Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı
11 dekabr 2024-cü ildə Türkiyənin "Kapital Bazarı Şurası" ("SPK") kriptovalyuta birjası "MEXC"yə ölkə daxilində girişin qadağan olunması ilə bağlı qərar qəbul edib.
Valyuta.Az xəbər verir ki, bu qərarın Türkiyədə fəaliyyət göstərən kriptovalyuta platformalarının yerli nümayəndə təyin etməsi və tələb olunan lisenziyaları alması tələbinə əməl edilməməsi səbəbindən alındığı bildirilir.
"SPK", lisenziyasız fəaliyyət göstərən platformaların fərdi investorlar üçün yaratdığı riskləri azaltmaq məqsədilə tədbirlər görməyə davam edir. Xüsusilə xarici mənşəli platformaların yüksək riskli maliyyə əməliyyatları təqdim etməsi Türkiyədəki investorlar üçün əlavə təhlükə yaradır. Buna görə də bu platformaların girişinin məhdudlaşdırılması, tənzimləyici qurum üçün prioritetdir. Bu qərarın digər kriptovalyuta birjalarına da xəbərdarlıq mesajı olduğu vurğulanır.
"MEXC"dən açıqlama
"MEXC Global" giriş məhdudiyyəti ilə bağlı istifadəçilərinə məlumat verərək bunun texniki bir problem olduğunu qeyd edib. Şirkət, istifadəçi aktivlərinin təhlükəsiz olduğunu və əməliyyatların mobil tətbiq və alternativ bağlantılar vasitəsilə davam etdiriləcəyini açıqlayıb. "MEXC", istifadəçiləri səbrli olmağa çağırıb və texniki heyətin problemi aradan qaldırmaq üçün çalışdığını bildirib.
Bununla yanaşı, Türkiyədəki bəzi istifadəçilər VPN və ya fərqli internet provayderlər vasitəsilə platformaya daxil olmağa davam edir. Lakin, giriş məhdudiyyətinin bütün provayderləri əhatə edəcək şəkildə genişləndirilməsi gözlənilir. Şimali Kipr Türk Cümhuriyyətindəki istifadəçilərin isə heç bir giriş problemi yaşamadığı vurğulanıb.
Türkiyədə fəaliyyət göstərən digər kriptovalyuta platformalarının da oxşar şəkildə yoxlanılması və qanunvericiliyə əməl etməyənlərin cərimələrə məruz qalması gözlənilir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay