Qanunsuz parklanmaya görə cərimələr sərtləşə bilərmi?
Ölkəmizdə sürücülər tərəfindən dayanma və durma qaydalarının tələbləri tez-tez pozulur. Sürücülər haqlı olaraq parklanma yerlərinin azlığından, mövcud parklanma yerlərinin isə bahalı olmasından şikayət edir. Məsələyə digər tərəfdən yanaşsaq, Bakıda tıxac probleminin günü-gündən böyüməsinin səbəblərindən biri də qanunsuz parklanmadır.
Tıxac olan küçə və prospektlərdə qanunsuz parklanma problemini differensial yanaşma ilə həll etmək olarmı? Razılaşaq ki, pik saatlarında (bu gedişlə o anlayış tarixə qovuşacaq – red.) tıxac müşahidə olunmayan və mərkəzi küçədə qanunsuz park edənlərin bir tutulması ədalətli deyil. Ən azından, onların yaratdığı problem eyni deyil.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Araz Əsgərli İndex.az-a bildirib ki, bu, ağılabatan fikirdir:
“Lakin belə məsələlərin həyata keçirilməsi üçün gərək qanunvericiliyə dəyişikliklər olunsun və cərimələrin qaldırılması məsələsi yarananda məsələnin sosial tərəfləri nəzərə alınsın. Onu da qeyd edim ki, bu məsələnin həyata keçirliməsi tək Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə mümkün deyil. DİN məsələnin 20%-də iştirak edə bilər. Dayanma və durma qaydalarına gəldikdə isə ötən il ümumiyyətlə bu qayda ilə bağlı elə bir qərar qəbul etdilər ki, əgər avtomobil dayanma və durma qaydalarını pozubsa, ona cərimə yazılır və növbəti 24 saat ərzində həmin avtomobilə dayanma və durma ilə bağlı ikinci bir cərimə yazıla bilməz. Sürücü isə qaydanı pozaraq dayanma və durma qadağan olunan yerdə avtomobilini saxlayır. Yol polisi də 20 manat cərimə edir və məsələ bitdi. Düşünün ki, sürücü 20 manat verib, həmin ərazini 24 saat avtomobilini saxlamaq üçün icarəyə götürür. Bakı kimi şəhərdə bu qərar dayanma və durma qaydalarını pozan şəxs üçün vəziyyəti daha da rahatlaşdırdı. Qanunu bu dərəcədə yüngülləşdiriblər”.
Hüquqşunas Ərşad Hüseynov isə İndex.az-a bildirib ki, cərimələrin inzibati xətanın törədildiyi yerə görə fərqləndirilməsi çətin məsələdir.
“Bu, təcrübədə anlaşılmazlıqlar və mübahisələr yaradacaq. Dünyanın bəzi ölkələrində yaşayış məntəqələri üzrə dayanma və durma qaydalarının pozulmasına görə cərimə var. Məsələn, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinin mərkəzində dayanma və durma qaydalarının pozulmasına görə yazılan cərimə ilə kənar rayonlarda bu qaydanın pozulmasına görə yazılan cərimə fərqlidir. Digər bir neçə ölkədə isə şəhərin bəlli zonaları var və bu zonaları fərqləndirmək üçün xüsusi nişanlardan istifadə edilir. Həmin zonlarda dayanma və durma qaydalarının pozulmasına görə alınan cərimə şəhərin digər ərazilərində alınan cərimələrdən fərqlənir. Mən yaxın gələcəkdə ölkəmizdə bunun tətbiqinin perspektivini görmürəm. Çünki bir çox mübahisələr yaranacaq. Belə deyək, qarşıya qoyulmuş məqsədi həll etmək əvəzinə yeni problemlərin ortaya çıxmasına zəmin yaradacaq. Biz belə bir fərqləndirməni əraziyə görə yox, dayanma və durma qaydalarının pozulmasının kobudluğuna görə edə bilərik. Məsələn, təsəvvür edin ki, sürücü küçədə dayanma və durma qaydalarını pozub. Lakin digər nəqliyyat vasitələrinə çox böyük problem yaratmır. Belə halda daha az cərimə tədbiq oluna bilər. Amma əgər sürücü dayanma və durmanın tələblərini kobud şəkildə pozubsa, avtomobili piyada keçidinin üzərində saxlayıbsa, ikinci zolaqda dayanıbsa, yol ayrıcını bloklayıbsa, ümumiyyətlə avtomobilini mütəmadi sıxlıq olan ərazidə saxlayıb və tıxaca səbəb olursa, bu halda daha sərt cərimələr tətbiq oluna bilər. Ölkəmizdə hətta bunun nümunəsi də var. Avtobus dayanacağında dayanan avtomobilləri 40 manat məbləğində cərimə edirlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay