BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
34876

ABŞ-da “HESS” neft şirkətində işləyən azərbaycanlı: “Əslində, ABŞ-a hazırlıqlı gəlmişdik, amma gəldiyimiz ikinci həftə evimizə oğru girdi. Pullarımızı, qızıllarımızı, nəyimiz varsa, aparmışdılar”

Azərbaycanda işi, maddi durumu yaxşı olur. Əsas arzusu övladlarına yaxşı təhsil vermək imiş. Bir dəfə dostu Kanadaya köçəndə, ona bir yerdə getməyi təklif edir. Cavabı “yox” olsa da, illərlə beynində düşünür ki, bəlkə getsəm, daha yaxşı olardı? Elə olur ki, bir neçə il sonra həyat yoldaşı “Green card” qazanır və 46 yaşında Amerikaya köçürlər. 10 ilə yaxındır Amerikada yaşayırlar. Yəni getdilər, bəs hər şey daha yaxşı oldumu? Bu sualı da ünvanlamışıq.

Valyuta.az-ın müsahibi ABŞ-da “HESS” neft şirkətində materialların idarə edilməsi üzrə məsləhətçi vəzifəsində çalışan azərbaycanlı Cahangir Hüseynovdur.

C.Hüseynov 1967-ci ildə Bakıda anadan olub. Memarlıq və İnşaat Universitetində sənaye və mülki tikinti ixtisası üzrə təhsil alıb. Amerikaya köçənə qədər BP şirkətində çalışıb. ABŞ-da iş həyatına İKEA şirkətində başlayıb. Daha sonra OXY, BP kimi neft şirkətlərində işləyib.

- Cahangir bəy, orta məktəbdə ən yaxşı hansı fənnləri oxuyurdunuz, nəyə marağınız var idi?

- Məktəbi qızıl medalla bitirməsəm də, bütün fənləri yaxşı oxuyurdum. Qiymətlərim “5” idi, “4” alanda, pis olurdum. Riyaziyyat, fizika, kimyanı isə daha çox sevirdim, daha çox oxuyurdum. Hətta riyaziyyatı öz üsullarımla həll etdiyim də çox olurdu. Riyaziyyatla bağlı məktəbdə axırıncı imtahan idi, yenə öz üsulumla həll etmişdim. Müəllim dedi ki, sənə belə öyrətməmişəm. O biri müəllimlər dedilər ki, fərqi nədir, əsas odur həll edib. Yaxşı oxumaqla yanaşı, 6-cı sinifdən aktiv şəkildə boksla da məşğul olurdum.

“SSRİ dağıldı, işsiz-gücsüz qaldıq”

- Belə yanaşma var ki, uşaq idmana çox meyillənsə, dərslərdən fikri yayına bilir.

- Dərslərimi də oxuyurdum, boksda da uğurla davam edirdim. Azərbaycan üzrə 2-ci, SSRİ üzrə 4-cü yerə qədər çıxa bilmişdim. Oxumağa daha çox maraq göstərirdim, idmana qarşı bir az tənbəlliyim var idi. Dərslərim çox olanda, məşqlərə getmirdim və məşqçim valideynlərimə şikayətlənirdi (Gülür). İnstitutun 2-ci kursunda idmanı dayandırdım. Çünki idman çox vaxt tələb edirdi. Mən seçim etməli idim. Ya idman, ya da təhsilim. Təhsili seçdim.

- Ali təhsil üçün ixtisas seçimini özünüz etmişdiniz?

- Əslində, həkim olmaq istəyirdim. Anam da həkim idi. Eşitdim ki, valideynləri həkim olanların həkimliyə qəbulu daha çətin olur. Düzdür, rəsmi fikir deyildi, hardansa eşitmişdim və düşündüm ki, tibbdən kənar seçim edim. Kimin orta məktəb qiymətləri 5 idisə, onlar cəmi 2 imtahan verib İnşaat İnstitutuna qəbul ola bilərdi. İki imtahandan 9 bal (4 və 5) yığa bilsələr, qəbul olurdular. Sənaye və mülki tikinti ixtisasına qəbul oldum. Universitet qırmızı diplomla bitirdim.

- O vaxt institutu qırmızı diplomla bitirənlər üçün iş cəhətdən problem olmurdu...

- O vaxt belə idi ki, institutu bitirənləri dövlət hara uyğun görsə, təyinatını ora verirdi. Qırmızı diplomda isə, işləyəcəyin yeri özün seçirdin. Mən institutu bitirəndə, 1991-ci il idi. SSRİ dağıldı, hər şey qarışdı, artıq o imkan olmadı. İşsiz-gücsüz qaldıq. Bir iqtisadiyyat müəllimim var idi, məni çox istəyirdi. Məni tikintidə işləyən kürəkəninə tapşırdı, 3 il onunla işlədim. Bankların, yaşayış evlərinin və s. tikintisində işlədim. Paraleldə ingilis dilimi inkişaf etdirməyə başladım. BP Azərbaycana yeni gəldiyi illər idi, bir dostum dedi ki, BP-də işləyirəm, sən də gəl. Dedim ki, niyə də yox?

- Orada hansı işə başladınız?

- Mühafizə ilə başladım. Çünki çox vaxt BP-də yeni başlayan oğlanlar mühafizədən başlayırdılar. 2 il sonra nəqliyyat şöbəsinə keçdim. Sonra isə evlərlə məşğul olan şöbəyə keçdim və orda davam etdim. 3 ildən çox iş müqaviləsi ilə Azərbaycana gələn əcnəbiləri evlə təmin etməli idik. Evi onların istəklərinə uyğun tam təmirli, hazır vəziyyətə gətirirdik. Onlar Azərbaycana köçəndə, evləri hazır olmalı idi. Amerikadan gələn şəxs üçün orada evindəki şəraiti burada yaratmalı idik. Elə dönəm idi ki, nə internet var idi, nə də bu qədər informasiyaya əlçatanlıq. Onların nə istəyəcəyini bilmirdik. Araşdırıb öyrənə-öyrənə işləyirdim. Lazım olanı qururduq. Mən ayrılanda, 365 evə biz baxırdıq.

- Amerikaya gedənə qədər elə BP-də çalışmısınız...

- Bəli, 1995-ci ildən 2013-cü ilə qədər. 19 il işlədim.

“Gəldiyimiz ikinci həftə evimizə oğru girdi”

- Bəs Amerikaya getməyiniz necə oldu?

- Düzü, Amerikaya getmək illər uzunu arzuladığım məsələ olmayıb. 2010-cu il idi, dostum dedi ki, Kanadaya köçürəm, istəsən, bir yerdə prosesə başlayaq. Dedim ki, fikirləşərəm. 1 ay sonra “yox” dedim. Düşündüm ki, ailəmi qoyub necə gedim? Özüm orada yerləşib ailəmi aparana qədər də bir xeyli vaxt lazım olacaqdı. “Yox” desəm də, 2013-cü ilə kimi daim beynimdə bu sual keçirdi: “Bəlkə getsəm, daha yaxşı olardı”. Bakıda işim-gücüm yaxşı idi, tam razı idim. Sadəcə olaraq uşaqlarıma xaricdə, yaxşı universitetlərdə təhsil vermək istəyirdim. 2013-cü ildə yoldaşım “Green card” qazandı. Düşündüm ki, bu imkan bizə verilib, gərək dəyərləndirək. Ən azından yoxlayaq görək necə olur?

- Yəni “Necə olacaq?” fikri ilə getdiniz?

- Bir film var. Dəlilər dəlixanadan qaçmaq üçün üsul axtarırlar. Dəlixanada isə hər şey yerə bağlıdır, bunu hamısı bilirlər. Dəlilərdən biri deyir ki, gəlin bu stulu qaldırıb pəncərəyə vuraq, pəncərə sınsın, qaçaq. Ona deyirlər ki, axı stul yerə yapşıb. O, qulaq asmr, stuldan yapışıb qaldırmağa çalışır. Ondan soruşurlar ki, sən stulun yerə bağlı olduğunu bilirdin. Cavabında deyir ki, mən ən azından cəhd etdim. Mən də düşündüm ki, “Green card” udmuşuq, cəhd edim görək necə olacaq. Həmişə qayıda bilərəm.

