Təyyarədə telefonumuzun rejimini niyə dəyişirik?
Təyyarə səyahəti zamanı ağıllı telefonları uçuş rejiminə keçirmək artıq hər kəsin yaxşı bildiyi bir qaydadır. Lakin bunun nə üçün vacib olduğu barədə əksər hallarda tam məlumat verilmir.
Təyyarə səyahətləri zamanı eniş və qalxışdan əvvəl heyət üzvləri telefonlarınızı uçuş rejiminə keçirmənizi və varsa digər texnoloji cihazlarınızı söndürməyinizi xahiş edir.
Bəs təyyarədə telefonlarımızı niyə uçuş rejiminə keçirməliyik və keçirməsək nə baş verər?
Valyuta.az xəbər verir ki, “TikTok”da paylaşım edən bir pilot, bu adi tətbiqin arxasında duran səbəbləri açıqlayıb.
Pilot telefonların uçuş rejiminə keçirilməməsinin təyyarənin təhlükəsizlik sistemlərinə birbaşa təsir etmədiyini, lakin rabitə cihazlarında müdaxilələrə səbəb ola biləcəyini qeyd edib.
Xüsusən pilotların qulaqcıqlar vasitəsilə yer nəzarət qüllələri ilə ünsiyyət qurduğu zaman yaranan bu müdaxilələr, təlimatların alınmasını çətinləşdirə bilər.
Pilot, təyyarənin bu səbəbdən düşməyəcəyini, lakin rabitə sistemlərində yaranan narahat edici səs-küyün diqqəti yayındıra biləcəyini bildirib. Bu vəziyyətin, xüsusən qalxış və eniş kimi həssas proseslərdə ciddi bir problem yarada biləcəyini vurğulayıb.
Pilot uçuşların birində başına gələn hadisəni belə nəql edib:
"Naviqasiya təlimatlarını almağa başladığımız zaman qulaqcıqda narahatedici bir uğultu səsi eşidildi. Təlimatları anlamağa çalışarkən bu, kifayət qədər diqqət yayındırıcı ola bilər."
Mütəxəssislər bildirirlər ki, telefonlar havada bağlantı axtarmağa davam edir və bu prosesdə elektromaqnit müdaxiləsi yaradır.
Böyük Britaniya Uçuş Təhlükəsizliyi Komitəsinin sədri Dai Whittingham, bu vəziyyətin tarixi baxımdan vacib olduğunu vurğulayaraq, deyib ki, telefonların təyyarələrin avtomatik uçuş idarəetmə sistemlərinə müdaxilə riski çox azdır, lakin cihazların uçuş rejiminə keçirilməsi tövsiyə olunur.
5G texnologiyasının aviasiya sektoru üzərindəki təsiri də diqqət çəkir. Bu texnologiya bəzi hava limanlarındakı naviqasiya sistemləri ilə müdaxilə riski yaradır. Federal Rabitə Komissiyası və Federal Aviasiya Administrasiyası bu səbəbdən təyyarələrdə mobil telefonlardan istifadəyə hələ də icazə vermir.
Pilot Uçuş Rejiminin aktiv edilməsinin sadə bir tədbir olduğunu vurğulayaraq, "Müdaxilə ehtimalı azdır, amma riski minimuma endirmək üçün bu qaydaya riayət etmək lazımdır," deyib. Sərnişinlərə Uçuş Rejimini aktivləşdirərək bu cür problemlərin qarşısını almağa çağırış edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay