Taksidən istifadə edənlər sürətlə azalır - Səbəb nədir?
Ekspertlərin fikrincə, bu sahə ilə bağlı verilən sərt qərarlardan sonra bu, gözlənilən idi. Proqnozlara görə, sərnişinlərin sayındakı azalma bundan sonra da davam edəcək.
Taksilərlə bağlı həyata keçirilən tənzimləmələr qısamüddətli səfərlərdən istifadə edən sərnişinlərin tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib. Bu fikirləri sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, Azərbaycanda taksidən istifadə edən 5.25 milyon sərnişin azalması qeydə alınıb. Onlardan 50 faizi avtobusa, 20 faizi isə metroya keçid edib. Taksilərlə daşımada orta qiymət 2.2 manat artıb. Orta səfər məsafəsi isə 34 faiz çoxalıb. Bununla yanaşı, taksilərin orta təqdim olunma vaxtı 1.2 dəqiqə yüksəlib.
Qeyd edək ki, sosial şəbəkələrdə də taksi sürücüləri sərnişinlərin azaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, nə komfort, nə də ekonom kateqoriyasında əvvəlki qədər sərnişin olmur. Hətta sürücülərin bəziləri sərnişinlərin az olması səbəbindən gündəlik tələb edilən kvotanı da doldura bilmirlər.
Taksidən istifadədə beş milyondan çox azalma böyük göstəricidir. Bəs sərnişinlərin birdən-birə bu qədər azalmasına səbəb nədir? Azalma gələcək dövr üçün də davam edə bilərmi?
Taksi ilə səyahət etməyi üstün tuturdular
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov bildirdi ki, taksidə sərnişinlərin sayının azalmasının əsas səbəblərindən biri qiymətlərin yüksəlməsidir: “Taksidən sovet dövründə hər insan istifadə edə bilmirdi. Amma son dövrlərə qədər taksilərin qiyməti o qədər aşağı idi ki, insanlar hətta öz maşınları ilə yox, taksi ilə səyahət etməyi üstün tuturdular. Bu, daha sərfəli idi. Əvvəl yollarda “Prius”ların əlindən tərpənmək olmurdu. İndi sayları xeyli azalıb. Bu da qiymətlərə təsir edib”.
B.Bağırovun fikrincə, ictimai nəqliyyat inkişaf etdikcə, insanlar taksilərdən imtina edəcək: “Həmçinin taksilər tıxaclar səbəbindən vaxtında ünvana çata bilmirlər. Bu səbəbdən, insanlar daha sürətli olsun deyə, metrodan, bir çox hallarda da avtobusdan istifadə edirlər. Velosiped yolları da çəkildikcə, gənclər mikromobillik vasitələrinə yönəlirlər. Qurumlar da elə buna çalışırlar ki, insanlar daha çox ictimai nəqliyyata yönəlsinlər. Xarici ölkələrdə hətta yaşlı nəslin nümayəndələri belə velosipedlə hərəkət edirlər. Bizim ölkəmizdə də ilin 12 ayının əksəriyyətində havalar mülayim keçir. İnfrastruktur təmin edildikdən sonra istifadəçilərin sayı daha da artacaq. İctimai nəqliyyatdakı problemlər də bitdikdə, insanların taksilərdən istifadəsinə elə də ehtiyac qalmayacaq”.
Bu şəxslər taksi sürməli deyil
Ekspert bildirir ki, bu sahədə sadəcə peşəkar sürücülərin olması vacibdir: “Hər sürücülük vəsiqəsi alan şəxs taksi sürməli deyil. İnsanların əksəriyyəti asan işə yönəlmək istəyir. Bu səbəbdən də taksi sürücülərinin sayı hədsiz çox idi. Həqiqətən bu sənətin peşəkarı olan sürücülər özlərinə iş tapacaq”.
“Sürücülərin maliyyə itkisinə səbəb olacaq”
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, taksi istifadəçilərinin sayının azalması gözlənilən idi: “Taksilərlə bağlı verilən sərtləşdirilmiş qərarlar bunu əvvəlcədən təxmin etməyə şərait yaradırdı. Verilən sərt qərarlar, rüsumların artması ümumi taksi qiymətlərini də yüksəltdi. Beləliklə, müştərilərin də sayı azalmağa başladı. Sərnişinlərin sayındakı azalma bu templə də davam edəcək. Amma bu, sürücülərin maliyyə itkisinə səbəb olacaq”.
Şirkətlər qiymətləri qaldırır
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti İsmayıl Çobanzadənin fikrincə, şirkətlər aldıqları maşınların xərcini çıxarmaq üçün qiymətləri yüksəldir. Bu da təbii ki, insanların əksəriyyətinə sərf etmir: “Əvvəllər taksi şirkətləri rahat şəkildə hər qeydiyyatdan keçəni işə götürürdü. İndi isə yalnız tələblərə cavab verən və imtahandan keçib sertifikat alan sürücüləri işə qəbul edirlər. Şirkətlərə də çox böyük cərimələr tətbiq edildi. Maşınların ili də artıq yeni olmalıdır. Yeni maşınların da qiyməti daha yüksək olduğu üçün hər adam avtomobil alıb taksi kimi sürə bilmir. Artıq şirkətlər özləri yeni maşınlar gətirirlər. Bu zaman da şirkət maşınlara xərclədiyi pulu çıxarmaq üçün qiymətləri yüksək təyin edir. Taksi qiymətləri aşağı olanda insanlar vərdiş etmişdilər. Amma qiymətlər yüksəldikcə artıq insanlar hər dəfə taksiyə minə bilmirlər”.
“Sərnişin olanda da sürücü getmir”
İ.Çobanzadə sərnişinlərin taksidən narazılıq etdiyi məqamlara da toxundu: “Düzdür, sürücülər sərnişin azaldığı üçün narazılıq edirlər. Lakin sərnişinlərin azalmasında taksi sürücülərinin də rolu az deyil. Çünki sərnişin olduğu zaman onlar problem yaradırlar, getmək istəmirlər. Məsələn, günün pik saatlarında bir çox sürücü maşın sürmək istəmir. Sərnişinlər də şikayət edir ki, taksi çağırırıq, yarım saat, bəzən ondan da çox gözləyirik. Lakin sonda sürücü ya qiymətin sərf etmədiyini, ya da həmin əraziyə, məsafəyə getmək istəmədiyini bildirir. Qiymətlər nə qədər yüksəlmiş olsa da, taksi sürücüləri yenə də deyirlər ki, şirkətlər qiymətləri çox aşağı təyin edir. Düşünürəm ki, tədricən bütün bu məsələlər öz həllini tapacaq. İctimai nəqliyyat da düzəldikdən sonra insanlar taksidən uzaqlaşacaq”.
© Kaspi.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay