliklərə daha sürətli reaksiya verməyə imkan yaradır".

R.Zaidov qeyd edib ki, nəticə etibarilə, süni intellekt reklam bazarında həm xərclərin optimallaşdırılmasına, həm də kreativ imkanların genişlənməsinə xidmət edir:
"Bu texnologiya ənənəvi istehsalı tam əvəz etməsə də, reklam sektorunda daha çevik və effektiv yeni iş modellərinin formalaşmasına güclü təkan verir. Bununla yanaşı, bütün hallarda süni intellektə müraciət etmək düzgün yanaşma hesab olunmur. Texnologiyanın imkanları genişləndikcə, hansı mərhələlərdə və hansı tapşırıqlarda AI-dən istifadənin daha məqsədəuyğun olduğu da daha aydın şəkildə müəyyənləşir. Hazırkı mərhələdə ən səmərəli yanaşma ənənəvi reklam istehsalı ilə süni intellekt texnologiyalarının balanslı şəkildə birləşdirilməsidir. Canlı çəkiliş, real insan emosiyası və fiziki mühitin yaratdığı autentiklik süni intellektlə dəstəklənən vizual, montaj və kreativ həllərlə tamamlandıqda, reklam materialları həm daha baxımlı, həm də daha təsirli olur".
Mayya Hüseynova