BP-nin Baş icraçı direktoru dəyişdi

Redaktor

18.12.2025 10:40
130

BP-nin Baş icraçı direktoru dəyişdi

BP şirkəti Avstraliyanın" Woodside Energy" şirkətinin rəhbəri Meg O’Neill-i yeni Baş icraçı direktor (CEO) təyin edib. O’Neill 1 aprel 2026-cı ildən vəzifəsinin icrasına başlayacaq.

Valyuta.az xəbər verir ki, bu təyinat BP-nin əvvəlki CEO-su Murray Auchincloss-un gözlənilməz şəkildə vəzifədən ayrılmasından sonra baş tutub. O’Neill BP-nin tarixində şirkət xaricindən təyin olunan ilk CEO və eyni zamanda dünyanın beş ən böyük neft-qaz şirkətinə rəhbərlik edən ilk qadın olacaq.

BP-nin İdarə Heyətinin sədri Albert Manifold bildirib ki, şirkət səhmdarlar üçün dəyəri artırmaq məqsədilə dərin və transformativ dəyişikliklərə ehtiyac duyur. Onun sözlərinə görə, son illərdə müəyyən irəliləyişlər əldə olunsa da, daha sərt idarəetmə və maliyyə intizamı tələb olunur.

Son iki ildən bir qədər artıq dövrdə BP-də ikinci dəfə CEO dəyişikliyinin baş verməsi şirkətin fəaliyyətinin yenidən qurulması cəhdləri ilə əlaqələndirilir. BP səhmlərinin və gəlirlərinin uzun müddət Exxon Mobil və Shell kimi rəqiblərdən geri qalması bu dəyişikliklərə təkan verib.

Qeyd edək ki, BP bu il strategiyasını yenidən nəzərdən keçirərək bərpa olunan enerji layihələrinə ayrılan milyardlarla dolları ixtisar edib və əsas diqqəti yenidən neft və qaz fəaliyyətinə yönəldib. Şirkət 2027-ci ilədək 20 milyard dollarlıq aktiv satışını, borcun və xərclərin azaldılmasını planlaşdırır.

55 yaşlı amerikalı Meg O’Neill Woodside Energy-yə 2021-ci ildən rəhbərlik edir. O, bundan əvvəl 23 il Exxon Mobil-də çalışıb. Onun rəhbərliyi dövründə Woodside, BHP Group-un neft-qaz bölməsi ilə birləşərək qlobal miqyasda ilk onluqda yer alan, təxminən 40 milyard dollar dəyərində müstəqil enerji şirkətinə çevrilib və hasilatını ikiqat artırıb.

O’Neill-in BP-yə keçidi fonunda Woodside səhmləri təxminən 3% dəyər itirib. BP-də isə Meg O’Neill vəzifəsinə başlayana qədər şirkətin icraçı vitse-prezidenti Carol Howle müvəqqəti CEO kimi fəaliyyət göstərəcək. Auchincloss isə 2026-cı ilin sonunadək məsləhətçi rolunda qalacaq.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...