
Azərbaycan üçün əsginas çap etmiş şirkət ABŞ-a satılır (FOTO)
Dünyanın bir çox ölkəsi üçün əsginaslar, markalar, möhür kağızları və pasportlar istehsal edən Britaniya şirkəti "De La Rue" Amerika investisiya fondu "Atlas Holdings"in satın alma təklifinə razılıq verib.
Valyuta.az xəbər verir ki, "Atlas" hər "De La Rue" səhmi üçün 130 pens nağd pul təklif edib. Bu, sövdələşmənin ümumi dəyərini 263 milyon funt-sterlinqə (347 milyon dollar) çatdırır.
"De La Rue" 1821-ci ildə yaradılıb. Şirkət təkcə Britaniya üçün deyil, həm də dünyanın 150-yə yaxın başqa ölkəsi üçün əsginas buraxır. Bundan əlavə, pasportlar, sürücülük vəsiqələri və digər sənədlər, əsginasların sayılması və yoxlanılması üçün maşınlar istehsal edir.
Son bir neçə il "De La Rue" üçün asan olmayıb. Məsələn, 2018-ci ildə şirkət "Brexit"dən sonra verilən yeni Britaniya pasportlarının istehsalı müqaviləsini itirib.
Sövdələşmə başa çatdıqdan sonra şirkət səhmlərinin 1947-ci ildən siyahıya alındığı London Birjasını tərk edəcək. "De La Rue"nin səhmləri satış xəbərləri ilə 15% bahalaşıb.
Qeyd edək ki, "De La Rue" Azərbaycan üçün də əsginaslar istehsal edib. Belə ki, şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orjinal üslubda Naxçıvanda olan memarlıq abidəsi - “Mömünə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.
2001-ci ildə "De La Rue" şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginas buraxılıb. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əskinasın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay