Zamana səyahət edilən məkandan

Redaktor

25.11.2025 09:20
350

Zamana səyahət edilən məkandan - REPORTAJ + FOTOLAR

"Tarix, din və təbiətin iç- içə olduğu məkan"

Azərbaycanın istənilən bölgəsinə getsək, orada öyrənəcəyimiz xüsusi bir tarix, sevəcəyimiz təbiət bizi qarşılayar. Bunlardan biri də İsmayıllıdır. İsmayıllı deyərkən, ağla Basqal və Lahıc qəsəbələrinin gəldiyi danılmazdır. Noyabrın 18-19-u Dövlət Turizm Agentliyinin media nümayəndələri üçün təşkil etdiyi mediatur da İsmayıllının məhz bu qəsəbələrinə idi.

Səfərimizin məqsədi özündə minilliklərin tarixini yaşadan qəsəbələrdəki qış turizm mövsümü öncəsi daxili turizm imkanları ilə tanış olmaq, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək idi. 

İsmayıllıya gedərkən bəzi məkanlar var ki, oraları ziyarət etmədən keçib getmək mümkün deyil. Məhz ona görə də, İsmayıllıya gedəndə yolumuzu Qobustandan saldıq. Baxıb keçmişə qayıdacağımız, o illərin ruhunu özündə saxlayan bir məkanı - “Diri Baba” türbəsini ziyarət etdik. 

Azərbaycanda orta əsrlik sufilik cərəyanının tarixi ilə bağlı olan bu memarlıq abidəsi dövlət tərəfindən mühafizə olunur. Diri Baba türbəsindəki məlumatlara görə, bu abidə Şirvanşahlar dövlətinin hökmdarı Şirvanşah I İbrahimin əmri ilə 1402-ci ildə tikilib.

Təbiətlə iç-içə olan tarixi məkan Diri Baba türbəsinin inşa edildiyi qayada 9 mağara var. Qeyd edim ki, Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Bu tarixi abidəni hər il həm xarici həm də yerli turistlər ziyarət edir.

"Diri Baba" türbəsi önünüdə xatirə fotosu

Diri Baba türbəsini ziyarət etdikdən sonra yolumuzu yenidən İsmayıllıya saldıq. 

Gəlib Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğuna çatdıq. Hər küçəsi ayrı bir mədəniyyət, tarix olan Basqalı Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli ilə gəzməyə başladıq. M.Ağabəyli bizi qoruqda tarix və mədəniyyət abidələri üzərində həyata keçirilən tikinti bərpa işləri və abadlaşdırma ilə yaxından tanış etdi. Yol boyunca Basqalda işıqlandırma sisteminin yeniləndiyinə diqqət çəkdi. Bildirdi ki, istifadə olunan işıqlandırma qurğularının müasir dizaynla deyil, məhz tarixi estetikanı qoruyacaq üslubda quraşdırılıb. Məqsəd kəndin qədim görünüşünü olduğu kimi saxlamaqdır, bu, mədəniyyət və tarixə verilən dəyərdir.

Baqsalın əsas meydanı

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid olan Hacı Bədəl məscidində də bərpa işləri son mərhələdə idi. Məscidin ərazisində fəaliyyət göstərən ustalar, ətrafda yığılan tikinti materialları burada genişmiqyaslı restavrasiya getdiyini təsdiqləyirdi. Basqalın ənənəvi qatlama dam örtükləri kəndin tarixiliyini daha dərindən hiss etdirirdi. Təmir zamanı məhz bu detalların qorunması xüsusilə nəzərə alınıb. Girişin kiçik bir hissəsi isə bazar meydanı ilə birləşdirilib. 

Hacı Bədəl məscidinin bərpası yekunlaşmaq üzrədir - FOTO

Basqalda yerli əhalinin satdığı kəlağıyılar, suvenirlər və tarixin izlərini özündə daşıyan müxtəlif əl işləri həm yerli, həm də xarici turistlərin böyük marağına səbəb olur. Basqalın mağazalarına baş çəkdikcə, bu maraq və heyranlıq bizi də bürüyürdü.

Azərbaycanın yüzilliklər boyu inkişaf etmiş hamam mədəniyyətini yaşadan tarixi Basqal hamamı da artıq bərpa olunub. XVII əsrdən bu yana qorunub saxlanan daş divarlı hamam kəndin ən vacib mədəni irs nümunələrindən biri kimi təqdim olunur.

Basqalın başqa nə ilə tanındığını bilirsinizmi? Buraya gələnlərin mütləq xatirə fotosu çəkdirdiyi məşhur bir məkan var. Söhbət həm yerli, həm də xarici turistləri cəlb edən 500 illik çinar ağacından gedir. Həmin gün də bu qədim ağacın əzəməti qarşısında turistlər şəkil çəkdirir, ağacın içinə daxil olub onun illərin sınağından keçmiş köklərini maraqla seyr edirdilər.

Basqalda məşhur Partizan Məmmədin evi də özündə xüsusi tarix daşıyır. Gəlin, bir az da bu tarixi evə səyahət edək. İkinci Dünya müharibəsi zamanı İtaliyada döyüşmüş Partizan Məmməd vətənə qayıtdıqdan sonra burada italyan üslubunda ev tikdirib. Onun vəfatından sonra ev yarımçıq qalsa da, hazırda bərpa olunur və birinci mərtəbənin ev muzeyi kimi fəaliyyət göstərəcəsi planlaşdırılır.

Basqala səfərimizdə media nümayəndələrinə bildirildi ki, Basqalda bərpa işləri çərçivəsində evlərin dam örtüklərinin tarixi görünüşə qaytarılması işləri aparılıb. Artıq ilkin mərhələdə 40-dan çox evin damı tarixi formada təmir olunub.

Diqqətimi çəkən elementlərdən biri də tarixi evlərin divarlarında yerləşən taxta kətillər idi. Basqal seysmik zonada yerləşdiyi üçün keçmiş ustalar evləri zəlzələyə davamlı etmək üçün bu konstruksiya formasından istifadə ediblər. Bu forma da qorunub saxlanılıb. 

Ancaq müşahidə etdiyim daha bir məqam - burada evlərin bəzilərinin qıfıllı olması, yerli sakinlərin yaşamaması idi.

Basqalın sükutunu pozanlar isə əsasən qəsəbənin tarixini görməyə gələn turistlər idi.

Tam bunu düşünərkən Murad Ağabəyli media nümayəndələrinə bildirdi ki, Basqal yenidən canlandıqdan sonra buradan köçmüş bir çox sakin yenidən kəndə qayıdıb. Hazırda isə Basqalda 20-dən çox xırda sahibkarlıq subyekti fəaliyyət göstərir, yerli əhali evlərdə çay evləri açır, suvenirlər, müxtəlif əşyaların satışı ilə məşğul olurlar.

Bu proses yerli əhalinin sosial vəziyyətinin yaxşılaşmasına da müsbət təsir edir. Və bu yolda ciddi addımlar atılır. Bizi burada suvenir və kəlağayı satan satıcılarla tanış etdilər. Onların satdıqları müxtəlif əl işlərinə yaxından baxdıq və məhsullarla daha ətraflı tanış olduq.

Tam bu arada Cahid ustanın məkanı ilə tanış olduq. Basqalın məşhur dadlarından biri olan Basqal halvasını Cahid ustanın gözəl hazırladığını dedilər. Bu şirniyyat kəndə gələnlərin ən sevdiyi ləzzətlərdən biri hesab olunur. Bunu deyərdim ki, gələn çinli turistlərin gözlərindəki maraq və heyranlıqla şirniyyatı dadması təsdiq edirdi. 

Basqala gəldinsə halvaçı Cahid dayının dükanına mütləq baş çəkməlisən

Qeyd edim ki, getdiyimiz gün kəndi maraqla gəzməyə çalışan çinli turistlər xüsusilə diqqət çəkirdi. “Çin Ziyarətçiləri Sammiti” (“China Visitors Summit”) çərçivəsində Azərbaycana gəlmiş 50-dən çox turizm şirkətinin nümayəndələri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda idi. Onlar hələ Azərbaycanın sevimli məkanlarına - Şəki və Qəbələyə gedəcəkdilər. Biz isə bu günümüzü İsmayıllıya həsr etdik, daha gəzib tanış olacağımız çox şey var idi. Basqalın şirniyyatı ilə çay içdikdən sonra yola düşdük Kəlağayı istehsalı emalatxanasına.

Bu da Basqala qonaq gəlmiş Çindən olan turistlər

Həyətə daxil olduqda qurumaq üçün sərilmiş kəlağıyılar həmkarlarımızın diqqətini xüsusilə cəlb etdi. Onlar parçalara toxunur, naxışların incəliyini daha yaxından görmək üçün diqqətlə izləyirdilər.

Bizi burada sənətkar Ələsgər dayı qarşıladı. Ələsgər dayı kəlağayı sənətini atasından öyrənib. O deyir ki, indi gündəlik istehsal həcmi əvvəlki kimi çox deyil. Əvəllər Basqalda fəaliyyət göstərən sex olub ki, burada 200-300 nəfər çalışıb, gündə 1000 kəlağayı hazırlayıb. Lakin indi gündə 10-15 kəlağayı hazırlanır. Murad Ağabəyli qeyd etdi ki, Basqaldakı köhnə məktəb binası sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa olunduqdan yenidən kəlağayı sexi fəaliyyət göstərəcək.

Emalatxanada ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izlədik. 

Qeyd edim ki, 2014-cü ildə “Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Çünki kəlağayı Azərbaycan tarixini özündə yaşadan, mədəniyyətimizin incəliyini, zərifliyini və yüzillik sənətkarlıq ənənəsini simvolizə edən, nəsildən-nəsilə ötürülən ən dəyərli irslərimizdən biridir.

İsmayıllının İçərişəhəri - Lahıc

Bizim üçün gün hələ bitməmişdi. Yolumuz Basqaldan Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna idi. Yol boyu bizi sıldırım qayalar, yarpaqlarını töküb səbirsizliklə qışı gözləyən ağaclar qarşılayırdı. Lahıcı İsmayıllının İçərişəhəri adlandırardım.

Əgər Lahıcı görməmisinizsə…- REPORTAJ | Kaspi.az

Lahıcda da bizi maraqlı mənzərələr, tarixi məkanlar, gülərüz yerli sakinlər qarşıladı. "Bəli, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində də daimi olaraq bərpa işləri aparılır" - bunu Lahıcda bizi qarşılayan “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Nəzər Əliyev dedi. Lahıc haqqında ən maraqlı, tarixi məlumatları onunla gəzə-gəzə öyrəndik.

N.Əliyev deyir ki, Lahıcın adı ilk dəfə yazılı mənbələrdə eramızın IV əsrində çəkilib. Lakin bunadan əvvəl tapılmış eksponatlara, antik qəbirlərə görə Lahıcın IV mindən çox yaşı olduğu güman olunur. 100-dən çox tarixi abidəsi olan Lahıc 1980 ci ildən qoruq elan olunub. Onun sözlərinə görə, hazırda Lahıcda 2000-ə qədər insan yaşayır.

N.Əliyevdən daha maraqlı bir məlumatı bizimlə bölüşdü. Belə ki, bu il Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi üçün Qoruq evi inşa olunur, qoruğun qarşısında Tarix-Diyarşünaslıq Muzeyinin yerləşməsi üçün yeni muzey binası tikilir. Və Lahıc qəsəbəsində Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi üçün inşa edilən yeni inzibati bina ilin sonuna qədər istifadəyə veriləcək.

“Lahıc” qəsəbəsi 1980-ci ildən qoruq elan edilib” - Nəzər Əliyev


Təbii ki, bu tikintidə də əsas önəm verilən Lahıcın tarixi memarlıq üslubuna uyğun formada sıfırdan inşa olunmasıdır. Qeyd olundu ki, qoruğun ofisi, muzey üçün inzibati sahə, kiçik iclas zalı və kafe olacaq.

Lahıcı gəzə-gəzə Nəzər müəllim də bizimlə gəlir, məlumatlandırırdı. Onun sözlərinə görə, əvvəllər burada meydanda insanlar toplaşırmış. Qeyd edim ki, Lahıcda 7 əsas məhəllə var. Hər məhəllənin öz məscidi olub. Məscidin qabağında böyük meydanlar olub. İnsanlar onda bir yerə toplaşır, ağsaqqalara qulaq asır, tədbirlər keçirilərmiş. Nəzər müəllimin bu təsvir xarakterli məlumatları bizi lap Lahıcın keçmişinə apardı. Tarixiliyi qorunan belə bir məkanda keçmişə getmək deyərdim ki, o qədər də çətin deyil. 

Məlum oldu ki, Lahıcın bir problemi var. Belə ki, Lahıcda turistlərin sayı çox olduğundan bir çox hallarda parkinq problemi yaranır. Tursitlər Lahıcın tarixi hissəsinə maşınla buraxılmır ki, sıxlıq olmasın, insanlara mane olmasın. Ona görə də mühüm bir qərar verilib ki, burada parkinq ərazisi qurulsun. Sevindirici haldır ki, hazırda həmin bərpa və inşaat işləri yekunlaşmaq üzrədir. 

Bildiyimiz kimi Lahıc misgərlik, xalçaçılıq və digər müxtəlif sənətkarlıq nümunələrinin inkişaf etdiyi tarixi məkanlardan biridir. 

Məhz buna görə də Lahıcın yerli sakinlərindən biri 70 yaşlı Sülhiyyə nənə ilə həmsöhbət olduq. 50 ildir xalçaçılıqla məşğul olan zəhmətkeş xalçaçı nənə dedi ki, bu dəyərli iş onlara nəsildən nəsilə ötüb: "Anam, nənəm xalçaçı olub. Xalçalar əl işlərimizdir, göz nurumuzdur. Elə xalçalar olur ki, uzun vaxtımızı alır, amma sevdiyin işlə məşğul olanda zamanın necə keçdiyini bilmirsən", - deyir Sülhiyyə nənə.  Onun sözlərinə görə, yerli və bəzi xarici turistlər xalçalara maraq göstərir, alırlar. 

Həmsöhbət olduğumuz bir digər Lahıc sakini isə 75 yaşlı Ağabala kişi idi. Ətirli çay, müxtəlif ədviyyatlar satan Ağabala kişi lahıcın IV min illik tarixinin kiçik bir hissəsinə şahid olub. O deyir ki, burada olduğu müddətdə çoxlu turist qarşılayıb, ondan həm xarici, həm də yerli turistlər ətirli çaylardan alır, həmsöhbət olurlar: "Bakıdan, müxtəlif bölgələrdən, hətta ölkələrdən gələn turistlər çox olur burada. Ən çox Tükriyə, Çin, Özbəkistan, Yaponiya, Qazaxıstandan turistləri qarşılayırıq. Amma deyərdim ki, ən çox qonaqlar Türkiyə və İsraildən Lahıca təşrif buyurur".

Əgər Lahıcı görməmisinizsə…- REPORTAJ | Kaspi.az

Lahıca gedəndə ziyarət etməli olduğunuz, adı tez-tez çəkilən məscidlərdən biri də Badavun məscididir. 1791 ci ildən bu yana tarixin izlərini hər kərpicində daşıyan bu məscid bərpa olunub. Dəfələrlə zəlzələr nəticəsində dağılan bu məscid son iki yüz il ərzində bir neçə dəfə təmir edilib. 

“Lahıc” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən bu məscid 2001-ci ildən dövlətin mühafizəsindədir. Hətta 2019-2021-ci illərdə Dövlət Turizm Agentliyinin sifarişi ilə Heydər-Əliyev Fondu tərəfindən bərpa olunub. 

Qoruq ərazisində mis mağazalarını və emalatxanaları gəzərək canlı iş prosesini izlədik. Zəhmətkeş ustaların satışa çıxardığı məhsulların necə böyük zəhmət və incə əməklə hazırlandığını yaxından gördük.

Lahıcdan xatirə fotosu

Sonda xatirə fotosu çəkdik. Xoş mənzərə, sevinc və təbiətin bəxş etdiyi sakit, hüzurlu hava ilə qaldığımız məkana doğru yola düşdük.

DTA tərəfindən təşkil olunan mediaturda həmkarlarla həm əyləndik, həm də öyrəndik.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...