Redaktor
Avropanın Milad üçün ən ucuz şəhəri açıqlandı
Ağac evlər, əl işi hədiyyələrlə dolu Milad yarmarkaları bayram mövsümünü həqiqətən unudulmaz edir. Avropada isə bu yarmarkalar xüsusilə böyük populyarlığa malikdir.
Valyuta.az "Mirror"a istinadən xəbər verir ki, Milad ərəfəsində səfər üçün Avropanın ən ucuz şəhəri adlandırılan bir məkan var. Söhbət Latviyanın paytaxtı Riqadan gedir. Riqa Köhnə Şəhəri öz memarlığı ilə valeh edir, Sobor meydanındakı Riqa Milad yarmarkası isə bayramın ruhunu dərindən hiss etdirməyə kömək edir.
Burada saysız-hesabsız köşklər və inkişaf etmiş qastronomiya səhnəsi var. Ziyarətçilər latış mətbəxi ilə tanış ola, isindirici qlühveyn dadına baxa, yerli ustaların əl işlərini görüb özləri üçün hədiyyələr ala bilərlər.
Nəşrin qeyd etdiyinə görə, adətən 28 noyabrdan 4 yanvara qədər davam edən yarmarkada arı mumundan hazırlanan şamlar, zəncəfilli peçenyelər, corablar, yun əlcəklər, çələng və divar bəzəyi dəstləri kimi müxtəlif əl işlərini tapmaq mümkündür. Bundan əlavə, hər cümə DJ musiqisi, hər şənbə xor və musiqi ansambllarının çıxışları, hər bazar isə xalq musiqisi təqdim olunacaq.
Materialda belə deyilir: "Avropanın "modern paytaxtı" hesab edilən şəhər küçələrini bəzəyən rəngarəng və möhtəşəm binaları, həmçinin zəngin mədəni səhnəsi ilə heyran edir. Bundan başqa, şəhərdə ənənəvi latış yeməklərini dadmaq üçün çoxlu mağaza və rahat restoranlar, eləcə də bar və gecə klublarının yerləşdiyi Livu meydanı var".
Şəhərin əlçatan olması da mühüm amillərdəndir. İki nəfərlik bir həftəsonu üçün təxmini xərclər belədir:
* Kafedə və ya bardakı dörd fincan qəhvə – 11,49 funt sterlinq;
* İki nəfər üçün iki dəfə gündə üç mərhələli yemək (şərab daxil olmaqla) – 132,89 funt sterlinq;
* Hava limanından şəhər mərkəzinə və geri iki avtobus/qatar bileti – 7,18 funt sterlinq;
* Milad yarmarkasında dörd stəkan qlühveyn və ya punş – 14,37 funt sterlinq;
* Milad yarmarkasında dörd dilim tort, peçenye və ya ştollen – 12,57 funt sterlinq.
Mehmanxana və yol xərcləri nəzərə alınmaqla, iki nəfərlik bir həftəsonu Riqada təxminən 555,50 funt sterlinqə başa gəlir. Tək səyahət isə təxminən 277,75 funt sterlinq təşkil edir.
Bu rəqəmlər Danimarkanın paytaxtı Kopenhagendəki həftəsonu ilə kəskin ziddiyyət təşkil edir: orada eyni fəaliyyətlər üçün iki nəfərin istirahəti təxminən 1056,55 funt sterlinqə başa gəlir. Vyanaya səfər isə təqribən 926,41 funt sterlinq olaraq hesablanıb.
Paşa Məmmədli