Redaktor
Nəqliyyat eksperti: "Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb"
"Ziya Bünyadov prospekti 152 saylı dayanacaqdan 2, 7A, 7B, 9, 27, 93 və 211 nömrəli marşrut avtobuslarının keçməsi səbəbindən, xüsusilə 7 saylı "ASAN xidmət" istiqamətində və əksinə çox intensiv piyada axını müşahidə olunur. Mövcud vəziyyətdə səki boyunca yerləşən hasar və digər maneələr piyadaların hərəkətini xeyli çətinləşdirir və təhlükəsizlik baxımından arzuolunmaz şərait yaradır".
Valyuta.az "Oxu.az" a istinadən xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edib.
Ekspert bildirib ki, səkinin genişləndirilməsi və maneələrin aradan qaldırılması ilə bağlı müraciətindən təxminən 9 ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb:
"Düşünürəm ki, bu istiqamətdə daha səmərəli koordinasiya problemin qısa müddətdə aradan qaldırılmasına yardımçı ola bilər.
Nəqliyyat eksperti: Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb
Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il, 456 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər Dövlət Proqramı"nın Tədbirlər Planının 8.1.6.7-ci bəndinə əsasən:
Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi, səkilərin normativ tələblərə uyğun vəziyyətə gətirilməsi, mövcud səki zolaqlarında zəbt hallarının aradan qaldırılması Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyət dairəsinə daxildir.
Bu baxımdan, qeyd olunan ərazi üzrə səkilərin normativ uyğunluğunun təmin olunması, maneələrin aradan qaldırılması və piyadaların təhlükəsiz hərəkətinin təşkil edilməsi ilə bağlı mövcud məsələyə baxılmasını və imkan daxilində operativ şəkildə həll edilməsini rica edirəm", - ekspert bildirib.