Redaktor
"Apple"ın 20 illik işçisi "Meta"ya keçib
Təxminən 20 illik "Apple" təcrübəsindən sonra Alan Day "Meta" şirkətinə keçib. O, "Reality Labs" bölməsi çərçivəsində yaradılan yeni dizayn studiyasının rəhbəri təyin olunub. Bu kadr dəyişikliyi Silikon Vadisində texnoloji güc balansında əhəmiyyətli dəyişiklik kimi qiymətləndirilir.
Valyuta.az xəbər verir ki, Alan Day 2006-cı ildən "Apple"da fəaliyyət göstərib və 2015-ci ildə Coni Ayv gündəlik idarəçilikdən uzaqlaşdıqdan sonra interfeys dizayn komandalarına rəhbərlik edib.
Bu müddət ərzində o, "iPhone", "iPad", "Vision Pro" və "Apple Watch" kimi məhsulların interfeys dizaynını formalaşdırıb. Day son olaraq "iOS", "macOS" və "watchOS" sistemlərində təqdim edilən “Liquid Glass” dizayn yanaşmasının müəllifi olub və bunu "Apple"ın proqram təminatı sahəsində “növbəti fəsil” kimi dəyərləndirib.
"Meta", Alan Dayi yeni yaradılmış yaradıcı dizayn studiyasının rəhbəri kimi təqdim edir. Mark Zukerberqin təşəbbüsü ilə qurulan bu studiya dizayn, moda və texnologiya sahələrini bir araya gətirərək süni intellekt və yeni nəsil avadanlıqlar üzrə təcrübələrin inkişafına yönəlib. Studiyada Dayə əvvəllər həm "Apple", həm də "Meta"da çalışmış Billi Sorrentino və Coşua To, eləcə də "Meta"nın sənaye və metavers dizayn komandaları dəstək verəcək.
Alan Day "Meta"da əsasən süni intellektlə təchiz olunan avadanlıqlara fokuslanacaq. "Quest" seriyalı VR/AR cihazları və "Ray-Ban Meta" ağıllı eynəkləri son bir ildə "Meta"nın istehlak bazarındakı ən böyük nailiyyətləri arasında göstərilir. Mark Zukerberq bu cihazların “texnologiya ilə qarşılıqlı əlaqəni köklü şəkildə dəyişəcəyini” bildirərək Day-in rolunu strateji baxımdan xüsusi əhəmiyyətli hesab edir. Alan Day birbaşa texnologiya üzrə baş direktor Endryu Bosvörsə tabe olacaq və cihazlarda süni intellekt təcrübələrinin interfeys dizaynını formalaşdıracaq.
"Apple" tərəfində isə yaranan rəhbərlik boşluğu tezliklə doldurulub. CEO Tim Kuk Alan Dayin yerinə Stefan Lemayın təyin olunduğunu açıqlayıb. 1999-cu ildən bu yana "Apple"da çalışan Lemay, demək olar ki, bütün əsas interfeys dizayn layihələrində iştirak etmiş təcrübəli mütəxəssisdir. Şirkət dizaynın "Apple" üçün “mövcudluq baxımından birinci dərəcəli prioritet” olaraq qalacağını vurğulayır.
"Meta"nın "Apple" və "OpenAI" kimi rəqib şirkətlərdən yüksək ixtisaslı kadrları cəlb etməsi getdikcə sürətlənir. Qeyd edək ki, yaxın günlərdə "Apple"ın süni intellekt strategiyasına rəhbərlik edən Con Ciannandrea da vəzifəsini tərk etdiyini açıqlamışdı. Alan Day-in "Meta"ya keçidi isə dizaynın texnoloji rəqabətdə nə dərəcədə strateji əhəmiyyət daşıdığını bir daha göstərir.
Mayya Hüseynova