- Azərbaycanda işiniz yaxşı idi, yəqin ki əldə maliyyə ilə getmisiniz.

- Əslində, hə, hazırlıqlı gəlmişdik, amma gəldiyimiz ikinci həftə evimizə oğru girdi. Pullarımızı, qızıllarımızı, nəyimiz varsa, aparmışdılar. Heç nə saxlamamışdılar. Noyabr ayı idi. Uşaqların isti gödəkcələrini, ayaqqabılarını, çantalarını belə oğurlamışdılar. Oğurluqdan sonra əlimizdə pul olmadı, uşaqlar “setka” ilə məktəbə gedirdilər, sonradan çanta ala bildik. Ona görə, sıfırdan başlamış kimi olduq. Yaxşı ki maşın ala bilmişdik, heç olmasa harasa gedib-gələ bilirdik. Hyustonda nə avtobus var, nə də metro. Maşının olmadısa, çörək almağa belə gedə bilmirsən.

- Bəs necə etdiniz?

- Azərbaycandakı dostlarım sağ olsunlar, mənə çox kömək etdilər. Onlar olmasaydılar, yəqin ki mən qayıdacaqdım.

- Oğrular tapılmadı?

- Həmin gün yağış yağmışdı. Əl, ayaq izləri hər yerdə idi. Polisə deyirəm ki, bəlkə izləri çəkib bu üsulla oğruları tapasınız? Yaxud qızılları aparıb sata biləcəkləri yerlərə məlumat verəsiniz və s. Dedim ki, bəs yoldaşımla 25 ildir bir-birimizə hədiyyə verirdik, o əşyalar bizim üçün önəmlidir. Mənə dedi ki, sən deyəsən, filmlərə çox baxmısan, bunlar ancaq filmlərdə olur.

“İlk 6 ay ancaq iş axtardım”

- Bu zaman iş tapmaq artıq daha zəruri hala gəlmiş olur. Getdiyinizdə 46 yaşınız var idi. İş tapmağınız necə oldu?

- İlk 6 ay ancaq iş axtardım.

- Niyə bu qədər çəkdi?

- Mən iş müsahibələrində Azərbaycanda gördüyüm işlərdən danışırdım. Elə düşünürdülər ki, nağıl danışıram, “bir adam o qədər işi edə bilməz” deyirdilər. Tək mən yox, Azərbaycanda BP-də işləyənlərin 99 faizinin gördüyü iş Amerikada nağıl kimi gəlir. Bir nəfərin bu qədər işi görməsinin real olmadığını düşünürlər. Sonra gördüm ki, Amerikada bu cür getməyəcək, strategiyamı dəyişdim. CV-dən çox şeyi çıxardım, yalnız bir istiqaməti götürdüm. İlk ay İKEA-da obyekt meneceri olaraq işə qəbul oldum.

- Hər şeyiniz oğurlanmışdı, özünüz də iş tapa bilmirdiniz. Həmin müddətdə Azərbaycana qayıtmaq haqqında düşünürdünüz?

- Hər gün o fikir ağlımdan keçirdi. Səhərlər oyananda, düşünürdüm ki, bu gün də işdə deyiləm. Səhər 8-də işlərə müraciətə başlayırdım, axşam 8-də qurtarırdım. Hətta Azərbaycandan zəng vurub dedilər ki, burda iş var, düşünmə ki qayıtsan, işin olmayacaq. Düşündüm ki, o qədər aciz deyiləm ki, bacarmayım. O qədər müddət işləmişəm, nəsə bilirəm, burda iş tapa bilərəm. Dedim ki, iş tapım, işləyim, sonra qərar verərəm ki, gedim, yoxsa yox.

- Yəni özünüzü bir növ test etdiniz...

- Bəli, təslim olacam, yoxsa bacaracam? – kimi düşündüm. Təslim olmamağı seçmişdim.

- İKEA-dan niyə tez ayrıldınız?

- Mən böyük bir biznes binasının obyekt meneceri olaraq orda işə başladım. Azərbaycanda yaşayış evləri istiqamətində işləmişdim, biznes binasında xidmətin təşkilini o qədər də bilmirdim. Ona görə, ilk ayda ancaq kitablarda və internetdə oldum. Gecə-gündüz oxuyub öyrənirdim. Bu necə işləyir, o necə işləyir və s. Sonra artıq işi öyrəndim və rahatlıqla hər şeyi həll edirdim. 6 ay sonra dedilər ki, sənə daha böyük iş həvalə edirik, Filadelfiyaya getməlisən. Atlantika sahilindəki İKEA-ların bütün obyektlərinə sən baxacaqsan. Bir də ora köçmək istəmədim. Çünki tək deyildim, ailəm var idi. Həmin vaxt Amerikada BP-də işləyən bir dostum dedi ki, bizdə yeni pozisiyalar açılıb, bura gəl. Beləliklə, BP-yə keçdim.

“70 faizinə cavab verməli idim, 92 faizini cavabladım”

- 6 il BP-də işlədiniz. Sonra niyə çıxdınız?

- Əslində, mən işlədiyim şirkətlərə sadiq olmuşam. BP-dən çıxmaq istəmirdim. Pandemiya başlayan dönəmdə - Yeni il əvvəli bizi yığıb dedilər ki, sizə təzə yerinizi göstərəcəyik, “Covid” bitəndən sonra orda işləyəcəksiniz. Hər şeyinizi götürün. Yığışandan sonra dedilər ki, bu gün axırıncı gününüzdür. Ondan sonra şirkətlərə sadiqliyim itdi. Sonra OXY adlı neft şirkətinə getdim. Bir illik bir layihə üçün işə başladım. Layihədə 127 nəfər işləyirdi. Layihə başa çatandan sonra 3 nəfəri işə götürdülər, 1-i mən idim. Sonra 2 nəfəri də ixtisara saldılar, tək mən qaldım. 2 il sonra dedilər ki, bizim şirkətimiz ayrı ölkələrdə də var, bu işi onlara da öyrətməlisən. Menecerimlə açıq idim, dedim ki, istədiyim məbləği verməsəniz, qalmayacam. Onlar düşünürdü, amma gördüm ki, vermək fikirləri yoxdur. Həmin ərəfədə başqa imkan yarandı. Bir dostum dedi ki, mənə kömək lazımdır, tək çətindir, gəl bizə. İstədiyim məbləği verdilər deyə, “HESS” şirkətinə keçdim. Eyni zamanda öz şirkətimi də qurmuşam.

- Şirkətiniz hansı istiqamətdə fəaliyyət göstərir?

- İnşaatçı olduğum üçün təmir şirkəti açdım. Tikintilərin yoxlama şirkətidir. Kim təzə ev alırsa, müraciət edir, onlar üçün o yoxlamanı edirəm. Tikintidə yoxlama fəaliyyəti ilə məşğul olmaq üçün Amerikada lisenziya almalısan. Onu almaq asan deyil. 8 ay oxudum, 42 imtahan verdim. Sonda 4 saat bağlı otaqda, 250 sualla imtahan verdim. Sualın 70 faizinə cavab verməli idim, mən 92 faizini cavabladım və lisenziyanı aldım. 4 ildir müstəqil şəxs olaraq o xidmətləri də göstərirəm. Hələ ki tək özüməm, şirkətə işçi qəbul etmək üçün, şirkətin bu iş üzrə 5 il fəaliyyəti olmalıdır.

- Amerikada yaşayandan sonra sizin üçün nə dəyişdi?

- Ayrı bir dünyaya gəldim. Hər şey fərqli idi. Çox şey öyrəndim. Axşam 9-dur, deyirsən ki, çıxım gəzim. Hər yerdə gəzə bilməzsən. Elə yerlər var ki, orda heç maşınla da dayanmamalısan. İşıqforun qırmızı işığı da olsa, tez keçib getməlisən ki, sağ-salamat gedəsən. Kimə nə deyib-deməmək, kiminlə necə rəftar etmək, öz hüquqlarını necə tələb etmək və s. fərqli idi. Üzümüzə gülənə elə bilirik ki, dostumuzdur. Elə deyil, üzünə gülüb arxanca işlər görə bilirlər. Fərqli təcrübələr görürsən.

