Redaktor
“Startap” şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır
“Startap” şəhadətnaməsi almış sahibkarların 31-i qadın sahibkardır.
Bu barədə KOBİA-dan AZƏRTAC-a bildirilib.
Qeyd edilib ki, indiyədək hüquqi və fiziki şəxslər olmaqla, ümumilikdə 220 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Müvafiq sənədi almış startaplar əsasən “FinTech”, “EdTech”, “HealthTech”, “AgriTech”, “GreenTech”, rəqəmsal turizm, nəqliyyat-logistika həlləri və süni intellekt sahələrində fəaliyyət göstərirlər. 43 startap regionlardan, 177-si isə Bakı şəhərindəndir.
KOBİA tərəfindən verilən, mikro və kiçik sahibkarları innovasiya fəaliyyəti üzrə gəlir və mənfəət vergisindən 3 il müddətinə azad edən “Startap şəhadətnaməsi” mexanizminin əhatə dairəsinin genişləndirilməsi, müraciət prosesinin elektronlaşdırılması nəzərdə tutulur. İyirmi min manat məbləğində qrantın ayrılmasını nəzərdə tutan proqramın da davam etdirilməsi planlaşdırılır.
Həmçinin yeni yaranan startapların ilkin mərhələdə inkişafına yönəlik dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır. Gənc sahibkarlar üçün innovasiya inkubatorları və akselerasiya proqramlarının işə salınması, mentorluq və təlim imkanlarının artırılması da prioritet istiqamətlərdəndir.
Bununla yanaşı, KOBİA və bir sıra ölkələrin aidiyyəti qurumları arasında mövcud olan əməkdaşlıq çərçivəsində innovasiya və startap ekosisteminin inkişafına yönəlik birgə təşəbbüslərin, akselerasiya proqramlarının və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi planlaşdırılır.
Startap yarışmaları startap layihələrinə investisiyaların cəlb olunması, ekosistemin digər iştirakçıları ilə tanışlıq baxımından əhəmiyyətlidir. KOBİA qarşıdakı dövrdə də yerli startapların xarici ölkələrdə keçirilən yarışlarda iştirakına dəstək göstərəcək.