"Amazon" kuriyerləri üçün ağıllı eynəklər hazırlayır
"Amazon" (AMZN) çatdırılma ilə məşğul olan sürücülərinə binalara, ətraf mühitə və daxilə yol tapmaqda kömək edəcək ağıllı eynəklər hazırlayır.
Valyuta.az "Yahoo Finance"ə istinadən xəbər verir ki, bu təşəbbüs sifarişin müştərinin evinə çatdırılması prosesini daha səmərəli etmək məqsədi daşıyır.
Əgər layihə uğurlu olarsa, həmin eynəklər sürücülərə hər dayanacaqda və marşrut boyu istiqamətləri kiçik bir ekrandan göstərəcək. Belə göstərişlər sürücülərə liftlərdən sola və ya sağa dönməklə, qapılardan və aqressiv itlərdən yan keçməklə vaxta qənaət etməyə imkan verəcək.
Hər gün milyonlarla bağlama çatdırıldığından, bu saniyələr toplandıqda əhəmiyyətli vaxt qənaəti yarada bilər. Eynəklər sürücüləri əl GPS cihazlarından azad edərək, onların daha çox bağlama daşımasına imkan yaradacaq.
Bu layihə "Amazon"un hər bir bağlama üzrə çatdırılma xərclərini azaltmaq və artan rəqabət şəraitində gəlirlərini qorumaq üçün səylərini vurğulayır. "Amazon"un rəqibi "Walmart" isə bayram mövsümündə onlayn sifarişləri çatdırmaq məqsədilə müstəqil sürücülər üçün yeni təşviqlər təklif edir.
Layihənin vəziyyətindən xəbərdar olan şəxslər "Amazon"un bu çatdırılma eynəklərinin ya layihədən çıxarıla, ya da təxirə salına biləcəyini bildirirlər. Mənbələr deyir ki, texnologiyanı təkmilləşdirmək illər çəkə bilər.
"Amazon"un sözçüsü eynəklərlə bağlı suala cavab olaraq bildirib: “Sürücülər üçün daha təhlükəsiz və daha yaxşı çatdırılma təcrübəsi yaratmaq üçün daim yeniliklər edirik. Məhsul planlarımız haqqında başqa açıqlama vermirik.”
"Amazon" uzun illərdir özünün daxili çatdırılma şəbəkəsini – hava yolu, uzunməsafəli yükdaşıma və geniş anbar şəbəkəsini inkişaf etdirir. Bu yolla o, çatdırılmanı sürətləndirərək "UPS" və "FedEx" kimi şirkətlərdən asılılığı azaltmaqla xərcləri aşağı salmağa çalışır.
"Amazon"un üçüncü rübdə çatdırılma xərcləri 8% artaraq 23,5 milyard dollara çatıb.
Son 100 yard
Çatdırılmanın "son mil" mərhələsi mürəkkəbdir və əlavə kuriyerlərdən, daha çox yanacaqdan istifadə tələb edir. Bəzi təxminlərə görə, məhsulun müştərinin qapısına çatdırılmasının yarıdan çox xərci bu mərhələdə yaranır.
Hazırda "Amazon" "son 100 yard" (91 metr) üzərində diqqətini cəmləşdirib. Oktyabr ayında şirkət sürücüləri lazımi bağlamaya yönləndirmək məqsədilə çatdırılma maşınlarının tavanına quraşdırılacaq skanerləri təqdim edib. Bu cihazlar sürücülərə yaşıl işıqla yolu göstərməklə, etiketləri oxumağa sərf olunan vaxta qənaət edəcək.
Hazırlanan çatdırılma eynəkləri "Echo Frames" ağıllı eynəkləri əsasında qurulur ki, istifadəçilərə "Alexa" adlı virtual köməkçi ilə audio dinləmə və səs əmrlərindən istifadə imkanı verir. Məlumata görə, daxili kod adı “Amelia” olan bu çatdırılma eynəkləri kiçik bir ekran və çatdırılan bağlamaların şəkillərini çəkmə funksiyasına malik ola bilər.
Lakin texnologiya hələ inkişaf mərhələsindədir və "Amazon" tam bir iş günü üçün kifayət edəcək, lakin sürücüləri yormayacaq qədər yüngül batareya hazırlamaqda çətinlik çəkir. Hər bir ev, küçə və səki ilə bağlı məlumatların toplanmasının illər çəkəcəyi ehtimal olunur.
"Amazon" sürücülərin hər növbədə 100-dən çox müştəriyə çatdırılma etdiyini bildirir. Bu eynəklərin istifadəsi ilə effektivlik artırıldıqda, sürücülərdən daha çox bağlama çatdırılması tələb oluna bilər.
Şirkət sürücüləri bu eynəkləri istifadəyə inandırmaqda çətinlik çəkə bilər. Bu, onların bəzi sürücülər üçün narahat, diqqət yayındırıcı və ya görünüşcə xoşagəlməz olması ilə bağlıdır. Üstəlik, bəzi sürücülər artıq eynək istifadə edir.
Lakin "Amazon"un əsasən xarici çatdırılma şirkətləri ilə işləməsi bu eynəklərin istifadəsini müqavilə şərtlərinə daxil etməyə imkan verir.
Şirkətin istehlakçılar üçün nəzərdə tutulan "Echo Frames" məhsulunun satışları gözlənilən səviyyədə deyil. İki mənbənin məlumatına görə, "Amazon"un ötən ilin sonlarında təqdim etdiyi nəsildən 10,000-dən az sayda satılıb.
Hazırda hazırlanan daxili ekranın da "Echo Frames"in yeni nəsil versiyası üçün nəzərdə tutulduğu və 2026-cı ilin ikinci rübündə buraxılmasının planlaşdırıldığı bildirilir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay