Redaktor
Qızıl 2026-cı ildə də parıldamağa davam edəcək - Analitiklər hədəfi açıqladı
Qızıl bazarında 2025-ci il üzrə tarixi yüksəlişin ardınca növbəti ildə də artım trendinin davam edəcəyi proqnozlaşdırılır.
Valyuta.az xəbər verir ki, analitiklərin fikrincə, qlobal mərkəzi bankların tələbi, faiz endirimi gözləntiləri və davam edən geosiyasi gərginliklər qızılı 2026-cı ildə də dəstəkləyəcək.
2025-ci ildə qiymətli metalın dəyəri 60%-dən çox artaraq bir unsiyası təxminən 4 500 ABŞ dollarını keçib və son 46 ilin ən böyük illik artımını qeydə alınıb. 2020-ci ildən bəri isə ümumi yüksəliş 130%-dən çoxdur. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə S&P 500 indeksi cəmi 85% artıb.
Qızıl oktyabr ayının sonlarında qısa müddətli satış dalğası nəticəsində 6%-lik geriləmə yaşasa da, hazırda təxminən 4 510 dollar civarında ticarət olunur. Analitiklər 2026-cı ildə qiymətin 4 600–4 800 ABŞ dolları aralığına çatacağını ehtimal edirlər.
Artımın əsas səbəbi - mərkəzi bankların aqressiv alışı
Məlumata görə, qlobal mərkəzi banklar 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi və Moskvanın xarici aktivlərinin dondurulmasından sonra valyuta ehtiyatlarını şaxələndirmək məqsədilə qızıla yönəli alışı daha da artırıblar.
Dünya Qızıl Şurasının “Mərkəzi Bankların Qızıl Ehtiyatları - 2025” sorğusuna əsasən, son üç il ərzində mərkəzi banklar hər il 1 000 tondan çox qızıl alıb. Halbuki əvvəlki onillikdə bu göstərici ildə orta hesabla 600 ton səviyyəsində idi.
Çinin rekord alışı davam edir
Ən fəal alıcılar arasında Çin xüsusi qeyd olunur. Çin Xalq Bankı 2025-ci ilin noyabrına qədər ardıcıl 13 ay qızıl ehtiyatlarını artırıb. Hazırda ölkənin qızıl ehtiyatı 2 300 tondan çoxdur və bu göstərici Çin valyuta ehtiyatlarının təxminən 8%-ni təşkil edir.
Sərvanə Rəmixanova