Redaktor
Şirkətlər səssiz şəkildə necə imic yaradır?
Bəzən ən güclü şirkətləri səslərindən tanımırsan - səssizliklərindən tanıyırsan.
Onlar billboardlara çıxmır, trend qovalamır, hər kəsin gözündə deyil… amma qəribə bir şəkildə hamının yaddaşındadır. Hər yerdə adları yoxdur, amma hər kəs onlara inanır.
Bu, təsadüf deyil. Bu, "Səssiz PR"ın oyunudur.
Bəs səssiz pr nədir?
PR meneceri Aida Ramiz Valyuta.az-a açıqlamasında bildirib ki, bəzən şirkətlər danışmadan da çox şey deyir:
"Səs-küylü kampaniyalar olmadan, gündəlik paylaşımlar etmədən, agresiv reklam büdcələri qurulmadan da güclü imic formalaşdırmaq mümkündür. Biz buna Səssiz PR deyirik. Yəni brend özünü göstərmir, amma hər addımı ilə hiss etdirir. Az görünür, amma görünəndə doğru görünür. Az danışır, amma danışanda tam yerinə düşür. Az paylaşır, amma paylaşdığı hər şey inandırıcı olur".
"Səssiz PR bir brendin “Mən buradayam” demək əvəzinə “Məni gördüyün zaman mənalı bir şey görəcəksən” deməsidir. Burada sözləri yox, davranışları önə çıxır. Xidmət keyfiyyəti, müştəri məmnuniyyəti, həmkarlarla əməkdaşlıq tərzi danışır. Brendin seçdiyi tərəfdaşlar, iştirak etdiyi tədbirlər, hətta seçdiyi platformalar belə onun kimliyini səssiz şəkildə izah edir. Bu model seçicidir. Brend hər yerdə deyil, olması lazım olan yerdə olur. Hər trendlə getmir, amma öz yolunu yaradır. Hər mövzuda danışmır, amma danışdığı mövzuda ekspert kimi qəbul olunur. Bu selektivlik brendə dəyər qatır. Brend “çatmaq üçün” görünmür, “dəyər yaratdığı üçün” görünür", - deyə A.Ramiz qeyd edib.
PR meneceri bildirir ki, bu gün insanlar pafosa yox, etibara inanır: "Xüsusilə tibbi, hüquqi, təhlükəsizlik və təhsil kimi sahələrdə səs-küylü PR bəzən əks effekt verir. Sakit, faktlara söykənən, ölçülə bilən, real nəticə göstərən kommunikasiya isə güvən yaradır. Bu güvən tədricən formalaşır, amma uzunmüddətli olur. Sakit PR, əslində, sədaqətli auditoriya yaradır. Səssiz PR həm minimalizmdir, həm də strateji susqunluqdur. Az söz, çox təsir. Az görünürlük, çox güvən. Az kampaniya, çox nəticə. Brend özü səs salmır, amma təsiri yayılır. Və ən maraqlısı budur: insanlarla təbii şəkildə yayılan təsir heç bir reklamla yarışa bilmir. PR bəzən səs deyil, dəyərlə gələn sakit bir dalğadır. O dalğa yavaş gəlir, amma gəldiyi zaman heç nəyi olduğu yerdə qoymur".

Tənzilə Ağabalayeva