Redaktor
Biznes sahibləri üçün vaxt idarəetməsinin 10 əsas qaydası
Evdən idarə olunan kiçik biznes sahibləri üçün vaxt ən dəyərli resurslardan biridir. Çünki gəlir birbaşa onların gördüyü işdən asılıdır - işləyirsə qazanc var, işləmirsə heç kəs maaşı avtomatik olaraq hesablarına köçürmür.
Valyuta.az iş gününü maksimum effektiv keçirmək üçün 10 əsas tövsiyəni paylaşır.
1. Sabahı bu gün planlaşdırın
Uğurlu sahibkarların çoxu iş gününün sonunda sabah üçün prioritet siyahısı hazırlayır. Bu, növbəti günün işlərinə hazır olmağa, həm də nə ilə başlamalı olduğuna qərar vermək üçün vaxt itirməməyə imkan yaradır.
2. Tapşırıqların prioritetini müəyyənləşdirin
Günün bütün fəaliyyətləri əhəmiyyətinə görə qruplaşdırılmalıdır. Yeni müştəri cəlbi, mövcud layihələrin inkişafı, gündəlik texniki işlər- hər biri üçün konkret vaxt ayırmaq tövsiyə olunur.
3. Boş vaxtdan maksimum yararlanın
Ofisdən kənarda olduğunuz zaman da qeydlər aparmaqdan çəkinməyin. Yaxşı ideya ağlınıza gəldiyi anda onu telefon və ya dəftərə qeyd edin. Səyahət zamanı hava limanında e-poçtları cavablandırmaq kimi addımlar kiçik, amma effektiv vərdişlər yaradır.
4. Günə erkən başlayın
Ailənin digər üzvlərindən bir saat əvvəl oyanıb işə başlamaq günün qalan hissəsi üçün üstünlük yaradır. Səhər saatlarında görülən iş motivasiyanı artırır və daha çox məhsuldarlıq təmin edir.
5. Mütəmadi fasilələr verin
Günün gərgin temposu içində qısa fasilələr bədəni və beyni yeniləyir. Masa arxasında yemək yemək əvəzinə, 30 dəqiqəlik gəzinti belə fokusunuzu artırır.
6. İş və şəxsi həyat arasında balans qurun
Vaxt idarəetməsinin ən mühüm tərəfi balansdır. İşinizin böyüməsi üçün vaxt ayırmalı olduğunuz kimi, şəxsi inkişaf və istirahət üçün də vaxt tələb olunur.
7. Kiçik vaxt itkilərinə diqqət edin
Görünüşdə kiçik olan problemlər - zəif internet, uzaqda olan printer, dağınıq masa və.s gün ərzində böyük vaxt itkisinə səbəb ola bilər. Bu xırda detalları optimallaşdırmaqla ciddi vaxt qazanmaq mümkündür.
8. Lazımsızları dərhal atın
Gələn qutunuza düşən lazımsız məktubları dərhal silin və ya atın. Yığılmış spam həm diqqəti yayındırır, həm də iş mühitini qarışdırır.
9. Diqqətinizi yayındıranları görməzdən gəlin
Evdən işləyən sahibkar üçün paltaryuma, qab yuma, ev işləri kimi məişət diqqət yayındırıcıları daim mövcuddur. Uğurun əsas şərtlərindən biri müəyyən edilmiş iş saatlarında yalnız işə fokuslanmaqdır.
10. İş və ailə vaxtını ayırın
Evdən işləyənlər üçün sərhədlər çox əhəmiyyətlidir. Uşaqlara və ailəyə iş saatlarının niyə vacib olduğu izah edilməlidir. İş bitdikdən sonra isə bütün diqqət ailəyə yönəldilməli, iş mövzuları bu vaxta qarışdırılmamalıdır.
Sərvanə Rəmixanova