Redaktor
İcarə qiymətlərinin artması biznes sahibləri üçün çətinlik yaradıb
Azərbaycanda sahibkarların ən çox üzləşdiyi problemlərdən biri uyğun qiymətə icarə yeri tapmaqdır. Mərkəzə yaxın qiymətlər çox bahadır, mərkəzdən uzaq hissələr isə biznes qurucularına sərf etmir. Bu zaman onlar uzağa getməkdənsə heç başlamamağı üstün tuturlar.
İcarə qiymətlərinin artması biznes sahiblərinin işinə necə təsir edir?
Bu barədə Valyuta.az-a danışan biznes təlimçisi İlham Əfəndiyev bildirib ki, icarə qiymətlərinin artması biznes sahibləri və yeni başlayanlar üçün ciddi çətinliklər yaradıb:
“Hazırda uyğun məkan tapmaq həm bahalıdır, həm də risklidir. Bu isə insanları planlarını təxirə salmağa və ya biznes modelini dəyişməyə məcbur edir. İcarə bahalaşdıqca aylıq sabit xərclər artır, mənfəət azalır və bəzən qiymətləri qaldırmaq məcburiyyəti yaranır. Bir çox sahibkar filial açmaq və ya biznesini genişləndirmək fikrindən imtina edir”.

O deyir ki, belə bir şəraitdə sahibkarlar biznes modellərini yenidən nəzərdən keçirməlidirlər: “Məsələn, oflayn fəaliyyətdən onlayn formata keçmək və ya daha az məkan tələb edən modellərə üstünlük vermək mümkündür. Risklərin əvvəlcədən qiymətlərə daxil edilməsi də vacibdir. Həmçinin elə niş sahələr tapılmalıdır ki, orada icarə xərcləri mənfəətə ciddi təsir göstərməsin. Yüksək marjlı xidmətlər və ya rəqəmsal bizneslər buna yaxşı nümunədir. Mütləq şəkildə Azərbaycanda rəqiblərin nə etdiyinə, harada fəaliyyət göstərdiklərinə və xərcləri necə idarə etdiklərinə baxmaq lazımdır”.
Şəbnəm İbrahimxəlil