Redaktor
"Suno" 2,45 milyardlıq qiymətləndirmə ilə 250 milyon dollar sərmayə aldı
ABŞ-da yerləşən "Suno" şirkəti C mərhələsi üzrə sərmayə turunu başa çatdıraraq 250 milyon dollar investisiya cəlb edib. Valyuta.az xəbər verir ki, tura "Menlo Ventures" rəhbərlik edib. Sərmayəçilər arasında "NVentures", "Hallwood Media", "Lightspeed" və "Matrix" kimi şirkətlər də yer alıb.
2022-ci ildə yaradılan "Suno"nun bazar dəyəri hazırda 2,45 milyard dollar olaraq qiymətləndirilir.
Şirkət bildirib ki, yeni sərmayə süni intellekt texnologiyası ilə musiqi istehsalını təkmilləşdirmək və kommersiya istifadəçiləri üçün məhsulun imkanlarını genişləndirmək məqsədilə istifadə olunacaq.
"Suno" – Georg Kuçko (Georg Kuczko), Keenan Freyberq (Keenan Freyberg), Martin Kamaço (Martin Camacho) və Mikey Şulman (Mikey Shulman) tərəfindən təsis edilib. Şirkət süni intellekt dəstəyi ilə musiqi yaradan platforma kimi fəaliyyət göstərir.
Platforma istifadəçilərə sadəcə mətn komandaları vasitəsilə orijinal və peşəkar keyfiyyətli musiqilər yaratmaq imkanı verir. Texniki bilik tələb olunmadan, müxtəlif janr, üslub və əhvalda mahnılar hazırlamaq mümkündür.
"Suno"nun süni intellekt modelləri mahnının sözlərini, melodiyasını, instrumental hissələrini və vokalını avtomatik şəkildə yaradır. Platforma həm pulsuz, həm də ödənişli abunə planları təqdim edir.
2025-ci ilin sentyabr ayında şirkət kommersiya istifadəçiləri üçün xüsusi versiyanı istifadəyə verib. Bu versiya reklam agentlikləri, oyun istehsalçıları və məzmun yaradıcılarının hüquqi maneələrlə qarşılaşmadan musiqidən istifadə etməsinə imkan yaradır.
"Suno"nun əsas üstünlükləri istifadəçi dostu interfeys və sürətli musiqi istehsalıdır. Şirkətin illik gəliri 200 milyon dollar təşkil edir.