"Nvidia"dan rəqibi "AMD"-yə 3 əsas problem
Brian Sozzi,
"Yahoo Finance"ın icraçı redaktoru
Son 10 ildə həyatımda bəzi şeylər dəyişməz qalıb.
Birincisi, intensiv məşqlərimə görə kifayət qədər su içə bilmirəm. İkincisi, "Nvidia"nın (NVDA) səhm qiyməti adətən yalnız artır. Üçüncüsü, rəqib çip istehsalçısı "AMD"nin (AMD) səhm qiyməti də adətən yalnız artır. Dördüncüsü, kifayət qədər yatmıram.
2024-cü ildə bu dörd sabitdən üçü dəyişməz qaldı. Dəyişən tək şey isə "AMD"nin səhm qiyməti oldu. Bir vaxtlar yüksəlişdə olan "AMD" 2024-cü ili 17% dəyər itkisi ilə başa vurdu. Müqayisə üçün, "Nvidia" 2024-cü ildə 171% artdı, "Broadcom" (AVGO) 107% yüksəldi, Nasdaq Kompozit İndeksi (^IXIC) isə 28% irəlilədi.
"Vanda Research"ın məlumatlarına görə, "AMD" ötən il fərdi investor portfellərində ən çox saxlanılan səhmlər arasında doqquzuncu, "Nvidia" isə birinci yeri tutdu. "AMD" səhmləri fərdi investorların portfellərinin orta hesabla 2,07%-ni təşkil edirdi, bu göstərici ilin əvvəlində 3,37% idi.
"AMD"nin səhm qiymətinin performansı diqqətəlayiqdir, xüsusən də:
1. Şirkətin təsirli gəlir artımı;
2. "AMD" rəhbəri Liza Su (Lisa Su) ilə sentyabr ayında apardığım söhbətdə danışdığımız yüksək keyfiyyətli innovasiya və çip istehsalı;
3. "Intel"in (INTC) zəifləməsi nəticəsində "AMD" üçün yeni bazar imkanlarının yaranması kontekstində.
"Wedbush" texnologiya analitiki Dan Ays (Dan Ives) isə "AMD" barədə qeyd edir:
""AMD"nin süni intellekt silahlanmasında "Nvidia"nın arxasında qaldığı düşünülür və bu, indiyə qədər məyusedici olub.”
"AMD" ilə bağlı hazırkı vəziyyətdə üç əsas problem görünür.
1. "Nvidia" effekti
"Nvidia"nın məhsul çeşidi — xüsusilə yeni "Blackwell" çipi — süni intellekt performansı baxımından "AMD"dən bir il irəlidə sayılır. Bu da "AMD"nin bazar payını artırmaq imkanlarını məhdudlaşdırır.
2. Bulud texnologiyaları oyunçuları
Əsas bulud xidmətləri təchizatçıları getdikcə "Marvell" (MRVL) və "Broadcom" kimi şirkətlərin xüsusi çiplərini seçirlər. Məsələn, "Amazon" (AMZN) "Trainium" çiplərini və ya "Nvidia" məhsullarını üstün tutur. "Google" (GOOG) isə daxili çiplərə və ya "Broadcom" və "Nvidia" çiplərinə üstünlük verir.
3. PC satışlarının zəif proqnozu
2025-ci il üçün fərdi kompüter bazarının durğun qalacağı gözlənilir ki, bu da "AMD"nin gəlirlərinə risk yaradır. Bəzi analitiklər isə 2025-ci ilin birinci yarısında PC bazarında düzəliş gözləyir.
"AMD", oktyabrda gəlir hesabatında dördüncü rüb üçün qazancı konsensusdan 8% aşağı proqnozlaşdırmaqla səhm qiymətinə olan mənfi münasibəti gücləndirdi.
Ümumi vəziyyət
Lakin əsas göstəricilər "AMD" haqqında fərqli mənzərə yaradır. Şirkətin yeni "MI300" süni intellekt çipi 2024-cü ilin üçüncü rübündə 1,5 milyard dollarlıq satış əldə etdi. 2024-cü il üçün bu göstəricinin 5 milyard dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.
2025-ci ildə "AMD"nin süni intellekt sahəsindəki sürətli irəliləyişi ilə ən azı 50% gəlir artımı gözlənilir. PC bazarı sabit qalsa və süni intellektə olan tələbat yüksək olsa, bu artım 70%-i keçə bilər.
Analitik Mark Lipasis (Mark Lipacis) qeyd edir:
“Tarix göstərir ki, hər bir hesablama erasının dəyərinin 70-80%-i bir ekosistem tərəfindən tutulur. "Nvidia" əsas oyunçu olaraq qalacaq, lakin sürətlə böyüyən bazarın 20-30%-ni "AMD"yə buraxacaq.”
"AMD" hazırda süni intellekt sahəsində rəqiblərindən daha sərfəli qiymətləndirilmiş vəziyyətdədir. Buna görə də, bəzi investorlar üçün "AMD" yenidən cəlbedici görünə bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay