ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..
ABŞ Ali Məhkəməsi dünən qəbul etdiyi qərarla, "TikTok"un Çinli ana şirkətlə əlaqələrini kəsməməsi halında "milli təhlükəsizlik təhdidi yaratdığı" səbəbilə ölkədə istifadəsinin qadağan olunmasını nəzərdə tutan federal qanunun tətbiq edilməsinə yol açdı.
Valyuta.Az xəbər verir ki, məhkəmənin yazılı açıqlamasında qeyd edilib: "Konqres, 'TikTok'un məlumat toplama tətbiqləri və xarici bir düşmənlə əlaqələri ilə bağlı əsaslı milli təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün onun satılmasının zəruri olduğuna qərar verdi."
Yekdilliklə qəbul edilən qərara əsasən, sosial media tətbiqi 19 yanvara qədər satılmazsa, "Google" və "Apple" kimi platformalardan silinəcək və həmin tarixdən sonra tətbiqin telefon, planşet kimi cihazlara yüklənməsi qadağan ediləcək.
Bununla yanaşı, hazırda telefon və planşet kimi cihazlarda quraşdırılmış tətbiqin istifadəsinə icazə veriləcəyi, lakin yenilənməyəcəyi bildirilib.
Məhkəmə sənədlərinə görə, Ədliyyə Nazirliyində çalışan vəkillər, yenilənməyən tətbiqin zamanla işləməz hala gələcəyini qeyd ediblər.
Xatırladaq ki, ABŞ Senatı 15 dekabr 2022-ci ildə "milli təhlükəsizlik narahatlıqları" səbəbilə federal hökumət işçilərinin dövlətə məxsus cihazlara "TikTok" yükləməsini qadağan edən qanun layihəsini qəbul etmişdi.
Bundan əlavə, ABŞ Nümayəndələr Palatası da 28 dekabr 2022-ci ildə üzvlərin və işçilərin istifadə etdiyi rəsmi cihazlara "TikTok" tətbiqinin yüklənməsini və istifadəsini qadağan etmişdi. Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas daxil olmaqla bir çox ştatda da oxşar qanunlar qəbul edilmişdi.
2024-cü ilin aprelində isə ABŞ Senatı "TikTok"a ya satılma, ya da qadağan olunma şərti irəli sürən qanun layihəsini təsdiqləmişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay