Avropada yeddi süni intellekt fabriki qurulacaq - "Bloomberg"
Avropada superkompüter texnologiyaları və tətbiqlərini inkişaf etdirməyi hədəfləyən, Lüksemburqda yerləşən "Avropa Yüksək Performanslı Hesablama Ortaklığı Təşəbbüsü" ("Euro HPC") "AB"də innovasiyanı artırmaq məqsədilə yeddi konsorsiumun süni intellekt fabrikləri quracağını elan edib.
Valyuta.Az-ın məlumatına əsasən, açıqlamada bildirilib ki, "Euro HPC gələn il Avropa üzrə fəaliyyət göstərəcək ilk süni intellekt fabriklərinə ev sahibliyi edəcək mərkəzləri seçib. Bu fabriklər Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, İspaniya və İsveçdə yerləşəcək".
Layihənin məqsədi Avropada süni intellekt modellərini təkmilləşdirmək və bu sahədə həllər inkişaf etdirmək üçün ekosistem yaratmaqdır.
Açıqlamada qeyd olunub ki, "ilk süni intellekt fabrikləri milli və "AB" fondlarını birləşdirən 1,5 milyard avroluq investisiyanı təmsil edəcək". İnvestisiyanın yarısının "AB"nin "Rəqəmsal Avropa" və "Horizon Europe" proqramları vasitəsilə maliyyələşdiriləcəyi vurğulanıb.
Bu fabriklərin Avropanın qabaqcıl tədqiqat və texnologiya mərkəzlərində yerləşəcəyi bildirilib.
Fabriklərin İspaniyada Barselona Superkompüter Mərkəzi ("BSC AIF"), İtaliyada Bolonya Tecnopolo ("IT4LIA"), Finlandiyada Kajaani CSC ("LUMI AIF"), Lüksemburqda LuxProvide ("Meluxina-AI"), İsveçdə Linköping Universiteti ("MIMER"), Almaniyada Ştutqart Universiteti ("HammerHAI") və Yunanıstanda Afina GRNET ("Pharos") tərəfindən idarə olunacağı qeyd edilib.
Bu yeddi süni intellekt fabrikinin "Euro HPC" təşəbbüsünə üzv olan 15 AB ölkəsini və 2 iştirakçı ölkəni əhatə etdiyi bildirilib.
Fabriklərin Avropanın süni intellekt sahəsində potensialını artıracağı vurğulanıb. Onların 2025-2026-cı illər ərzində istifadəyə veriləcəyi qeyd olunub.
Məlumatda Türkiyə, Portuqaliya və Rumıniyanın Barselonadakı "BSC AIF" layihəsinə qoşulduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, Türkiyə 2019-cu ildə "Euro HPC" təşəbbüsünə qoşulub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay