Redaktor
İnsanlar yağışlı havalarda daha çox işləməyə meyilli olur - SƏHƏR OXUSU
Şimali Amerika mənşəli "Birdview Project Management" platforması hava şəraitinin iş məhsuldarlığına təsiri ilə bağlı araşdırma dərc edib. Şirkət bildirir ki, hava insan davranışına və iş tempinə düşündüyümüzdən daha çox təsir göstərir: isti və günəşli havalar motivasiyanı artırsa da, eyni zamanda işdən yayındırıcı təsirləri də çoxalır; soyuq və yağışlı günlər isə ümumi əhval-ruhiyyəni aşağı salsa da, diqqəti mərkəzləşdirməyə daha əlverişli olur.
Valyuta.az xəbər verir ki, yağışlı günlər işə gecikmələri artırır, işçilərdə yorğunluq və kədər hissi yaradır. Bununla belə, insanlar yağış və soyuq səbəbilə çöldə fəaliyyət imkanları məhdudlaşdığından, ofisdə daha uzun qalmağa və işlərinə daha çox fokuslanmağa meyllidirlər.
Aparılan tədqiqatlar göstərir ki:
Günəşli havada işçilər daha pozitiv olurlar, lakin diqqəti yayındıran amillər çoxalır.
İsti və aydın havalarda 12% işçi nahar fasiləsini uzadır.
Günəşli havalarda ofisi tərk etmə halları iki dəfə çoxalır.
Soyuq və yağışlı günlərdə işçilər daha gec çıxır və daha çox iş bitirirlər.
Birdview bildirir ki, layihə menecerləri bu məlumatlardan düzgün istifadə etməklə komanda məhsuldarlığını optimallaşdıra bilərlər. Şirkət aşağıdakı tövsiyələri verir:
Hava proqnozuna uyğun iş qrafiki tərtib edilməsi:
Yağış və fırtına gözlənilən günlərdə daha mürəkkəb və diqqət tələb edən tapşırıqların verilməsi, yaxşı havalarda isə yaradıcı sessiyaların təşkili tövsiyə olunur.
Tapşırıqların hava şəraitinə uyğun bölünməsi:
Məsələn, analiz və hesabatlar üçün yağışlı günlər daha uyğundur; motivasiya və ideya sessiyaları isə günəşli havalarda daha effektiv olur.
Pis hava zamanı çevik iş rejimi:
Şirkət ekstremal hava şəraitində uzaqdan iş rejimi, gecikmiş işə başlama saatı və təhlükəsizlik tədbirlərinin prioritet olmalı olduğunu vurğulayır.
Hava səbəbli fasilələrə hazır olmaq:
Elektrik və internet kəsintisi riskinin əvvəlcədən nəzərə alınması, məlumatların ehtiyat nüsxəsinin çıxarılması və alternativ ünsiyyət kanallarının hazırlanması tövsiyə edilir.
Birdview-in açıqlamasında qeyd olunur ki, hər kəs havaya eyni reaksiya verməsə də, ümumilikdə hava şəraiti davranış və iş tempində ciddi dəyişikliklər yaradır: “Əgər yağışlı günlərdə motivasiyanız azdırsa, bu, normaldır. Sadəcə iş prosesini planlaşdırarkən havanın təsirini nəzərə almaq daha düzgün nəticə verəcək".
Sərvanə Rəmixanova