Bəzi xanımlar ana olmaq istəmir - Karyera, yaşanmayan uşaqlıq, travmalar...
Zaman keçdikcə dəyərlər, insanların istəkləri də dəyişir. Keçmişdə böyük diqqət yetirilən ailə dəyərləri müxtəlif səbəblərdən öz əhəmiyyətini itirməyə başlayır. Əvvəllər böyük sevgilə qurulan ailələrin təməli dünyaya gələn övladlarla daha da möhkəmlənirdi. Ən azından bunu yaşlılarımız belə deyirdi. Müasir dövrdə isə nikaha daxil olanlar 1, ən çoxu 2 uşaq sahibi olmağa üstünlük verirlər. Hətta bəzi gənc xanımlar "nə edirəm uşaq doğub" kimi fikirlər də səsləndirirlər. Digər qisim karyeranı əlində bayraq edib ümumiyyətlə uşaq dünyaya gətirməyi düşünmədiyini deyir. Adi bir insanın şəxsi fikri kimi görünən bu sözlərin kökündə isə təlqin edilmiş, beyinə yeridilmiş nəsnələrin dayandığı sezilir...
Bu barədə Modern.az-a danışan psixoloq Elnarə Ceray bildirib ki, indiki gənclərin ailə qurduqları zaman tez bir zamanda uşaq sahibi olmaq istəməmələri onların vaxtı ilə istədikləri həyatı yaşamadıqlarından qaynaqlanır.
Psixoloq hesab edir ki, valideynləri kiçik yaşlarında uşaqlara istədiyi həyatı vermədiyindən, onlar daha çox özləri üçün yaşamağa üstünlük verirlər:
"Buna görə də, onlar uşaqlarının da onlar kimi natamam böyümələrindən qorxurlar. Beləliklə tez zamanda uşaq sahibi olmurlar. Bu səbəbdən onlar ilk növbədə öz maddi vəziyyətlərini yaxşılaşdırmaq istəyir. Onlar bunu gələcəkdə dünyaya gətirəcəyi uşaqları hər cür şəraitlə təmin etmək üçün istəyirlər. Uşaqların inkişafı üçün lazım olan hər şəraiti qurmaq istəyirlər. Bu tip şəxslər uşaqlıqda yaşadıqları əksiklikləri öz uşaqlarının da yaşamaması üçün çalışırlar. Karyerasını yaxşılaşdırmaqla gənc qadın dünyaya gətirəcəyi uşaqlarını yaxşı məktəblərdə oxutmağı, gözəl paltarlar geyindirməyi, gələcəkdə onların yaxşı işdə işləməsini təmin etmək istəyir. İstəyirlər ki, uşaqlıq acılarını bir travma kimi övladları da yaşamasın”.
“Fikir versəniz görərsiniz ki, bəzi valideynlər özləri seçmədikləri, seçə bilmədikləri universitetləri istəyirlər ki, onların övladı seçsin. Məsələn, həkim olmaq istəyib, ancaq valideynləri tərəfindən hüquqa yönləndirilən, yaxud yaradıcı sahə ilə məşəğul olmaq istəyib, buna valideyn təsiri ilə nail ola bilməyən gənc valideynlər əldə edə bilmədikləri bu hədəflərə öz uşaqlarını yönləndirmək istəyirlər. Bəzi ailələrdə düşünürlər ki, bir uşağım varsa, ona bu həyatda hərtərəfli şərait yaradım. Heç nə də əskiklik yaşamasın, başqa uşaqların qısqanclığını yaşamasın. Bir uşağın öz uşaqlığını doyunca yaşaması üçün ikinci uşağı dünyaya gətirməyən valideynlər də var”, - deyə psixoloq qeyd edib.
E.Ceray deyir ki, nə qədər övladlarımıza gözəl həyat tərzi yaşatmağa çalışsaq da, yenə də nəsə çatışmayacaq:
“Nəzərə almaq lazımdır ki, onların da hansısa arzu, istəkləri, elə istək olaraq da qala bilər. Bəzi gənclər də var həqiqətən, elə çətin həyat yolu keçirlər ki, istəyirlər, öz ayaqları üzərində dursunlar, karyeralarını yüksək şəkildə qursunlar. Bunun üçün də uşağa ehtiyac duymurlar. Çünki onların uşaqlıqları maddi-mənəvi durumları aşağı səviyyədə olduğu üçün uşaq haqqında düşünmürlər. Qarşıya qoyduqları əsas məqsəd maddi durumlarını yüksəltməkdir. Yəni onların fikri "mən bunu yaşamamışam, bunu özümə yaşadacam", "mənim valideynlərim bunu mənə yaşatmayıb, mən özüm bunu özümə yaşadacağam" kimi fikirlərdən ibarətdir. Hər bir hərəkətimiz bizim həyatda başımıza gələn travmaların bir nəticəsidir. Bu səbəblə də bəzi gənclər, xüsusilə də, qadınlar uşaq deyil də karyeranı seçirlər”.
Onun sözlərinə görə, gənc qadınlar həyatda heç kimin heç nədən sığortalanmadığını düşünməlidirlər:
"Yəni həyat yoldaşım var deyə mən işləməyəcəm kimi düşüncə olmamalıdır. Ancaq istər kişi, istərsə də qadın ailə büdcəsinə öz töhfəsini verməlidir. Uşaqların gələcəyini də bir yerdə qurmalıdırlar. Amma bütün bunlarla yanaşı bəzi gənclər dünyaya eqoistcəsinə baxırlar. Yəni mən özüm gəzim, görüm, istədiyim fəaliyyətləri edim doyum ki, sonra dünyaya uşaq gətirim və ona bu cür həyatı verim. İnsan təkcə oxuyub təhsil almaqla kifayətlənməməlidir. İnsanın qabiliyyətini göstərəcək yaradıcılığı da olmalıdır. "10 barmaqda 10 mərifət" deyimi var. Biz də uşaqlarımızı elə yetişdirməyə çalışmalıyıq ki, heç olmasa 3-4 barmağında bacarıq olsun. Tək təhsil almaqla kifayətlənməməlisən. Bəzən heç təhsil aldığımız ixtisasın keyfini ala bilmirik. O qədər maaş cəhətdən yaxşı yerlərdə işləyən gənclərimiz var ki, işlərindən zövq almırlar. Sadəcə maddi vəziyyətlərini düzəltmək üçün orada işləyirlər. Bir sözlə, istədiyimiz işi görməli, istədiyimiz addımı atmalıyıq.Təbii ki, həm kişi, həm də qadınlar özlərini psixoloji və fizioloji hazır hesab etdikləri vaxtda evlənsələr yaxşıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay