Redaktor
Qeyri-rəsmi işləyənlər üçün “hədiyyə staj” dövrü bitir - Ekspert
Bəzi insanlar işləmir kimi görünsə də, yüzlərlə insan hər gün qeyri-rəsmi şəkildə işləyir, amma heç kimin statistikalarında görünmür. Onların hüquqları, təminatları və sabaha olan etibarı yoxdur. Qeyri-rəsmi əmək bazarı görünməz olsa da, təsiri həm insanlar, həm də iqtisadiyyat üçün kifayət qədər realdır.
Bəs qeyri-rəsmi işləyən şəxslərin sosial təminat hüquqları nədir və bu hal iqtisadiyyata necə zərər vurur?
İqtisadçı ekspert Xalid Kərimli Valyuta.az-a açıqlamasında bildirir ki, qeyri-rəsmi işləyənlərin sosial təminat hüquqları çox məhduddur: "Hökumət gələn ildən etibarən onların icbari tibbi sığorta hüququnu ləğv etməyi planlaşdırır. Belə ki, bundan sonra tibbi sığortanın ödənilməsi və istifadə edilməsi üçün ödənişi verən şəxs – yəni rəsmi qeydiyyatda olan işçi – sığorta təminatından yararlana biləcək. Qeyri-rəsmi işləyən şəxslər vergi ödəmədikləri üçün pensiya və sosial sığorta sistemində heç bir hüquqdan istifadə etmir, dövlət onlara yalnız minimal sosial müdafiə şərtləri təqdim edir. Lakin zamanla onlara tətbiq edilən qaydalar sərtləşir".
"2026‑cı ilə qədər dövlət, işləyən‑işləməyən bütün şəxslərə 25 illik sosial iş stajı “hədiyyə” edirdi. Amma planlara görə, 2026‑cı ildən sonra bu staj illik olaraq bir il azaldılacaq. Yəni pensiyaya çıxmaq üçün artıq əvvəlki kimi sadəcə “hədiyyə staj” kifayət etməyəcək. Şəxs ya rəsmi işləməli, ya da pensiya kapitalı toplamalıdır. Deməli, qeyri-rəsmi işləyənlər üçün belə bir mexanizm yaranır: ya rəsmi işə keçmək, ya da sosial təminatdan imtina etmək. Sistem onları rəsmi işə yazılmağa və vergisini ödəməyə sövq edir. Bu yolla şəxsin pensiya və digər sosial hüquqları hüquq çərçivəsində təmin olunur. Qeyd edək ki, dövlət əlillərə, əmək qabiliyyəti olmayanlara, işsizlərə ünvanlı sosial yardım və dəstək verir. Bu dəyişiklik, daha çox qeyri-rəsmi işləyənləri rəsmi məşğulluğa yönəltmək məqsədilə atılır. Çünki qeyri-rəsmi işləyənlər əvvəllər rəsmi işləyənlərin vergisi hesabına üstünlüklərdən faydalanırdılar. Yeni qaydalarla bu fərq aradan qaldırılmağa çalışılır" - deyə ekspert qeyd edir.

Tənzilə Ağabalayeva