
1 kubmetri 70 qəpiyə şirinləşdirilə bilən dəniz suyu - Abşeron yarımadası özünü su ilə təmin edəcək?
“Ən müasir texnologiyalarla 1 kubmetr okean suyunun təmizlənərək şirinləşdirilməsi 1-1.50 manata başa gəlir. Xəzər dənizdə duzluluq okeandan 3 dəfə aşağıdır. Bu, xərcləri daha da azalda bilər, hətta 50-70 qəpiyə, maksimum 1 manata suyun 1000 litrini şirinləşdirə bilərik".
Bu sözləri Valyuta.az-a ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Xəzər dənizinin suyunun şirinləşdirilməsi və bu suyun hansı istiqamətdə istifadə edilə biləcəyi haqqında danışarkən deyib.
Rövşən Abbasov bildirib ki, dəniz suyunun şirinləşdirilməsi, Xəzər suyundan istifadə həmişə müzakirə müvzusu olub. Azərbaycanın çox böyük imkanları var:
“Hətta 100-120 il bundan əvvəl Bakıda dəniz suyunu şirinləşdirən qurğular fəaliyyət göstərib. Bu qurğular vasitəsi ilə neftçilərə dəniz suyunu şirinləşdirib verirdilər. Çünki uzaqdan su gətirmək mümkün deyildi. Təbii ki, o zamankı texnologiyalar daha fərqli, daha köhnə idi. İndi yeni texnologiyalar var. Bu istiqamətdə görüləcək işlərlə bağlı bizə böyük vədlər verir. Bunu içməli su, məişət suyu, hətta kənd təsərrüfatında da qənaətlə istifadə edə bilərik”.
Ekspert deyib ki, dəniz suyunun şirinləşdirilməsi bizə xüsusi ilə Abşeron yarımadasında lazımdır:
“Hazırda Bakıya su uzaqdan - Oğuz-Qəbələdən, Kürdən, Şollardan, Taxtakörpü su anbarı vasitəsi ilə Samurdan gəlir. Amma Abşeron yarımadasının özünün su mənbəyi olarsa, həm əhali içməli su ilə təmin olunar, həm də yerlərdə su stresini azaltmış olarıq. Sizə bir misal çəkim. Xaçmaz rayonunda çox ağır su problemi var, çünki onların su mənbələrindən su götürülərək Bakıya verilir. Bu su götürmələr azaldılarsa, onların da suyu olar. Ona görə də nə qədər çox dəniz suyundan istifadə olunarsa, belə regionlarda su problemi azalmış olar.
Bu təkcə Bakı ilə məhdudlaşmır, elə Xaçmazın özü dəniz sahilidir, Xaşmazdan Astaraya qədər olan regionlarımızda dəniz suyundan istifadə etmək olar”.
Qeyd edək ki, 12.04.2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməlidir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay