Rövşən Nəcəfov
Klinik psixoloq, psixoterapevt
Pul insanın bacarığını güc olaraq göstərən vasitədir. Sərt ifadədir, amma sadədir. Əlin çirkli də olsa, pulun verdiyi imkanların bəzən sərhədi olmur. İnsanın azadlığı, seçimi və həyatının dəyişməsi onun büdcəsindən asılıdır. İnsanlar pulun xoşbəxtlik gətirdiyinə inanırlar. Pulun və xoşbəxtliyin əlaqəsi, insanın pula münasibətindən və məqsədindən asılıdır. Pul qazanmaq məqsəd deyil, hədəfdir. Hədəfə çatmaq üçün pul qazanmaq məqsəddir. İnsanın hədəfi xoşbəxtlik və rahatlıqdır. İnsan pul xərclədiyi zaman beyin dopamin və serotonin hormonlarını sərbəst buraxır. Müvəqqəti olaraq xoşbəxtlik və rahatlıq hissi yaşayır. Beynin mükafat sistemi zövq və məmnuniyyət gətirməklə insana xidmət edir. Pul qazanmaq şəxsiyyət formalaşdırır, pul xərcləmək sosial kimlik. Çünki insanlar cəmiyyətə uyğun görünmək və sosial münasibətlərdə iştirak etmək üçün də böyük pullar xərcləyirlər. Bu, özünü yaxşı hiss etmək və qəbul olunmaq istəyindən irəli gəlir.
İnsan düşüncəsi beynin mükafat tələbini pul qazanmaqla deyil, pul xərcləməklə təmin edir. Pul xərcləməklə öz xoşbəxtliyini formalaşdırdığını düşünür. İnsan xərclədiyi pulun miqdarı ilə şəxsi məqsədlərinə çatdığını düşünür. Gün ərzində insanın emosiyaları onun maliyyəsindən asılıdır. Maliyyə mənbəyi aktiv olan insanın alış-veriş etməsi onu müsbət düşüncələrə istiqamətləndirir. İnsanı xoşbəxt edən bəzən lazım olmayanları əldə etməkdir. Lazım olmayan şeylər almaq emosional boşluqları doldurmaq, özünü mükafatlandırmaq və ya sadəcə kiçik bir xoşbəxtlik anı yaşamaq arzusu ilə əlaqədardır. Bu zaman xoşbəxtlik anlayışı pul ilə assosiasiya olur. Pul rəqəmsal dünyada insanları sorğusuz xoşbəxt göstərir. İnsanın özünü daimi başqaları ilə müqayisə etməsi rəqəmsal dünyada daha aydın görünür. Bu insanın rasional düşüncəsi deyil, "daha çox" arzusudur. Rəqəmsal dünyada isanlar daim başqalarının həyatını görür və özlərini onlarla müqayisə edir.
İnsanlar xoşbəxtlik üçün lazım olmayanlara pul xərclədiklərini dərk etmirlər. Səbəb olmadan pul xərcləmək və ya başqasına özünü göstərmək insanın adekvat halı deyil. İnsanlar xoşbəxt olmaqdan daha çox xoşbəxt görünməyi üstün tuturlar. Oniomaniya və ya şopaqolik kimi psixi narahatlıqlar yaranır, uzunmüddətli gərginliyə və maliyyə sıxıntılarına səbəb olur. Bu psixi narahatlıq alış-veriş ehtirası və ya asılılıqdır. Emosional boşluq, stress, təşviş, özünə hörmətin aşağı olması və ya depressiya kimi psixi narahatlıqlar adı altında davranış pozuntusu olaraq müşahidə olunur. İnsanın xoşbəxtlik kimi gördüyü, əslində isə onun xoşbəxtliyini əlindən alan düşüncə ilə mübarizə aparılmalıdır. Nəticə böyük mənəvi və maddi problemlərin yaranmasına gətirib çıxaracaq. Pulun yaratdığı dırnaqarası xoşbəxtlikdən əziyyət çəkən insanlarla düşüncə və davranışların tənzimlənməsi üçün psixoterapiya müdaxiləsi olmalıdır. Bəzi hallarda isə dərman müalicəsi də istifadə oluna bilər. Bu uzunmüddətli və davamlı dəstək tələb edən prosesdir. Pasiyent adını vərdiş qoyduğu bəzi halların əslində asılılıq olduğu qənaətinə gəlməlidir. O zaman sağalma mərhələsi başlayır. Artıq insan anlamalıdır ki, lazım olan xoşbəxtliyi pul ilə almaq olmur.
