Redaktor
"Tesla" strategiyasını dəyişir
"Tesla" Hindistanda zəif satışlar fonunda strategiyasını dəyişir.
Valyuta.az xəbər verir ki, "Tesla" Hindistanda satışların gözləniləndən aşağı olması fonunda ölkədə fəaliyyət strategiyasını yeniləyir. Şirkət Gurqraam şəhərində özünün ən böyük satış və xidmət mərkəzini açıb. Mərkəz şou-rum, şarj stansiyası və satış sonrası xidmətləri özündə birləşdirir.
"Tesla" iyuldan bəri Hindistanda cəmi 100-dən bir qədər çox avtomobil sata bilib. İyul-sentyabr dövründə qəbul edilən 600-ə yaxın sifarişin çox az hissəsi real satışa çevrilib. Rəqiblər – BMW, BYD və Mercedes-Benz – isə eyni dövrdə daha yüksək satışlar əldə edib.
Mənbələrə görə, "Tesla" ölkədə satışları artırmaq üçün üç istiqamətə fokuslanır:
- daha çox şarj stansiyasının quraşdırılması,
- EV ekosisteminin gücləndirilməsi,
- müştəri təcrübəsinin yaxşılaşdırılması.
Hindistanda yüksək vergilər və zəif infrastruktur elektrikli avtomobillərin yayılmasını ləngidir. "Tesla"nın Model Y avtomobili bahalı hesab olunsa da, şirkət dörd il ərzində yanacaq və servis xərclərinə görə 2 milyon rupi qənaət mümkünlüyünü vurğulayır.
"Tesla" bu çətinlikləri qlobal satış zəifləməsi fonunda yaşayır. Şirkətin oktyabr açıqlamasına görə, rekord gəlirə baxmayaraq, xalis mənfəət 37% azalıb.
Elon Musk hələlik Hindistanda yerli istehsal açmağa maraq göstərmir və idxal strategiyasını davam etdirir.