
Bu startap kiberhücuma məruz qaldı - Müştəri məlumatları və serverlər silindi
Hindistanın ərzaq çatdırılma startapı “KiranaPro” ciddi kiberhücumla üzləşib.
Valyuta.az xəbər verir ki, şirkətin təsisçisi və baş direktoru Dipak Ravindran “TechCrunch”a açıqlamasında təsdiqləyib ki, hücum nəticəsində bütün serverlər və müştəri məlumatları silinib.
Silinmiş məlumatlara istifadəçilərin adları, ünvanları, ödəniş detalları və mobil tətbiqin kodu da daxildir. Hazırda tətbiq onlayndır, lakin sifariş qəbul edə bilmir.
Məlumata görə, “KiranaPro” 2024-cü ilin dekabrında istifadəyə verilib və Hindistan hökumətinin rəqəmsal ticarət platforması ONDC üzərindən fəaliyyət göstərir. Startap 50 şəhərdə 55 min istifadəçiyə malikdir, onlardan 30-35 mini aktivdir və gündəlik 2 minə yaxın sifariş qəbul edirdi. Tətbiq fərqli dillərdə səsli sifariş funksiyası ilə tanınır.
Şirkət yaxın 100 gün ərzində daha çox şəhərə genişlənməyi planlaşdırırdı. Lakin 26 may tarixində rəhbərlik AWS hesablarına daxil olarkən haker hücumunun izlərini aşkarlayıb. Texniki komanda hücumun 24–25 may tarixlərində baş verdiyini ehtimal edir. Hakerlər şirkətin AWS və GitHub hesablarının kök (root) səviyyəsində idarəetməsini ələ keçirərək bütün EC2 serverlərini siliblər.
Texnologiya direktoru Saurav Kumar bildirib ki, iki faktorlu identifikasiya tətbiq olunsa da, kod dəyişdirildiyi üçün hesaba giriş mümkün olmayıb. Şirkət yalnız məhdud IAM hesabı ilə sistemə baxa bilir, lakin loglar və ehtiyat nüsxələr də əlçatmazdır.
Rəhbərlik hücumun keçmiş bir əməkdaşın hesabı vasitəsilə həyata keçirildiyini düşünür və həmin şəxslərlə bağlı hüquqi addımlar atıldığını bildirir. GitHub platformasına müraciət edilərək hakerin IP ünvanları və digər texniki sübutlar istənilib.
Hadisə böyük kiberhücumların çoxunda olduğu kimi, köhnə işçilərin hesablarının bağlanmaması və zəif təhlükəsizlik nəzarəti səbəbilə baş verib. Şirkətin təhlükəsizlik məsuliyyəti isə tam olaraq öz üzərindədir.
Qeyd edək ki, “KiranaPro” Blume Ventures, Turbostart və Unpopular Ventures kimi investorlar tərəfindən maliyyələşdirilir.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay