Redaktor
Rəqabət analizi nədir və necə aparılır?
Hazırkı bazar şəraitində hər bir şirkət daim dəyişən mühitə uyğunlaşmaq və rəqiblərindən bir addım öndə olmaq üçün strateji qərarlar verməlidir. Bu qərarların əsasını isə rəqabət analizi təşkil edir.
Rəqabət analizi bazarda fəaliyyət göstərən digər şirkətlər haqqında məlumat toplayaraq bu məlumatları təhlil etmək və bu təhlildən əldə edilən nəticələri öz biznesinizin inkişafı üçün istifadə etmək prosesidir.
Rəqabət analizi edərkən isə bir neçə əsas nüansa diqqət yetirmək vacibdir:
Ən böyük rəqiblərinizi müəyyənləşdirin
İstər lokal, istər regional, istərsə də qlobal səviyyədə fəaliyyət göstərən bir şirkət olun, siz mütləq rəqabət şəraitindəsiniz. Bu rəqiblərdən bəziləri daha əvvəl hərəkətə keçərək bazarda daha çox yer tuta və müştəriləri cəlb edə bilərlər. Onları müəyyənləşdirmək üçün “Google” axtarış motoru sizin üçün bir xəzinədir. Sadə bir axtarışla sektorda fəaliyyət göstərən şirkətlər haqqında məlumatları öyrənə bilərsiniz.
Rəqiblərinizin məzmun strategiyasını araşdırın
Ən əsas rəqiblərinizi müəyyən etdikdən sonra onların internetdə hansı məzmunları paylaşdıqlarını analiz edin.
Bu məzmunların keyfiyyəti, paylaşım sıxlığı və istifadə olunan formatlar sizə öz strategiyanızı formalaşdırmaqda yardım edəcək. Əgər rəqibinizin veb saytında dolğun və keyfiyyətli yazılar varsa, axtarış sistemlərində daha yüksək mövqe tutacaq. Bu səbəbdən, siz də oxşar və ya daha keyfiyyətli məzmunlar yaratmağa çalışmalısınız.
Rəqiblərinizin SEO strategiyasını təhlil edin
Oxşar məzmunlar hazırlasanız belə, rəqiblərinizin sizdən fərqli olaraq SEO (axtarış motoru optimizasiyası) baxımından daha güclü strategiyası ola bilər. Bu zaman aşağıdakı faktorları diqqətlə araşdırın:
•Səhifə başlıqları və URL strukturu
•Ana açar sözlər və onların axtarış həcmi
•H1 etiketi və alt başlıqlar
•İcmal və mətnin uzunluğu
•Şəkil alt yazıları
•Daxili və xarici linklər
Məsələn, “telefon qabı” ifadəsi üçün birinci səhifəyə çıxmaq çətin ola bilər. Ancaq “Xiaomi telefon qabları” kimi uzun açar sözlərdə uğur qazanmaq daha mümkündür.
Sosial media fəaliyyətlərini izləyin
Rəqiblərinizin sosial mediada necə fəaliyyət göstərdiyini təhlil etmək vacibdir. Aşağıdakı suallara cavab tapmağa çalışın:
•Hansı platformalarda aktivdirlər?
•Paylaşımlarının sıxlığı və formatı necədir? (yazı, şəkil, video, infoqrafika və s.)
•Ən çox hansı növ paylaşımlar interaktivlik yaradır?
•Takipçi sayı və onların orqanikliyi nə vəziyyətdədir?
Bu təhlillər sizə hansı məzmunda paylaşımlar etməli olduğunuz və hansı auditoriyaya xitab etməli olduğunuz barədə dəqiq yol göstərə bilər.
Təkmilləşdirilməli sahələrə fokuslanın
Rəqabət analizinin sonunda hansı sahələrdə zəif olduğunuzu və inkişaf etdirilməli tərəflərinizi görəcəksiniz. Məlumatları bir yerə toplayaraq bu suallara cavab axtarın:
•Hansı sahədə geri qalırıq?
•Hansı sahəyə daha çox resurs yönəltməliyik?
•Rəqiblərdən necə fərqlənə bilərik?
Strateji yanaşma ilə həm məzmun, həm SEO, həm də sosial media sahəsində inkişaf edərək bazarda önə çıxmaq mümkündür.
Günay