Redaktor
Kirayə bazarında vergi dərəcəsi 14-dən 10 faizə endirilir
Fiziki şəxslərə kirayə verilən yaşayış sahələri üzrə vergi dərəcəsi optimallaşdırılır. Belə ki, vergi dərəcəsi 14%-dən 10%-ə endirilir ki, bu da ümumi vergi yükünün təxminən 30% azalması deməkdir.
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi dəyişməz qalır.
Vergi Məcəlləsinə nəzərdə tutulan bu dəyişikliyin məqsədi kirayə bazarında “ağarma”nı sürətləndirmək və könüllü əməletməni artırmaqdır:
"Məlum olduğu kimi, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur. Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir".