Redaktor
İşdə olduğu halda şirkətin səhvinə görə işçi maaşsız qala bilər?
Bəzi şirkətlər maaşları hesablamaq üçün ad siyahısı tərtib edir və bu siyahı əsasında mühasibatlığa məlumat ötürülür. Əgər hər hansı səbəbdən işçinin adı bu siyahıya daxil edilməzsə, həmin şəxs maaşsız qala bilər. Halbuki o, ay ərzində işdə olub və vəzifələrini yerinə yetirib.
"Siyahıda yoxsansa, maaş da yoxdur" anlayışı nə qədər düzdür?
Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərə əməkhaqqı ödənilməlidir:
"Bu o deməkdir ki, əgər işçi müəyyən olunmuş vaxtda iş yerində olub və vəzifə öhdəliklərini yerinə yetiribsə, onun əməkhaqqı almaq hüququ var.
Texniki və təşkilati səbəblər – məsələn, işçinin adının cədvəldə qeyd olunmaması və ya proqram təminatındakı nasazlıqlar – maaşın ödənilməməsi üçün əsas ola bilməz. Bu tip halların qarşısının alınması işəgötürənin məsuliyyətinə daxildir".

N.Xəlilov sonda vurğulayıb ki, işəgötürən əməkhaqqının düzgün və vaxtında ödənilməsini təmin etməlidir:
"Əgər işçi öz vəzifələrini yerinə yetiribsə, onun əməkhaqqı alması qanuni haqqıdır".
Mayya Hüseynova