Eyni zamanda pulu necə əziyyətlə qazandığını hiss edirsən və xərcləyəndə fikirləşirsən. Düzdür, məbləğ olaraq çox qazanırsan, amma xərc də çoxdur. Buna görə, xərcləyəndə düşünməlisən.

“Bakıda olanda Amerika, Amerikada olanda Bakı üçün darıxıram”

- Deyirlər ki, Amerikaya gənc yaşda getmək daha yaxşıdır, yuxarı yaşlarda öyrəşmək çətin olur. 46 yaşında biri üçün Amerikaya, Amerikanın iş mühitinə alışmaq çətin olmadı?

- Düz deyirlər, çətin olur (Gülür). Mənim yaşımda Amerikaya köçən cəmi 3 ailə tanıyıram. Qalan hamısı aşağı yaşlarda gələnlərdir. Gec yaşlarda gələndə, yaşlanınca ətrafın geniş olmur. Ətrafının geniş olması üçün nə qədər tez gəlsən, o qədər yaxşıdır.

İşə gəlincə, mən yaşda birini işə götürmək də asan deyil. Düşünə bilərlər ki, bu adam dəyişməyəcək. Biz ona belə deyəcəyik, təcrübəsi var, deyəcək yox, elə deyil və s. Gənclərin şansı daha çoxdur.

- Ölkə xaricinə getməklə bağlı tərəddüdünüz olub, amma sonra demisiniz ki, bəlkə getsəm, yaxşı olardı və s. İndi Amerikadasınız. “Yaxşı ki gəldim”i deyirsiniz?

- Hələ ki o suala cavab verə bilmirəm. Onu deyə bilərəm ki, ürəyimdə nə arzum var idisə, onlar yerinə yetib. Uşaqlara yaxşı təhsil vermişəm, onlara yol açmışam, öz sahələrində yaxşı mütəxəssis olublar. Onlar üçün rahatam. Özüm rahat deyiləm, çünki dostlarımdan, ailədən uzağam. Mayın 21-i anam rəhmətə getmişdi, mən çatana qədər 2 gün keçdi. Mənə gecə dedilər, həmin gün bilet tapdım. Yenə də ölkələrimiz arasındakı 10 saatlıq fərq və 24 saatlıq uçuşla 2 gündən tez çata bilmirsən. Bu cəhətdən narahatam.

Düzdür, Mən Bakıda yaşayıb da uşaqlarıma xaricdə təhsil verə bilərdim. Düşünürdüm ki, onların yanında olmalı, bu illəri onlarla bir yerdə keçməliyəm. Xoşbəxt adamam ki, bunu reallaşdıra bildim. Ümumiləşdirsəm, Bakıda olanda Amerika, Amerikada olanda Bakı üçün darıxıram (Gülür).

- Günləriniz maraqlı keçir?

- Səhər 05:40-da dururam, 07:00-da işdə oluram. Mən işə gələn ilk şəxs olmuram. 06:00-da, 06:30-da gələnlər olur. İş, sonra ev, gündəlik qayğılar. Ümumilikdə Amerika maraqlı ölkədir. Ən çox parklarını sevirəm. Çadır qurub kamp etmək üçün imkanlar çox genişdir. Bu barədə çox iş görülüb. Bizim azərbaycanlı qrup var, 4 nəfərik. Hər il 3-4 günlük harasa gedirik. Ayaqla dağa gedirik, ya meşədə gəzirik. Məşğuliyyət yerləri çoxdur. Marağın nəyə varsa, onu tapa bilərsən. Ağlına gələn, gəlməyən çox şeylər var. Uşaqlıqda nə xəyal etmisənsə, onu da tapa bilirsən. O mənada buranı çox sevirəm.

Aygün Asimqızı // VALYUTA.AZ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin