Redaktor
Rusiya bu məhsulu 4,7 manata, Azərbaycan isə 1,68 manata satır
Cari ilin noyabr ayında Azərbaycanın nar ixracından əldə etdiyi gəlirlər artıb.
Valyuta.az xəbər verir ki, bu dövrdə ölkədən 10,9 milyon ABŞ dolları dəyərində nar ixrac olunub. Ötən ilin eyni dövründə bu rəqəm 9,4 milyon ABŞ dolları təşkil edib. Beləliklə, əsas qeyri-neft məhsulları sırasında yer alan nardan əldə olunan gəlirlərdə 1,5 milyon ABŞ dolları məbləğində və ya 15,95% artım qeydə alınıb.
Qeyd edək ki, yaxın zamanda yanvar-oktyabr aylarında ölkəyə 71,23 ton olmaqla 146,2 min ABŞ dolları dəyərində nar idxal olunub, 21 min 383,28 ton nar isə ölkədən ixrac edilib. Həmin dövrdə ixrac olunan narın dəyəri 20 milyon 492,09 min ABŞ dolları təşkil edib.
Ümumilikdə 12 ölkəyə ixrac, 8 ölkədən isə nar idxalı həyata keçirilib.
Azərbaycanın nar idxal etdiyi ölkələr arasında Rusiya xüsusi yer tutur. Sözügedən dövrdə Rusiyadan 28,14 ton olmaqla 78,38 min ABŞ dolları dəyərində nar idxal edilib. Bir kiloqramın qiyməti 2,78 dollar və ya 4,73 manat olub. Eyni zamanda Rusiyaya 17 min 502,33 ton olmaqla 17 milyon 352,1 min ABŞ dolları dəyərində nar ixrac edilib ki, bu zaman bir kiloqramın qiyməti 0,99 dollar və ya təxminən 1,68 manat təşkil edib.
Sərvanə Rəmixanova