Redaktor
Almaniya iqtisadiyyatında vəziyyət kritikdir: Məhsuldarlıq aşağı, vergilər çox yüksək...
Valyuta.az-ın məlumatına görə, bu barədə "Der Spiegel" jurnalı kansler Fridrix Merzin hökumət tərəfdaşlarına ünvanladığı məktuba istinadən yazıb.
Nəşr qeyd edib ki, kansler vəziyyətin kritik olmasına tam əmindir.
Jurnalın əldə etdiyi məktubda gələn il üçün prioritetlər və məqsədlər qeyd olunub. Kansler miqrasiya siyasətindəki uğurları qeyd etməklə yanaşı, Almaniya iqtisadiyyatının çətin vəziyyətinə də toxunub.
"Merzin sözlərinə görə, Almaniya iqtisadiyyatının vəziyyəti kritik olaraq qalır: məhsuldarlıq çox aşağı, bürokratik və vergi xərcləri isə çox yüksəkdir", deyə "Spiegel" yazır.
Buna görə də, 2026-cı ildə kansler ölkənin iqtisadi inkişafı üçün əlverişli şərait yaratmaq, eləcə də Almaniyada artım və iş yerlərinin təmin edilməsi məqsədini qoyub.
28 dekabrda Almaniya İşəgötürənlər Assosiasiyasının (BDA) rəhbəri Rainer Dulger Almaniyanın qurulduğu gündən bəri ən uzun böhranın ortasında olduğunu bildirib. O, bunun öhdəsindən gəlmək üçün qətiyyətli bir irəliləyişin lazım olduğuna inanır. Dulger ölkədə bürokratiyanın azaldılmasına çağırdı. Onun fikrincə, bu, vətəndaşlara inkişaf etmək üçün daha çox azadlıq verəcək.
O, xarici siyasət böhranlarının daxili islahatları daha da zəruri etdiyinə inanır. Dulger kansler Fridrix Merzə müraciət edərək iqtisadi artım olmadan effektiv xarici siyasətin mümkün olmadığını bildirib.
Paşa Məmmədli