"Nvidia"nın açıqlaması ilə səhmləri 40 %-dən çox düşən şirkətlər - SƏHƏR OXUSU
"Nvidia" şirkətinin baş direktoru Censen Huanq (Jensen Huang) kvant hesablama texnologiyasının praktik istifadəsinin 20 il uzaqda olduğunu bildirdikdən sonra, kvant hesablama şirkətlərinin aksiyaları çərşənbə günü ciddi dəyər itkisi yaşayıb.
Valyuta.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu, 1 ilə yaxındır davam edən qiymət artımına fasilə gətirib.
Huanq "çox faydalı kvant kompüterlərinin" inkişafı üçün uzun müddət tələb olunduğunu qeyd edərək, artıq bu texnologiyaya milyonlarla dollar sərmayə qoymağı planlaşdıran sektora şübhə toxumları səpib.
"Ola bilsin ki, 15 il bir qədər erkən tarix olar, 30 il isə bir qədər gec. Amma 20 il desək, əksəriyyətimiz bunun mümkün olduğuna inanarıq," – deyə o, bildirib.
"Rigetti Computing", "D-Wave Quantum", "Quantum Computing" və "IonQ" şirkətlərinin aksiyaları 40%-dən çox dəyər itirib. Bu şirkətlər ümumilikdə bazar dəyərində 8 milyard dollardan çox itki ilə üzləşib.
15-20 illik perspektiv "realist" hesab olunur
"Rigetti" və "IonQ" aksiyalarını idarə olunan ETF vasitəsilə saxlayan "Spear Invest" şirkətinin investisiya rəhbəri İvana Delevska, bu vaxt çərçivəsini real hesab edib.
"Bu, 'Nvidia'nın sürətləndirilmiş hesablama texnologiyasını inkişaf etdirmək üçün sərf etdiyi vaxta bənzəyir," – Delevska deyib.
Ötən il 4 kvant hesablama şirkətinin aksiyaları üç dəfədən çox artıb və "Nvidia"nın iki dəfə artan aksiyalarını geridə qoyub. Bu artım, "Google"un dekabr ayında texnologiyada əldə etdiyi yüksək səviyyəli irəliləyişlə əlaqələndirilirdi.
Texnologiyanın strateji əhəmiyyəti və gələcək gözləntilər
Kvant hesablama texnologiyası milli təhlükəsizlik üçün əsas istiqamətlərdən biri hesab olunur və dövlətlər onu hərbi məqsədlər üçün şifrələməni inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırır. Lakin bu şirkətlərin gəlirləri hələ də kiçik olaraq qalır.
Məsələn, "IonQ"nun 2024-cü maliyyə ili üçün 41.6 milyon dollar gəlir əldə etməsi gözlənilir. Bununla belə, şirkət çərşənbə axşamı 10 milyard dollardan çox dəyərə malik idi. Digər tərəfdən, "Rigetti"nin bazar dəyəri 4.4 milyard dollar olduğu halda, onun illik gəlirinin yalnız 11 milyon dollar olması proqnozlaşdırılır.
"Onlar böyük mənzərəni qaçırırlar.."
"Craig-Hallum" analitiki Riçard Şennon (Richard Shannon) hökumət layihələrindən əldə olunacaq gəlirlərin yaxın bir neçə ildə əhəmiyyətli olacağını qeyd edir.
"Əgər investorlar minimal gəlirlərə görə narahatdırsa və bunun üçün əlavə kapital tələb olunacağını düşünürsə, onlar böyük mənzərəni qaçırırlar," – Şennon bildirib.
O, əlavə edib ki, kvant hesablama texnologiyası "Nvidia"nın əsas yararlandığı klassik hesablama biznesinin bəzi hissələrini dəyişdirəcək gücə malikdir.
Rəhim / Valyuta.Az / SƏHƏR OXUSU
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay