Bu bağların hər hektarına görə fermerlərə 15 min manat subsidiya veriləcək
2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq.
Valyuta.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına şamil olunur. Hazırda ölkəmizin müxtəlif bölgələrində qaragilə (mavigilə) yetişdirilir. Bu giləmeyvənin əkin materialları əsasən, xaricdən gətirilir. Amma artıq qaragilə (mavigilə) bitkisinin əkin materialının Azərbaycanda da kütləvi istehsalı başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə) bitkisi in-vitro üsulu ilə çoxaldılır. Qaragilə (mavigilə) yüksək ixrac potensialına sahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olması səbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinə maraq artıb. Müqayisəli üstünlüyə malik qaragilə (mavigilə) bitkisinin becərilməsi çox xərc tələb etdiyindən, dövlət tərəfindən bu xərclərin bir hissəsinin qarşılanması siyasəti həyata keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay