
15 yaşı tamam olmuş şəxs rəsmi işə qəbul edilə bilər?
Uşaqların və yeniyetmələrin bəzən işlədiklərinin şahidi oluruq. Müxtəlif yaşlarda işləyənlərə rast gələ bilirik. Bəzisinin 13-14, bəzisinin 16-17 yaşları olur. Bəzən bildirilir ki, 16-17 yaşdan sonra işləmək olar. Neçə yaşdan sonra uşaqlarla əmək müqaviləsi bağlanır və qanunda uşaqların əmək fəaliyyəti ilə bağlı hansı müddəalar var?
Bu barədə Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova bildirib ki, Konstitusiyanın 35-ci maddəsinə nəzər yetirsək görə bilərik ki, orada məhz əmək hüququ barədə müddəlar qeyd edilib. Lakin həmin müddəalarda vətəndaşın hansı yaşdan əmək hüququnun yaranması orada qeyd edilməsinə baxmayaraq, Konstitusiyanın digər bir maddəsi olan 17-ci maddədə (Ailə, uşaqlar və dövlət) qeyd olunur ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər:
“Bu o deməkdir ki, ölkə ərazisində 15 yaşı tamam olmuş şəxs işə qəbul edilə bilər. Amma əmək qanunvericiliyinin toplusu olan Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yəni, Məcəllə 15 yaşından 18 yaşınadək olan şəxslərin hansı qaydada işə qəbul edilməsi məsələsinə daha da geniş aydınlıq gətirir. Valideynin və yaxud qəyyumun buna dair yazılı icazə mütləq şəkildə tələb olunur və işçinin iş dosyesinə tikilir”.
Vəkilin sözlərinə görə, digər bir qanunvericilik olan Mülki Məcəllənin 28-ci maddəsinə əsasən, 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər: “Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya)”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay