Redaktor
"Alphabet" bu şirkəti 4,75 milyard dollara satın almağı planlaşdırır
“Google”un ana şirkəti olan "Alphabet" təmiz enerji sahəsində investisiyalarını genişləndirir.
Valyuta.az xəbər verir ki, şirkət ABŞ mərkəzli "Intersect Power"ı 4,75 milyard dollara satın almağı planlaşdırır.
Razılaşmanın 2026-cı ilin birinci yarısında tamamlanacağı gözlənilir.
Məlumata görə, satınalma çərçivəsində "Alphabet" “Intersect Power”ın inkişaf mərhələsində olan və tikintisi davam edən bütün enerji və məlumat mərkəzi layihələrini öz portfelinə daxil edəcək. Bununla yanaşı, şirkətin Texas və Kaliforniyada yerləşən mövcud əməliyyat aktivləri razılaşmaya daxil edilməyəcək və müstəqil fəaliyyətini davam etdirəcək.
Qeyd olunur ki, "Google"un süni intellekt əsaslı məlumat mərkəzlərində enerji tələbatı sürətlə artır. Daha əvvəl şirkətin bu ehtiyacı qarşılamaq üçün nüvə enerjisinə yönəldiyi bildirilmişdi. Yeni satınalma isə təmiz enerji mənbələri hesabına məlumat mərkəzlərinin tutumunun artırılmasını və enerji istehsalının tələbatla paralel şəkildə idarə olunmasını hədəfləyir.
“Intersect Power”ın baş icraçı direktoru Şeldon Kimber bildirib ki, şirkət innovativ enerji həllərinə fokuslanır və “Google” ilə əməkdaşlıq edərək ABŞ-ın süni intellekt sahəsində rəqabət qabiliyyətinin gücləndirilməsini məqsəd qoyur.
Xatırladaq ki, “Google” və “Intersect Power” daha əvvəl ABŞ üzrə bərpa olunan enerji və enerji saxlama texnologiyalarının inkişafı məqsədilə tərəfdaşlıq qurmuşdu. Yeni satınalma bu əməkdaşlığın genişləndirilməsinə, eləcə də "Alphabet"in ABŞ-da gigavatlarla ölçülən yeni məlumat mərkəzi tutumu yaratmaq planlarının reallaşdırılmasına xidmət edəcək.
Mayya Hüseynova