
Niyə çox vacib işlərimiz olanda, əhəmiyyətsiz işlərə maraq göstəririk?
Hər birimizin vacib işlərimiz olur və tez həll etməli olduğumuz zamanlar olur. Amma biz vacib işləri düşünür, lakin həll etmirik. Bunun yerinə, çox da əhəmiyyət daşımayan işlərlə məşğul oluruq. Özümüzü nə qədər məcbur etsək də, vacib olan işimizi həll edə bilmirik. Bu situasiyaya düşməyimizin səbəbi nədir? Niyə çox vacib işlərimiz olanda əhəmiyyətsiz işlərə maraq göstəririk?
Lamora Psixologiya Mərkəzinin rəhbəri, psixologiya elmi üzrə fəlsəfə doktoru Amaliya İsayeva Valyuta.az-a bildirdi ki, bəzi insanlarda bu hal vərdiş halını alıb: “Bəzi insanlar vacib işlərini kənara qoyurlar, bunun əvəzinə çox da vacib olmayan işlərlərlə məşğul olurlar. Bu situasiyanın elmdə ifadəsi prokrastinasiya yəni, ertələmədir. Təbii ki, ertələmənin də öz səbəbləri var. Ertələmənin səbəblərini sadalasaq, əsas səbəblərindən biri insanın gördüyü işə qarşı motivasiyanın, özgüvənin aşağı olması, vərdişlər, yanlış sxemlər və yanlış ssenarilərdir. İnsan sevmədiyi işi gördükdə, özgüvən və motivasiya aşağı olur, amma motivasiyası yüksək olan, özünə inanan hər bir insan vaxt ayırıraq vacib işlərini görür”.
Həyat səbəb-nəticə əlaqəsidir
A.İsayeva bildirdi ki, prokrastinasiyanın səbəblərindən biri də uşaqlıqdan yaranan, aşılanan yanlış vərdişlərdir: “Uşaqlıqda valideynlər ya həddən ziyadə övladını ərköyünləşdirir, onun əvəzinə hər şeyi edir, ya da həddən ziyadə başlı başına buraxır və uşaq nə istəyir edir. Qorxulu proqramları valideyn qoyur. "Getmə", "etmə", "bacarmazsan", "sən kimsən", "bizdə alınan deyil" və.s. Görülən işə, qazanca valideyn müəyyən bir səviyyə qoyur və o səviyyəni uşaq aşa bilmir. Həyatda uğur qazana bilən, karyera qura bilən uşaq gələcəkdə bunu edə bilmir. Çünki uşaqlıqda ona yanlış sxem qoyulub, yanlış ssenari verilib. O ssenariyə uyğun uşaq bugünkü həyatda yaşayır. Bu zaman uşağın şüraltısında olan gizli qorxular – “məndə alınmayacaq”, “bacarmayacam”, “edə bilmərəm, etməyim” fikirləri gələcəkdə prokrastinasiya yaradır və vacib işləri həll etməyinə mane olur. Buna görə də bu günün nöqsanlarını yığışdırmaq üçün keçmişə baxmaq lazımdır. Bu həyat səbəb- nəticədir. Biz nəticə ilə yox, səbəblə mübarizə aparmalıyıq”.
Görülməyən işlər ağırlaşır
Psixoloq deyir ki, vacib işlər görülmədikcə yığılır: “Mən bunu yolda gəzərkən ətəyinə daş yığılan adamın düşdüyü vəziyyətə bənzədirəm. Vacib işlər görülmədikcə yığılır, yükü artır və ağırlaşır. Adətən, bunu edənlər, işlərini vaxtında görməyənlər depresiyada olan, çoxlu stresə məruz qalan insanlar olur. Təbii ki, bu situasiyalardan çıxmaq olduqca vacibdir. Prokrastinasiya problemi olan insanlar öz üzərlərində işləyərək, yaxşı mütəxəssislərə müraciət edərək bu problemdən xilas ola bilərlər. Yəni, xasiyyətimizdə yaranan bu çatlardan xilas ola bilərik. Çünki xasiyyəti dəyişmək, onun üzərində işləmək olur. Əgər bu kimi problemlərin həlli üzərində işləməsək, sonralar “çuxurlar” yaranır. Təbii ki, yaranan çuxura düşəndə çıxmaq olmur".
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay