İşçilər niyə çalışdıqları şirkətin məmnuniyyət sorğusuna laqeyd yanaşırlar?
Şirkətlərin çoxunda məmnuniyyət sorğusu keçirilir. Amma işçilər çox vaxt məmnuniyyət sorğusuna ehtiyac duyulmayan, formal bir proses kimi yanaşırlar. Bunun bir çox səbəbləri ola bilər. Əsas səbəb isə, “onsuz da nə dəyişəcək ki” düşüncəsidir.
Beynəlxalq Əmək təşkilatının rəsmi təlimçisi, İnsan Resursları mütəxəssisi Saleh Həsənov Valyuta.az-a bildirdi ki, işçilərin məmnuniyyət sorğusuna olan biganəliyi çox vaxt işlədikləri yerə olan güvənsizlikdən qaynaqlanır: “Məmnuniyyət sorğusunun keçirilməsi üçün ilk olaraq işçilər şirkətə güvənməlidir. İşçi güvənməlidir ki, bu məmnuniyyət sorğusunun nəticəsində onların irəli sürdüyü fikirlər nəzərə alınacaq, ölçü götürələcək və hansısa dəyişikliklər ediləcək”.
Saleh Həsənovun sözlərinə görə, məmnuniyyət sorğularında işçilərin etirazları və ya təkliflərinin nəticəsiz qalmağında səbəblərdən biri işçilərin səmimiyyətsiz cavabları ola bilər: “Məmnuniyyət sorğusunda hansısa prosesin nəticəsi ölçülür və ya ümumi proseslər barədə məmnuniyyəti soruşulursa, işçilər daha səmimi olmalıdır. İşçilərin səmimiyyəti və məmnuniyyət sorğularını cavablandırma həvəsi şirkət rəhbərliklərinin daha diqqətli olmalarına səbəb ola bilir”.
Mütəxəssis deyir ki, şirkətlər məmnuniyyət sorğularına daha həssas yanaşmalı, sorğular daha konkret tərtib edilməlidir: “Məmnuniyyət sorğusunun sualları elə formatda tərtib olunmalıdır ki, onun hansısa manipulyasiya imkanı olmasın. Məmnuniyyət sorğusunun keçirilməsi çox önəmlidir. Bu sorğular illik və ya dövrü olaraq keçirilə bilər. Onun vasitəsilə də şirkətlərin işçilərə olan münasibətini, imtiyazları formalaşdıra bilərlər. Məmnuniyyət sorğusunun keçirilməsində hər hansı təkliflər, nəzərə alınmalı hallar qeyd olunmalıdır. Xüsusən sorğuların suallarının və onun cavabları peşakarlar tərəfindən elə hazırlanmalıdır ki, bunun nəticəsində həmin məsələ dəqiq ölçülə bilsin”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay