Bu il hansı sahənin mütəxəssislərinə daha çox tələb olacaq?
"LinkedIn" platforması "Yüksələn iş yerləri" hesabatını təqdim edib. Hesabatda süni intellekt üzrə məsləhətçilər, süni intellekt mühəndisləri, məlumat analitikləri və satış mütəxəssisləri və s. kimi peşələrin 2025-ci ildə sürətli artım göstərəcəyi vurğulanır.
Azərbaycanda bəs hansı sahələrdə mütəxəssislərə daha çox tələb olacaq?
Valyuta.az-a açıqlamasında Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, Azərbaycanda iş yerlərinin artımında texnologiya, süni intellekt və rəqəmsallaşma sahələri böyük potensial vəd edir: “Qlobal trendlərə uyğunlaşmaq üçün süni intellekt mütəxəssisləri, data analitikləri və proqram mühəndisləri kimi peşələrə maraq getdikcə artır. Bununla yanaşı, rəqəmsal marketinq, elektron ticarət və "fintech" sahələri də perspektivli inkişaf imkanları təqdim edir. Sevindirici haldır ki, son illərdə gənclər bu sahələrə ciddi maraq göstərir və bir çoxu beynəlxalq sertifikat proqramlarına qoşularaq bilik və bacarıqlarını inkişaf etdirir. Buna baxmayaraq, bu istiqamətdə ixtisaslaşmış kadrların sayı hələ də kifayət qədər deyil”.
E.Hüseynov iş bazarının bu trendlərə uyğunlaşması üçün hansı addımlar atılmalı olduğu haqqında da danışıb: “Əmək bazarının müasir trendlərə uyğunlaşması üçün ali təhsil müəssisələri ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və müasir təhsil proqramlarının hazırlanması vacibdir. Dövlət səviyyəsində texnologiya mərkəzlərinin yaradılması, xarici ekspertlərin cəlb edilməsi və startap ekosisteminin dəstəklənməsi bu prosesə mühüm dəstək göstərə bilər. Azərbaycanda bu potensialın reallaşdırılması üçün dövlət və özəl sektor birlikdə, sistemli və fəal addımlar atmalıdır”.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay