Redaktor
Nəqliyyat vasitələrinin istehsalında 137 milyonluq azalma
2025-ci ilin yanvar-oktyabr aylarında maşın və avadanlıqların, habelə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 506,1 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 137,6 milyon manat və ya 21,37% azalma deməkdir.
2024-cü ilin yanvar-oktyabr aylarında istehsalın həcmi 643,7 milyon manat olub.
Hesabat dövründə minik avtomobillərinin istehsalında da geriləmə müşahidə olunub. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanda 3 280 ədəd minik avtomobili istehsal edilib. Ötən ilin müvafiq dövründə bu rəqəm 4 433 ədəd olub. Nəticə etibarilə istehsalda 1 153 ədəd və ya 26% azalma qeydə alınıb.
Yük avtomobillərinin istehsalında isə daha yüksək düşüş müşahidə edilib. Cari ilin yanvar-oktyabr aylarında 273 ədəd, ötən ilin eyni dövründə isə 399 ədəd yük avtomobili istehsal olunub. Bu, illik müqayisədə 126 ədəd və ya 31,58% azalma deməkdir.
Traktor istehsalı da zəifləyib. 2025-ci ilin ilk 10 ayında Azərbaycanda 427 ədəd traktor buraxılıb. Ötən ilin eyni dövründə bu göstərici 495 ədəd təşkil edib. Beləliklə, traktor istehsalında 68 ədəd və ya 13,73% azalma baş verib.
Sərvanə Rəmixanova