BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.883
  • 1 Rusiya rublu
    0.0194
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
51793

Tələbə vaxtı qrup yoldaşları üçün tur şəkil edir və bununla yolu turizm sektoru ilə kəsişir. Elə universitet dönəmində artıq turizmdə tələbə üçün böyük pullar qazanmağa başlayır və turizm şirkəti qurur. Turizmdə qazanır da, itirir də,  bəzən bu sahədən küsdüyü dövrlər də olur. Pandemiya dövründə biznesdə hər şeyini itirsə də, yenidən ayağa qalxıb bu sahədə uğurlu biznes qura bilir.

Pandemiyadan sonra artıq biznesdə itirməkdən artıq əvvəlki qədər qorxmadığını deyir. Bilir ki, yenidən ayağa qalxa biləcək.

Söhbət Valyuta.az-ın müsahibi turizm sahəsində “Runaway House”, “Turizm.az”, “Silk Road” şirkətlərinin təsisçisi Murad Kərəmovdan gedir.

Bildirək ki, “Runaway House” təbiət qoynunda kiçik evlərin kirayə xidmətidir. Hazırda İsmayıllı rayonunun Qalacıq kəndində müştərilərə bu xidmət təklif edilir.

- Məktəb vaxtı həm idman yarışlarında, həm də riyaziyyat olimpiadalarında qalib olmusunuz. Çox vaxt uşaqlar birinə fokuslanırlar. İkisi bir arada nəyin sayəsində mümkün olmuşdu?

- Sovet dövründən çıxmış hər bir valideyn övladının təhsilli olması üçün əlindən gələni edirdi, oxumağa həvəsləndirirdi. Ona görə biz övlad olaraq valideynlərimizin çəkdiyi zəhmətin qarşılığı olaraq yaxşı oxumağa çalışırdıq. 

Mən Mingəçevirdə böyümüşəm, orda mühit elə idi ki, eyni zamanda, qürurumuzu qorumaq üçün fiziki cəhətdən də güclü olmağa çalışırdıq. Atam Rusiyaya işləməyə getmişdi. İki qardaş üzərimizə bir məsuliyyət götürmüşdük ki, biz ailənin müdafiəçiləriyik, güclü olmalıyıq. Anam da deyirdi ki, öz müdafiənizi özünüz etməlisiniz.

Riyaziyyata gəlincə, valideynlərimin ikisi də dəqiq elmlər sahəsində olublar. Genetikanın da rolu var. Riyaziyyat müəllimim də güclü idi, bünövrəm yaxşı qoyulmuşdu. Bir az da prinsipial uşaq olmuşam. Riyaziyyat müəllimimin oğlu bizim sinifdə oxuyurdu. Mən həmişə onunla yarışırdım. Oğluna 5, mənə 4 yazırdı. Deyirdim elə oxuyacam ki, onun oğlundan yaxşı olacam (Gülür).


Vəziyyət o yerə gəldi ki, məni liseydən qovurdular”

 

- İdman riyaziyyatda nəticələrinizə təsir etmirdi?

- Mən 8-ci sinfə qədər orta məktəbdə, 9-11-ci sinifləri Cəmşid Naxçıvanski adına hərbi liseydə oxumuşam. Orta məktəb dövründə daha çox döyüş idman növlərinə yönəlmişdim. 2000-ci ildə kikboksinq üzrə respublika çempionu olmuşdum. 2000-ci ildə dostlarımızla qərar verdik ki, hərbiyə gedək, general olaq.

 Hərbi liseyə qəbul olandan sonra da kikboksinqə davam edirdim. İdmanda irəlilədikcə elmdə geriyə doğru getdiyimi hiss etdim. Çox çılğın, davakar olmuşdum. Vəziyyət o yerə gəldi ki, məni liseydən qovurdular. Valideynlərim komandirlə danışdı ki, bir də olmayacaq. Liseydə çox şey öyrəndim və dəyişdim.

- Maraqlıdır, o dəyişiklik necə getdi?

- Bölük komandirim Azər Məmmədov taktika işlətdi. Məni cilovlamaq üçün vəzifə verdi. Birinci tağım komandiri, sonra bölük çavuşu etdi. 104 nəfəri idarə edirdim. O vəzifədən sonra özümdə ciddi dəyişiklik hiss etdim. Daha diplomatik, səbirli, intizamlı, təmkinli olmağa başladım. Yəni intizam tələb etmək üçün özüm intizamlı olmalı idim. Zamanla başa düşdüm ki, kikboksinqdən uzaqlaşmalıyam. Bu, bir hobbi kimi qalmalıdır. Liseydə beşnövçülük, uzaq məsafəyə qaçış, üzgüçülük kimi yarışlarda iştirak etdim.

- General olmaq həvəsi ilə hərbiyə yönəlmisiniz, amma liseydən sonra Amerikada ali hərbi təhsili almaq imkanı alınmayanda, bu sahədən uzaqlaşmaq qərarı vermisiniz. Niyə davam etmədiniz?

- Liseyin son ilində xəbər çıxdı ki, ilk dəfə xaricdə hərbi təhsil üzrə bakalavr dərəcəsi almaq üçün Amerikaya tələbələr göndəriləcək. Seçim imtahanla olacaq. Dedim ki, o təhsili alan ilk azərbaycanlı olacam. Ora qəbul olmaq üçün 24 saatın 22 saatını hazırlaşırdım. Gecə yatmırdım. 2600 tələbədən 2-si seçildi, biri mən oldum. Birbaşa keçmiş prezident Heydər Əliyevin nəzarət etdiyi layihə idi. H.Əliyev 70 illiyimizdə liseyə gəlmişdi, mənə təşəkkür etdi, arzularını, gözləntilərini bildirdi. Aerokosmik tədqiqatlar fakültəsində təhsil almalı idim.

Ailəmizdə hamı sevinirdi ki, kosmonavt olacam, NASA-da işləyə bilərəm. Heydər Əliyev rəhmətə getdiyi üçün həmin il o layihə ilə xaricə tələbə göndərilmədi. Liseyin ovaxtkı direktoru Mirzə Almasov dedi ki, bu il qəbul olanlar qaldı, gələn il başqaları qəbul olsa, onlar gedəcəklər. “Nə olsun ki qəbul olmusan?” kimi laqeydliklə yanaşdı. Liseydə kursant yoldaşlarımdan hərbidən uzaqlaşmaq istəyənlər olanda, onlara getməmək üçün motivasiya verirdim, amma o görüşdə anında qərar verdim ki, uzaqlaşım. Çünki dəyəri hiss etmədim.

 

“Həyatımda baş verən heç nəyə görə peşman olmuram”

 

- Hərbiyə fokuslanan biri beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almalı oldu. Uyğunlaşa bildiniz?

- Hərbidən uzaqlaşmaq qərarımı eşidəndə, direktor dedi ki, uzaqlaşıb nə edəcəksən? Bundan sonra başqa yerə qəbul ola bilməyəcəksən, əsgər gedəcəksən, gələndən sonra da avara qalacaqsan. Dedim ki, 11-ci sinfi bitirirəm, hansısa universitetə imtahan verərəm. Dedi mən uşaqlarıma 2 ildir repetitor tuturam, sən bir ay hazırlaşıb qəbul olacaqsan? Dedim ki, ölkənin ən yaxşı universitetinin ən yaxşı fakültəsinə qəbul olacam. Evə gəlib qardaşımdan soruşdum ki, ölkədə yaxşı universitetlər hansılardır? Hərbiyə fokuslanmışdım deyə, digərləri ilə maraqlanmamışdım. Bir neçəsini dedi, İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətləri seçdim, dedim ora qəbul olacam. O vaxt qəbul olmaq istədiyin universitet seçimini öncədən edirdin, bal toplayandan sonra qərar vermirdin. 

Qardaşım mənə bir siyahı verib ki, buna düşməsən, onları yaz. Dedim ağzımdan söz çıxıb, ancaq ora qəbul olmalıyam. İçəri girəndə beynəlxalq iqtisadi münasibətlər və bir də maliyyə kreditdən başqa heç nə yazmadım. Bir ay hazırlaşıb qəbul oldum.

- Hərbidən uzaqlaşdığınıza peşman olmamısınız. Niyə?

- Həyatımda baş verən heç nəyə görə peşman olmuram. Hər bir hadisə təcrübədir, mən ona öz sərvətim kimi baxıram. Hərbi liseydəki 3 il böyük məktəb oldu. Ordakı intizam məndə vaxtın idarə edilməsi bacarığı yaratdı. Universitet vaxtı dərsləri oxumaqla yanaşı, mən iş qurmağa da vaxt ayıra bildim.

- Biznes təcrübəniz qrup yoldaşlarınız üçün ölkədaxili ödənişli tur təşkil etməyinizlə başlayıb. Bir çox tələbə bunu pul qarşılığında etməz. Bu, biznes təfəkkürüdür, yoxsa çətinlikdən çıxmaq üçün insanın nələrəsə cəhd etməsidir?

- Beynəlxalq iqtisadi münasibətlər fakültəsində o vaxt əsasən maddi imkanı yaxşı olan ailələrin uşaqları oxuyurdu. Bir-iki imkansız ailələrin uşağı olardı, biri də mən idim. İmkanlı uşaqlar yığışıb rayona getmək istəyirlər, bir həftədir bunu təşkil edə bilmirlər. Pula ehtiyacım var idi. Hiss etdim ki, bu işi bacaracam. Qardaşım da turizmdə çalışırdı. Düzdür, onlar xarici turizmlə məşğul idilər, amma sektordan məlumatım var idi. Dedim ki, mən dağları filan tanıyıram, liseydə bizi müəyyən yarışlara, təlimlərə göndərirdilər. Vəhşi təbiətdə sağ qalmaq, səmti müəyyən etmək kimi məsələləri bilirdim. Hesabladım, dedim 15 manata təşkil edərəm. Dedim amma mənim burdan xeyrim də var. Hətta gülüb dedilər ki, dəqiq o qiymətə alınacaq? Kasıb oğlansan, sonra ziyana düşərsən. Maşın tapdım, qiyməti aşağı saldım, işçi qüvvəsi kimi də tələbələrin özlərindən istifadə etdim.

 

“İstənilən biznesin böyüməsinin səbəbkarı müştəridir”

 

- İlk turdan nə qədər qazandınız?

- Adambaşına 5 manat xeyrim var idi. 18-20 nəfərlik qrup idi.

- İlk tur maraqlı oldu ki, davamı gəldi?

- Əvvəldən gedib araşdırmışdım, harda nələr edə biləcəyimizi müəyyənləşdirmişdim. Bir proqram qurmuşdum. Sonda uşaqlar çox bəyəndi, şəkilləri görənlər də istədi. Söhbət patoka yayıldı, hamı əldə pul gəlib deyirdi ki, bizə də təşkil et. Sifariş çox olurdu, dərs arası da gəlib məni çağırıb pul verirdilər. Axırda müəllim dedi ki, səni bu qədər adam niyə axtarır? Turla bağlı olduğunu dedim. Dedi ki, bizə də təşkil edə bilərsən? (Gülür). Həmin dövrdə turizm şirkətləri xarici turlardan o qədər gəlir əldə edirdilər ki, daxili turizmlə məşğul olmaq onlar üçün heç nə idi. Bazarda böyük boşluq var idi.

- Bir tələbə biznesi sizə nə qədər qazandırırdı?

- Mən 2-ci kursun sentyabrında ilk turu etmişdim. Bir ay işlədik. Sonra növbəti yayda aktivləşdik. Sonra digər universitetlərin tələbələrinə turun flayerlərini payladıq, onları da cəlb etdik. Həftədə 6 avtobus Qəbələyə, 5 avtobus Qubaya, 4 avtobus başqa şəhərə və s. gedirdi.

4-cü kursda oxuyanda, artıq ölkəxarici turlara da başlamışdıq. Antalyada infoturda olarkən, bir turizm şirkətinin direktoru zarafatla dedi ki, Murad, Antalyaya avtobus turları edirsən? “Sən Nyu-Yorka da avtobus turları edərsən” - kimi zarafatları olurdu. Dedi ki, sən daxili turizmdə həftə sonu qrup turlarını dayandırmırsan, onlardan nə qədər qazanırsan ki? 

Dedim həftəyə 5 000 manat qazanıram. Üçüncü kursun yayında ayda 20 min manat qazanırdım. Xaricə turların gəliri ayrı idi. Üstündən bir ay keçdi, onlar da bölgələrə turlar etməyə başladılar (Gülür).

- Bələdçi kimi başlayanların çoxu bu işi biznesə çevirməyə çalışsa da, çox adamda alınmır. Sizdə uğurlu alınma səbəbi nə oldu?

- İstənilən biznesin böyüməsinin səbəbkarı müştəridir. Müştəri deyəcək ki, belə olsa, daha yaxşı olar. Mən müştəriləri dinlədim. Səhvlərimi də müştəridən öyrənirəm, düzəldirəm. Bir də bu proses mənim üçün maraqlı idi. Prosesdən həzz ala bilmirsənsə, məqsədinə çata bilmirsən.

- Bəs nə zaman artıq ofisə ehtiyac yarandı? 

- Əvvəl tələbə olduğum üçün universitetdə pul qəbul edirdim. Sonra gördüm ki, ayıbdır. İndiki kimi karta pul atmaq söhbəti yox idi. Qərara gəldim ki, ofisimiz olsun. Qardaşım ovaxtkı Azərbaycan Marketinq Cəmiyyətinin sədri Rəhim Hüseynovun turizm şirkətində işləyirdi. Qardaşımla getdim Rəhim müəllimin yanına.

 Dedim ki, mən biznes açmaq istəyirəm, hazırda qazanıram, amma daimi olmasından tam əmin deyiləm, ona görə ödənişli ofis götürə bilmirəm. Dedim bizə bir otaq verin, işçim orda otursun. Sizin işi də öyrənək, sizin müştərilər gələndə, onlara da sizin şirkətlə bağlı məlumat verək. Razılaşdı. Turizm.az saytı orda quruldu. Turistlər üçün xəbər saytı idi. Bir müddət sonra gördüm ki, sayta yaxşı kütlə yığmışam. Auditoriya böyüdü, dedim onlara Antalya turu da sata bilərəm. 4-cü kursda xarici turlara da başlayanda artıq ayrıca ofisə çıxdıq.

Turizm.az saytında qardaşımın dostları ilə ortaqlıq var idi. Sayt “Turizm.az” Turizm Şirkətinə məxsus deyildi. Sonra ortaqlarla halallaşdıq və sayt da “Turizm.az” şirkətinə məxsus oldu. 

 

“Devalvasiyada 400 min manat ziyana düşdüm”

 

- Hazırda turizm sahəsində hansı işlərdə varsınız?

- 2013-cü ildə Böyük Britaniyada turizmin idarə edilməsi üzrə magistr təhsili almağa getdim. Qayıdandan sonra turizmdə işimizi böldük, qardaşım xarici turizmi götürdü, mən daxili. Azərbaycana döndüyümdə bir neçə yeni layihələr etdik. Biri 2015-ci ildə qurduğumuz Azərbaycandca B2C xidmət göstərən ilk elektron viza portalı olan “www.evisa.com.az”dır.

Xarici turistlər bizim saytımıza daxil olub viza üçün müraciət edirdilər. Əvvəl uğurlu oldu. Sonra ASAN xidmət eyni xidmətə başladı, ondan sonra zamanla o layihəmiz kiçildi, amma davam edir.

Turizm.az qardaşımdadır. Payımı da ona bağışlamışam. Mənim “Silk Road” şirkətim var. O da korporativ əməkdaşlıq üçün şirkətdir. Tanıdığım şirkətlərlə işləyirəm. Çünki korporativdə ödənişləri çoxu gec edir, ona görə tanımadığım şirkətlərlə işləmirəm.

Mən bir işi inkişaf etdirmək istəyirəmsə, ona fokuslanmalıyam. Bu gün əsas fokusum “Runaway”dır.

- “Runaway”dan ətraflı danışarıq. İndi istəyirəm turizmin necə bir sektor olmasından danışaq.

- İllərimi bu sahətə sərf etmişəm, yaxşı pul qazanmışam, yaxşı da xərclərə düşmüşəm. Turizm sayəsində 65 ölkə gəzmişəm. Deyim ki, turizm riskli sahə sayılır. Xüsusilə sən məhsulun sahibi deyilsənsə. Hotel məhsulun sahibidir. Özü özünü satır. Xidmət istehsal edir. Aviaşirkət məhsuldur. Biz vasitəçi idik. Marjam azdır, ortada böyük pullar dövr edir, amma risk olanda da mənim başımda çatlayır. Devalvasiyada 400 min manat ziyana düşdüm. “Wizz Air” Azərbaycandan gedəndə də təxminən 400 min manat zərər etdim. Pandemiyada isə nəyimiz var idisə, getdi, əldə nə var idisə, satdıq.

Əslində, o riskləri sığortalamaq üçün başqa bizneslərə də yatırım etməli idik. Yumurtanın hamısı eyni səbətdə olmamalıdır. Mən nə iş görmüşdümsə, hamısı turizmdə idi. 200 min manatdan çox da turizm texnologiyasına yatırım etmişdim. Dünya otellərinin rezervasiya sistemi idi. Bu sistem vasitəsilə turizm şirkətləri ən ucuz otelləri tapa bilirdilər. O da donmuş vəziyyətdədir. Çünki aktivləşdirəndə, ona maliyyə yatırmalıyam.

 

“Gün oldu ki cəmi 80 manat pulum qaldı”

 

- Pandemiyada tamamilə çöküşdən sonra yenidən necə bu sahədə ayağa qalxa bildiniz?

- Turizmdən küsmüşdüm, dedim kənd təsərrüfatına keçim. Dünya dağılsa da, yeməyə tələbat olur. Bluberry (Qaragilə) qarşıma çıxdı. Onun aqrotexniki qaydalarını öyrənmək üçün 2 aylıq kursa qoşuldum. Əvvəldən rayonda torpaq almışdım, ora əkin üçün uyğun oldu. 29 min dollarlıq ting sifariş verdim. İkinci Qarabağ müharibəsi başlayan günün səhəri mən oktyabrda gələcək malın pulunu ödəməli idim. Düşündüm ki, müharibə mənə “Bilmədiyin sahəyə girmə” siqnalıdır. Sonra fikirləşdim ki, turizmdə nəsə edim.

2015-ci ildə Amerikada bir startap var idi. İki dost bir layihə yaratmışdılar. Gəzən kotteclər idi. Müştəri saytdan 50 yerdən birini rezervasiya edir, bunlar da kotteci istədiyi yerə aparıb qoyurlar, enerji və suyu qoşurlar, orda qalır. Bizdə bunu etmək real deyildi. Ona görə dedim konsepsiyanı götürüm, özümüzə uyğunlaşdırım.

Ting almaq üçün saxladığım 29 min dollarla ting əkəcəyim torpağı böyütdüm, orda kottec tikim dedim. Kottec tikmək üçün pul yox idi. Layihəmi dostum Səbuhiyə təqdim etdim, dedim pulum yoxdur. Hamı da dostuma deyir ki, pandemiya yeni bitib, turizmə pul yatırmaq riskdir. Dedim Səbuhi məni necə adam kimi tanıyırsan? Dedi sözünə bütöv biri kimi. Dedim mən bu layihəyə inanıram. Sən pulu ver, yaxşı olacaq. Lazım gəlsə, evimi satıb pulunu qaytararam. İlk investisiyanı belə aldım.

- İlk investisiya başlanğıc üçün kifayət edirdi?

- Həmin investisiyanı alanda, inşaat tərəfində iştirak etdiyim üçün özümə də pay ayırmalıydım. Bunu qeyd etməyi unutmuşdum. Evimizdə pul qurtarıb, amma o pula əl vura bilmirdim. Qalan da ağır mülkdür, satıla bilmir. Mən ailəmə hər zaman yaxşı baxmışam. Amma gün oldu ki cəmi 80 manat pulum qaldı. Gedib borc da istəyə bilmirəm. Çünki buna öyrəşməmişəm. Neçə aydır ki, investorlarla danışıram, amma alınanı yoxdur. Bir dəfə Qətərdən Rəfaq adlı bir şəxs zəng etmişdi, layihəmizlə maraqlanırdı. Sonra liseydən tanış çıxdıq. 2 aya yaxın vaxt keçib, 80 manatım qalan gün həmin şəxs zəng vurdu, dedi Bakıdayam görüşək.

Ofisə dəvət etdim. Ofis də belədir ki, bölüb başqa şirkətlərə vermişdim. Onlardan aldığım pulla icarəni verirdim, özüm pulsuz otururdum. Gəldi ofisə, dedim birdən deyər restorana gedək. 80 manat da gedəcək. Gəldi, keçmişdən, xatirələrdən danışırdıq. İçimdə deyirdəm ki, nə vaxt əsas mətləbə keçəcək? (Gülür) 

İnvestisiya söhbətinə gəlmədi. Dedim day gedək hardasa oturub yemək yeyək. Ürəyimdə deyirəm ki, hesab 80 manatdan çox gəlməsin. Özüm də yüngülvari sifarişlər verirəm ki, o da mənə baxıb yüngülvari götürsün. Yenə hər şeydən söhbət gedir, işdən danışmır. Saat 11 idi, dedim gecdir, evdəkilər gözləyir. Hesab gəldi, 78 manat etdi. 2 manatı da “çayavoy” verdim (Gülür). 80 manatdan çox gəlsə, məndə pul olmasa, düşünərdi ki, bu necə biznesmendir ki, 80 manatı yoxdur. Durub çıxanda əlində bağlama göstərdi, dedi bunu hara qoyum? Dedim ki, bu nədir? Dedi puldur da, yatırım. Dedim səhərdən ofisdəyik, müqavilə bağlayardıq filan. Dedi mənim üçün sən müqaviləsən də, o vaxt necə dürüst idinsə, indi də eləsən. Qəribə hisslər keçirdim, puldan da çox mənə güvəni təsir etdi. 

Burda mənfəəti də hesablamışam, hər kottecdən 5000 manat mənfəətim var idi. Evə gəldim, yoldaşım da bilir ki, vəziyyət ağırdır. Dedi ki, dostunla görüşdünüz?

 Dedim restorana getmişdik. Mən harasa yeməyə gedirəmsə, qayıdanda uşaqlara da kabab filan alıb gətirirəm. Biz uşaq vaxtı korluq çəkmişik, kababa həsrət qalmışıq. Ona görə içimdə narahat oluram, elə bilirəm ki, uşaqlar da həsrət qalıb. Gələndə evə də alıram. Dedim sizə də pay gətirmişəm. Lülə kababdır. Dedi ki, pulun olmayan vaxtı neynirdin. Açdı ki puldur. 50 min dollar idi. Yoldaşım mənim edə bilmədiyimi etdi, ağladı.

 

“Müştərilərimizin 98 faizi razı gedir”

 

- “Runaway” üçün indiyədək nə qədər investisiya cəlb etmisiniz?

- İndi 17 kottec, 24 otaqdır. 840 min dollarlıq investiya var. Kotteclər hamısı kənar investisiya ilə tikilib. Öz maliyyəmlə etdiklərim də var. Restoranı öz hesabıma tikmişəm, torpağı öz pulumla almışam və s. 

- İlk olaraq iki kotteclə başlamışdınız. İlk vaxtlardan tələb çox oldu.

- Mən dünya turizm trendini oxudum, qeyd olunurdu ki, insanlar pandemiyadan sonrakı dövrndə artıq sağlamlıqlarına daha çox fikir verməyə başlayacaqlar. Çoxotaqlı otellərdə yox, kotteclərdə qalmağa üstünlük verəcəklər. İnsanların çox olduğu yerlərdə yox, ucqar təbiət qoynunda istirahət etməyə çalışacaqlar və s. Tələb olacağını bilirdim. Bizdə ilk olaraq 2 kottec yarandı. Sonra tələb çox şişdi. İnsanlar bizimlə dalaşırdı ki, belə biznes olar, artırın, biz də gələ bilək. 2 ay əvvəldən iki kottec dolmuşdu. Biznes partladı, investisiya aldıq və kottecləri artırdıq.

Müştərilərimizin əylənməsi üçün kvadrosikl, at, hikinq turlarımız var, mini ferma qurmuşuq. Daim hər xırda detallara diqqət edirik. Ona görə müştərilərimizin 98 faizi razı gedir. 

- İşləməyi sevirsiniz?

- İşləməyi sevdiyimi desəm, yalan olar. İstəyirəm pul öz-özünə gəlsin (Gülür). Milyonçu olmaq istəmirəm, sadəcə aylıq xərcim iştirakım olmayan biznesdən gəlsin. Düşünürəm ki, biz dünyanı gəzməli, fərqli ölkələrin mədəniyyətini, fəlsəfələrini öyrənməliyik.

- O zaman indiki biznesi böyütməklə bağlı planlarınız var.

- Quba, Lerik, Qəbələ, Qax, Balakəndə filial açmaq, sonra Gürcüstana keçmək fikrimiz var. “Runaway House”u qlobal brendə çevirib böyük investisiyalar cəlb etmək istəyirəm. Düşünürəm ki, artıq bilik və təcrübəmi xırda biznesə sərf edəcək yaşda deyiləm. 38 yaşım var. 40 yaşa qədər elə biznes qurmalıyam ki, mənim iştirakım olmadan gəlir qazansın. İş adamlarının ən böyük səhvi odur ki, deyir mən olmasam, biznes batar. Sistem yaratmalısınız. Sistemi qura bilsəniz, bir ay özünüz olmasanız da, sistem olduğu üçün iş gedəcək. Turizm şirkəti də şəxsə bağlı olur. Oxuduqca, təcrübə qazandıqca gördüm ki, səhv etmişəm. Özümə bağlı qurmamalıyam.

 

“Hər şeyi itirib yenidən nəsə qura bilərəm”

 

- Biznesdə çətinliklər olanda, həmin dövrü şəxs olaraq necə keçirirsiniz?

- İnsan hər zaman eyni motivasiyada olmur. Bəzən yıxılırsan, bəzən bezirsən, bəzən əsəbləşirsən. Həmin dövrdə insanın yanında bir dəstəkçisi olmalıdır. Bu, sənin qardaşın, dostun ola bilər. Mənim belə dövrlərdə ən böyük dəstəkçim həyat yoldaşım oldu.

- Hətta təmizlik işində də sizə yardım edib...

- Biz rayon yerində işi qurmuşduq, amma təmizlikçi yox idi. Kənd yerində belə bir biznes olmayıb deyə, ailələr xanımlarını bizim yanımıza təmizlikçi işinə göndərməyə ehtiyat edirdilər. Yoldaşım dedi ki, təmizlik işini özüm edəcəm, görsünlər ki, burda heç nə yoxdur. Həqiqətən də sonra effektini verdi və insanlar gördülər ki, məkanın sahibinin xanımı orda işləyir, təmizlik edir, özləri iş üçün müraciət etdilər.

Mənə çox adam dedi ki, şəhər mühitində yaşadığınız halda həyat yoldaşının səninlə kəndə köçməsi böyük dəstəkdir. Elə insan olardı ki, deyərdi sən get, biz uşaqlarla Bakıda qalaq. Yoldaşım dedi ki, sən harda, biz orda. Mənə çox köməkliyi oldu. Kotteclərin çertyojunu yoldaşımın fikrini alıb çəkirdim. İndi qonaqlar hamısı bəyənir, mükəmməl alındığını deyirlər.

- Pul qazana bilirsiniz, bəs xərcləmək?

- Xərcləmək qazanmaqdan çətindir. Düzdür, itirməkdən əvvəlki qədər qorxmuram. Pandemiyadan öncə biznesdə çox stress keçirirdim. “Runaway”i qurandan sonra bir rahatlıq yarandı. Dedim hər şeyi itirib yenidən nəsə qura bilərəm. Xərcləməyi öyrənmək üçün bir neçə kitab oxumaq məcburiyyətində olmuşam. 

Düzdür, bədxərc insan deyiləm. 2013-cü ildə aldığım maşını hələ də sürürəm. Ən çox xərcim səyahətə, restorana çıxır. Spirtli içki içmirəm, hər zaman nəzarətin öz əlimdə olmasına üstünlük verirəm.

- Biznesmen nə zaman uduzur?

- Biznesdə gərək emosional yanaşmayasan. Emosional yanaşma hər zaman məhvə doğru aparır. Əgər işçiyə təlim keçirsən, yol göstərirsən, düzəlmirsə, işdən çıxarmalısan.

Pandemiyadan öncə ayda 22 min manat maaş dövriyyəm idi. 6 ay mən gözlədim, iş olmasa da maaşları verdim. Sonuncu ay 50 faiz verdim. Sonra fikirləşdim ki, emosional yanaşmamalıyam. Nə isə alınmırsa, qərar vermək lazımdır.

Aygün Asimqızı

Fotolar: Rəşad Mehdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda bərk məişət tullantılarından enerji alınmasında istifadə edilə bilər

"Emiland" məhkəmə qarşısında

Bu zavod bu il 25 milyonluq istehsal həyata keçirib

Azərbaycandan Dubaya gələn turistlərin sayı 69 % artıb

Azərbaycanda bu deputatlara ev veriləcək

Azərbaycan və İtaliya birgə istehsal və xidmət sahələri yaradır

COP 29-un keçirilməsinə ayrılan vəsaitin auditi aparılacaq

Nərimanovda yerləşən məşhur restoran cərimələnib - Məbləğ

Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq®

BƏT xəbərdarlıq etdi: “Dünyada bərabərsizlik artır”

Bakının bu küçəsində təmir işləri aparılır

"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi? - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

7 bankın əmlakları hərraca çıxarılır

İxtisası üzrə çalışmayan müəllimlərin STATİSTİKASI

Azərbaycan ən çox bu ticarət proqramından İSTİFADƏ EDİR: “Altı ayda...”

Dövlət qurumlarına məxsus yeni domenlərin sayı 25 % azalıb

"Azərbaycan qazandığı hər 100 dollardan 50 dollarını İtaliyadan əldə edir" - Ekspert

Böyük ailələrdə çörək və ət istehlakı minimum səviyyədən aşağıdır - Rəsmi

Baş Prokurorluqdan İsmayıllıdakı əməliyyatla bağlı açıqlama

"Evimi sök, pulumu ver" - Tikinti şirkətləri necə fırıldaq edir?

Azərpoçt itirilmiş bağlamaları 2.28 AZN-ə satır? - Rəsmi açıqlama

Sabah 30 dərəcə isti olacaq

Turizm şirkəti bağlandı

Prezident İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru ilə görüşdü (YENİLƏNİB)

Nazirlər Kabineti büdcəyə artıq ödəmələrlə bağlı qərar verib

Bakıda bu binalar bərpa olunacaq - Pul ayrıldı

Türk dövlətlərinin ortaq brendləri yaradılacaq

Ələt-Astara-İran avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin